İbrahim Tığ Türkiyənin Devrək mahalının Bakırçılar kəndində anadan olub. Dəclə Universitetinin memarlıq fakültəsini bitirib.
Şeirləri 1986-cı ildən çap olunmağa başlayıb.
1994-cü ildə Devrəkdə "Daily Region News” qəzetini təsis edib. Hazırda da bu qəzetin sahibi və baş redaktorudur. Türkiyə və Beynəlxalq Yazarlar Birliyi (PEN), Beynəlxalq Jurnalistlər Federasiyası (FIJ) və Türkiyə Jurnalistlər Cəmiyyətinin (TGC) üzvüdür.
2004-cü ilin dekabrından bəri 19 il ərzində Devrəkdə "Şəhər Ədəbiyyatı Jurnalı”nı nəşr edir. (138 nömrəsi nəşr edilib.)
1994-2019-cu illər arasında nəşr edilmiş 14 kitabın müəllifidir.
Yuqoslaviya "Tan” qəzeti Şeirə Dəstək Mükafatı, Raşit Kara Məsih Mükafatı,
Kamal Özer münsiflər heyətinin Xüsusi Mükafatı, Pusula Sahaf Kitab Dükanı Əmək Mükafatı kimi ödüllər qazanıb.
Hazırda Devrək Rüştü Onur İncəsənət və Mədəniyyət Dərnəyinin (ROSAK) prezidentidir. Evlidir, 2 övladı var.
Oğurluq mal
Baqi bəy Almaniyadan deportasiya olunandan sonra ölkəsinə qayıdıb kəndində yaşamağa başladı. Bekar qala bilmirdi, mütləq nəyləsə məşğul olardı. Həyat yoldaşı Həcərin də razılığını alıb qoyun almağa qərar verdi.
Kənddə bu işinəyarayacaq ataqalma geniş bir tarlası da vardı. Həyat yoldaşı Həcərlə baş-başa verib bu qoyun işini əməlli-başlı götür-qoy etdilər. Götür-qoy etməliydilər də. Yoxsa kənd yerində nəylə dolanacaqdılar?
- Bax, xanım, 400 qoyun alacağıq, hələlik bu qədər bəsdi. Çöldə gözəl bir ağıl tikəcək, bir də bir bunun üçün bir çoban tutacağıq. Sonra gül kimi dolanışğımız olacaq, - Baqi bəy dedi.
Həcər:
- Çoban məsələsində başqasına ehtiyac yoxdu. Qardaşımın oğlu onsuz da işsizdir. Onu özümüzlə apararıq, sürünü otarar - həm o qazanar, həm biz, -dedi.
Həcərin fikrini başıyla təsdiqləyən Baqi bəy:
- Yaxşı fikirdi, arvad. Ona ağıla bitişik bir daxma da qaralarıq, orda qalar.
400 qoyunu Gerədədən kəndə 3 yük maşınıyla daşıdılar. Baqi bəy qoyunların 200-nün pulunu bəribaşdan, qalanını isə kredit götürüb ödəyəcəkdi.
Rayon kənd təsərrüfatı idarəsindən bir neçə nəfər gəlib 400 qoyunun qulağına sırğalarvurdu. Baqi bəy gələcəkdə dövlətin verəcəyi köməklərdən də istifadə edəcəyini düşünürdü. Bir neçə ay əvvəl katib Əhməddən maldarlıqla məşğul olanlara və ya məşğul olmaq istəyənlərə dövlətin dəstək verdiyini öyrənmişdi.
Payız özünü əməlli-başlı göstərməyə başladı. Artıq qar belə qarşı dağların zirvələrinə özünü yetirməyə macal tapmışdı.
- Davaların quyruqları daim hərəkətdədir. Heç yerində durmurlar. Belə başa düşürəm ki, qoyunun cütləşmə vaxtı gəlib, - arvadı Həcərə deyib əlavə elədi:
- Çağır o qardaşın oğlunu da, bir danışaq. Vaxtdır, təkə və qoçları da sürüyə qatsın.
Günəşli bir bazar günüydü. Günəşin həniri yox, xəfif meh əsirdi. Baqi bəy ağıla gəlib qoyunları gözdən keçirdi, yeminə-suyuna baxdı. Ağılın ətrafını süzdü. Daxmanın qabağında biri uzanmış, biri ayaq üstə olan Çomar və Ağbaş adlı itləriylə salamlaşdı, onlarla oynaşdı.
Sonra da kuzovlu pikapına minib getdi Baqi bəy.
Subaşıya çatanda saat 9 olmuşdu. Subaşı Ərəylinin böyük kəndlərindən biridi. Bazar günləri burada mal bazarı qurulardı. Baqi bəy heç bir məqsədi olmadan, eləsinə yolunu saldığı bazarda nəsə ala bilərdi.
