Şuşa yaxınlığında hərbçilərin düşdüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Qaanrinfo-nun məlumatına görə, Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olan məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib:
"İzahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib".
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Qeyd edək ki, yanvarın 12-də Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobilin qəzaya düşməsi nəticəsində hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb.
Şərhlər