Karl Kahler heyvan, xüsusilə pişik rəsmləri çəkməklə şöhrət qazanmış avstriyalı rəssamdır.
1856-cı ildə Avstriyanın Linz şəhərində doğulmuş rəssam Münhen İncəsənət Akademiyasında təhsil alıb. Həyatının müəyyən dövrlərini Münhen, Vyana, Parisdə keçirən Karl Kahler 1885-ci ildə Avstraliyaya köçüb, 1890-ci ildən etibarən isə ABŞ-da yaşamağa başlayıb və burada ən məşhur əsərini yaradıb.
"HƏYAT YOLDAŞIMIN SEVGİLİLƏRİ"
Karl Kahler 1891-ci ildə yaratdığı "Həyat yoldaşımın sevgililəri" rəsmi ilə dünya şöhrəti qazanıb. Əsər 3 noyabr 2015-ci ildə 826 min dollara satılıb. Rəsm əsərində 42 pişik təsvir edilib. "Həyat yoldaşımın sevgililəri" San Fransisko milyonçusu Keyt Bördsall Conson tərəfindən sifariş edilib və o, rəssama əsər qarşılığında 5 min dollar ödəyib. Həyatında pişikləri rəsmə köçürməmiş Karl Kahler əsəri tamamlamaq üçün 3 il xərcləyərək bu canlıların bədən dilini, onların xarakterini öyrənib. Nəticədə, ortaya mərkəzində Consonun Sultan adlı sevimli pişiyi və onun ətrafında 41 pişiyin dayandığı rəsm əsəri ortaya çıxıb.
Pişiklərə xüsusi sevgisi ilə tanınan Conson 350 pişiyə sahib idi və bu canlıların baxımı üçün o dövrdə fantastik məbləğ hesab edilən 500 min dollar vəsiyyət etmişdi.
Karl Kahler 1906-cı ildə 3 min insanın həlak olduğu San Fransisko zəlzələsinin qurbanlarından biri olub. Müəllifi olduğu əsər isə 1894-cü ildə Örnest Haket adlı şəxsə satılıb və daha da məşhurlaşmağa başlayıb. "Həyat yoldaşımın sevgililəri"nin son sahibinin adı ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, 1949-cu ildə "Cat Magazine" "Həyat yoldaşımın sevgililəri"ni "Dünyanın ən yaxşı pişik rəsmi" adına layiq görüb.
Gülşən Mehdiyeva
Şərhlər