Pikapını qəbiristanlığın qabağına sürdü. Qənşərdəki kafedə bir şorba içmək istədi. Elə bu vaxt, gecəni burada qaldığı açıq-aydın görünən saç-saqqalı qarışmış bir gənc oğlan yaxınlaşdı:
- Qardaş, mənimçün də bir çaxır al, - dedi.
- Yaxşı, amma gəl hələ bir şorba iç.
- Yox, abi, mən şorba-morba istəmirəm, sən mənə bir çaxır al.
Baqi bəy kafenin kassasında oturan adamı səslədi:
- Sən buna ordan bir çaxırın pulunu ver, mən çıxanda ödərəm.
Adam seyfdən oğlana 10 lirə verdi.
Oğlan üzbəüzdəki ərzaq mağazasından bir şüşə şərab alıb içməyə başladı. Şərabından bir-iki udum aldı, yavaşca bir skamyada oturdu, üzünü kafeyə sarı çevirib, onunçün şərab alan Baqi bəyə baxdı.
Baqi bəy həm şorbanın, həm də çaxırın pulunu ödəyib kafedən çıxdı. Oğlan yenidən yanına yaxınlaşdı:
- Abi, mənə bir qutu siqaret də al, - dedi.
- Ayə, səni Allah hardan mənə ürcah elədi axı, açıl başımdan görüm!
- Qardaş, bir qutu siqaret…
- Yaxşı, maşınımda bir qutu "Marlboro eksport” olmalıdır, xaricdən gəlib, mən eksport çəkmirəm, gedək onu verim sənə.
Oğlan siqareti alıb sevincək Baqi bəydən aralandı. Gedib yenə üzbəüzdəki skamyada oturdu.
Baqi bəy də bir az aralıdakı qəhvəxananın qarşısındakı masada oturdu, çay sifariş verdi, siqaret yandırdı.
Baqi bəy maşınına tərəf getdiyini görən oğlan canhövllü onun yanına gəldi.
- Qardaş, sənə nə lazımdı? Qaçaqmal tüfəng, yoxsa tapança? Bəlkə oğurluq heyvan?
- Adam, açıl başımdan! Allah-Allah… Allah nə murdar şey varsa, ağılsızların yoluna çıxarar, burda deyiblər. A kişi, sabah-sabah hardan çıxdın sən?
- Qardaş, sən təki istə, işin yoxdu!
- Ayə, mən qoyun alıram, qoyun satıram…
- Qardaş, bax, biri var, satlıq 22 quzusu-çəpişi var. İstəsən səninçün alarıq…
- Hardadı, kim satır?
- Şamlarda, Tüksüz Həsən dayıda, istəyirsənsə, səni aparım onun yanına?
- Onda min gedək. Ən azı baxaq da. Alıb-almamaq da öz işimizdi. Uyğun olsa, alarıq.
Çala-çuxur, dağılmış, kol-kos arası dar yollardan keçə-keçə Şamlara çatdılar. Pikapdan birinci cavan oğlan düşdü. Həyəti plitələrlə döşənmiş evə tərəf yeyin addımlaya-addımlaya cavan oğlan:
- Həsən dayıııııı… Ay Həsən dayı, - deyə səslədi.
İki mərtəbəli taxta evin pəncərəsindən Tüksüz Həsənin səsi gəldi:
- Düşüb gəlirəm.
- Salam-əleyküm, Həsən dayı.
- Əleyküm-salam, xoş gəlibsən! Eşidirəm, bəy!
- Həsən ağa, səndə satlıq quzu, çəpiş varmış.
- Həə, elədi, var, alansanmı?
- Həm alanam, həm satan… Bir görək deyirəm sənin bu quzunu, çəpişini, nə deyirsən?
- Olar, gedək, bəy! Gəl, hələ evin altındadırlar…
Baqi bəy çəpiş və quzuların çəlimsiz, baxımsız olduğunu görəndə çaşdı. İçlərindən 3-4 dənəsi bir az babatdı, Baqi bəyin alış-verişini tamamlaya bilərdi. Bu dağ kəndinə gəlməyinə dəyərmiş.
- Dayı, bunları neçəyə deyirsən?
- Vallah, burda 22 baş var. Hamısına bir yerdə 2 min 200 lirə…
- Çox istəmirsən ki, dayı?
- Nəyi çoxdu?
- Dayı, bax, bunların içində cəmi 3-4 başı yaxşıdı, qalanından danışmağa dəyməz!
- Yaxşı, sən nə verərsən?
- Min iki yüz.
- Yox, qətiyyən olmaz…
- Olu, dayı… Olu…
Cavan oğlan söhbətə qoşuldu:
- Həsən dayı, bu yaxın qardaşdı, yaxşı adamdı. Verək bu kişiyə davarları, getsin. Nə sən deyən olsun, nə o deyən.
- Axır qiymətini de, Həsən dayı? – Baqi bəy soruşdu.
