Almaniyada nasizm üzrə əsas təhlilçilərdən sayılan jurnalist Sebastyan Haffnerin daha əvvəl naməlum qalan yeni romanı nəşr olunub və satışının ilk ayında bestsellerə çevrilib.
Qaynarinfo xəbər verir ki, "The Guardian"ın məlumatına görə, yazıçının ailə üzvləri əsərin əlyazmasını onun stolunda taparaq çap etdirməyə qərar veriblər.
181 səhifəlik "Vida" adlı roman iki qəhrəman arasında sevgi hekayəsindən bəhs edir. Əsərin fonunu 1918–1933-cü illər arasında Almaniyada mövcud olmuş Veymar Respublikası dövrü təşkil edir. Bu dövr I Dünya müharibəsindəki məğlubiyyətdən sonrakı və Adolf Hitlerin hakimiyyətə gəlməsindən əvvəlki mərhələni əhatə edir. Roman 1932-ci ildə – nasizmin qurulmasından cəmi bir neçə ay əvvəl yazılıb. Əsərin süjeti, ehtimal ki, yazıçının yəhudi qıza olan məhəbbəti və onların ayrılmaq məcburiyyətində qalması ilə bağlı şəxsi həyatına əsaslanır.
Haffner nasizmdən qaçaraq 1938-ci ildə nişanlısı ilə birlikdə Almaniyanı tərk edib. Onlar Londona köçüblər və Haffner burada jurnalist fəaliyyətini davam etdirib. Almaniyada qalan ailəsini qorumaq üçün o, adını dəyişdirərək Raymund Pretzeldən Sebastyan Haffnerə çevirmişdi və məhz bu adla tanınıb.
"The Guardian" yazır ki, onun ədəbi yaradıcılığı Britaniyanın baş naziri Uinston Çörçillin yüksək qiymətini qazanıb. Çörçill Haffnerin debüt əsəri olan "Almaniya: Cekill və Hayd" romanını kabinet üzvlərinə oxumağı tövsiyə edib ki, nasizmin təhlükəsini dərindən dərk etsinlər.
Sebastyan Haffner Observer və "Stern" kimi nüfuzlu nəşrlər üçün yazdığı məqalələrdə nasizmi geniş təhlil etdiyindən onun nasizm üzrə başlıca analitiklərdən biri hesab olunur. Tapılan əlyazmanın nəşri ilə bağlı ailə üzvləri əvvəlcə tərəddüd edib. Yazıçının oğlu, Londonlu riyaziyyat professoru 86 yaşlı Oliver Pretzel bildirib ki, əvvəlcə bu əsərin əhəmiyyətli olmadığını düşünərək çapını istəməyib. Lakin sonradan romanın yaradıcı dəyərini etiraf edib.
"The Guardian" qeyd edir ki, alman tənqidçilər romanı yüksək qiymətləndirərək "ədəbi tapıntı" adlandırıblar. Tənqidçi Folker Vaydermann ailənin narahatlığının əsassız olduğunu bildirərək, əsərin yazıçının yaradıcılığına dəyərli bir əlavə olduğunu vurğulayıb.
Hazırda roman yalnız alman dilində nəşr olunub. Yaxın vaxtlarda Oliver Pretzelin tərcüməsində ingilis versiyası da gözlənilir.
Aydın
Şərhlər