Hərbi ekspert:

Hərbi ekspert: "Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib"

"Azərbaycan Ordusu silahlanma siyasətini diversifikasiya edilmiş şəkildə aparır. Həm Rusiya və keçmiş SSRİ-nin əsas silah istehsalçıları olan Ukrayna və Belarusdan, həm Mərkəzi və Cənub Şərqi Avropa dövlətlərindən, həm də İsrail, Türkiyə və Pakistan kimi inkişaf etmiş müdafiə sənayesinə malik ölkələrdən silah sistemləri, müdafiə təyinatlı avadanlıq əldə edilir”.

Bunu "Report"a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

O qeyd edib ki, son 15 ildə təkcə İsrail və Rusiyadan üst-üstə 8 milyard ABŞ dolları məbləğindən çox silahlar alınıb. R.Süleymanov vurğulayıb ki, bura hava hücumundan müdafiə kompleksləri, artilleriya sistemləri, aviasiya vasitələri, zirehli maşınlar (tanklar, PDM və ZTR-lər, mühəndis texnikası), gəmilər, C4ISR sistemləri və s. daxildir: "Satınalmalarda son illər əsas yeri Rusiya tutub. Ötən 4 il ərzində Çexiya, İspaniya, Bolqarıstan, Slovakiya, İtaliya, Fransa və bir sıra Avropa dövlətləri Azərbaycana tətbiq edilən silah satışı embarqolarını ya tamamilə aradan qaldırıb, ya da yumşaldaraq müəyyən məhsulların satışını həyata keçiriblər. Hazırda adıçəkilən dövlətlərin hərbi sənaye kompleksinə daxil olan şirkətlərlə imzalanmış müqavilələrin icrası davam edir”.
 


Ekspert bildirib ki, silahlanmaya ayırılan vəsaitin və satınalmaların həcminə görə, Azərbaycan postsovet və Cənub Şərqi Avropa regionunda ilk yerdə dayanır. Müdafiə Nazirliyinin rəsmi şəxslərinin açıqlamalarına əsasən, ordunun silah və texnika parkı 80% yenilənib: "Silahlanma üç istiqamətdə davam edir:

- Xaricdən satınalmalar (hələ ki əsas ağırlıq)

- Köhnəlmiş silah və texnikaların modernləşmə proqramları

- Yerli istehsal.

Əsas modernləşmə proqramları Türkiyə, Belarus və İsrail şirkətlərinin cəlbi ilə yerli dövlət və özəl şirkətlər tərəfindən aparılır”.
 


Onun sözlərinə görə, 2018 və 2019-cu illərdə əvvəlki illərdə imzalanmış müqavilələr üzrə yeni silah və texnikaların Azərbaycan Ordusuna çatdırılması davam edib: "Silah və texnikalar ordunun cari və uzunmüddətli ehtiyacları öyrənilərək alınır və hər il haradasa yeni silah çıxıbsa, onun alınması barədə düşüncələr doğru deyil. Dəyişən hərbi və təhlükəsizlik təhdidləri ilə əlaqədar silahlanmaya təkrar baxılır, bu təhdidləri aradan qaldırmağa imkan verən yeni sistemlər incələnir, ehtiyaclardan asılı olaraq qərarlar qəbul edilir. Ötən illərdə Müdafiə Nazirliyi və DSX-nin nümayişlərindən göründüyü qədər diqqət daha çox radioelektron mübarizə sistemlərinin, kamikadze PUA-ların, radar sistemlərinin alınmasına yönəldilib”.

R.Süleymanov hesab edir ki, Azərbaycan Ordusu arsenalında olan silahlara görə dünyanın qabaqcıl oduları ilə müqayisə oluna bilər: "Onu xüsusilə vurğulamaq istərdim ki, bu gün Azərbaycan Ordusunda mövcud olan kəşfiyyat və zərbə PUA-ları regionda Rusiya daxil olmaqla, heç bir dövlətin silahlanmasında yoxdur. Eləcə də hava hücumundan müdafiə sistemlərini, artilleriya vasitələrini misal göstərmək olar”.
XƏBƏRLƏR
BLOGLAR