- Sən nə verirsən?
- Vallah, mən axır yeri min üç yüz əlli verərəm. Sənə sərf etsə də, etməsə də, mənim verə biləcəyim bu qədərdi. Razı deyilsənsə, mən çıxıb gedim.
- Yaxşı, onda ver əlini.
Baqi bəylə Həsən dayı sövdələşib, əl sıxışdılar. Baqi bəy pulu sayıb Həsən dayıya verdi. Sonra da oğlanın köməyiylə heyvanları pikapa yüklədilər.
Subaşına gedib oğlanı orda qoyacaq, sonra kəndə qayıdıb qoyunları ağıla buraxacaqdı. Söhbətləşə-söhbətləşə Subaşına çatdılar. Elə ayrılırdılar ki:
- Qardaş, mən çox acam, üç-beş lirə versəydin, qarnımı doyuzdurardım.
Baqi bəy oğlanın ovcuna 20 lirə basdı, o da "Görüşərik, qardaş”, - deyib, maşından düşdü.
Baqi bəy bu alverin yaxşı olub-olmadığının hayında deyildi. İçindən 3-4 başını salamat saxlaya bilsə, ziyana düşmüş sayılmazdı. "Hər halda 22 başdan bir neçəsini salamat saxlaya bilərik”, - deyə fikirləşdi.
Ağıla çatanda arvadı Həcər ağılın qapısında durmuşdu. Həcər nəsə soruşmamış Baqi bəy özü dilləndi:
- Arvad, bu gün Subaşına getmişdim. Eləcə gəzib-doilaşmaq üçün. Amma nəsibimizdə varmış, çəpişdən-quzudan alıb gətirdim.
- Yaxşı eləyibsən, kişi. Qulluq eləyib böyüdərik.
- Ay arvad, sən get əldamına, orada qırmızı boya qutusu var, onu gətir mənə. Təzə aldığımız heyvanların alnına qırmızı boyayla işarə vuraq. Nə bilirsən sabah nə olacaq!
Ərinin bir dediyini iki etməyən Həcər xanım bir göz qırpımında boyanı götürüb gəldi. Pikabın arxa qapağını açdılar. Baqi bəy heyvanların alnına bir-bir fırçasıyla "x” işarəsi vurdu, Həcər də onları ağıla buraxdı. İşarələmə başa çatandan sonra sürüyə qoşulan təzə heyvanlardan ikisini çıxmaqla hamısı ağıldakı qoyun və keçiləri əmməyə başladı.
Baqi bəylə arvadı heyrət içində heyvanlara baxmağa başladı. Bir dəfə rayon təsərrüfat idarəsində veterinar Şabanın dediyi sözləri xatırladı:
- Heç bir qoyun, heç bir keçi öz balasından başqasına döş verməz, təkcə öz balası ölən bir heyvanın əmcəkləri şişərsə, sancı çəkərsə, onda bir başqa balanın onu əmməsinə imkan verər.
Həcər də illər qabaq babasının dediyi sözləri yada saldı: "Bir gic, bir də çəlimsiz çəpiş, quzu tünlükdə anasını tapa bilməz”.
Bu işdə bir qəribəlik vardı! Baqi bəy bunu hiss edir, amna nə olduğunu başa düşməyə çalışırdı.
- Ay arvad, gəl biz bu təzə gələn heyvanları sürüdən bir də ayıraq. Sonra təzədən ağıla salaq, görək nə olur. Görək yenə də əmdikləri heyvanları tapa biləcəklərmi?
Ər-arvad ərinmədən heyvanları bir-bir ayırdılar. Ayırdıqları quzunu-çəpişi ağılın sağ tərəfindəki boşluğa çəkdilər.
Bir qədər sonra:
- Həcər, ay arvad, hə, indi aç o qapını.
Həcər bir anda o bölümün cəftəli qapısını açdı. Bu dəfə də heyvanların hamısının qarışıqlıq içində analarını atpdıqlarını, tapan kimi də əmməyə başladıqlarını görən Baqi məsələni başa düşüb kədərlə gülümsədi.
Üzünü ağılda sürünün içində olan Həcərə tutdu:
- Ay arvad, yuxarı mərtəbəyə çıx, alt tərəfdəki otağda ceviz sandığını aç. İçində qalın bir dəftər var. Onu götür, gəl.
- Yaxşı, kişi, yaxşı…
Həcər dəftəri götürüb ərinin yanına gədli.
- Bax, arvad, bu dəftərdə bizim heyvanların hamısının sırğa nömrələri yazılıb. Haçan doğulub-doğulmadıqları... Yəqin çoban da bunların hamısını qeyd eləyib… İndi növbəylə təzə gətirdiyimiz çəpişlərin, quzuların əmdikləri qoyunların, keçilərin nömrələrinə baxacağıq. Ona görə də tələsmədən, yavaş-yavaş görəcəyik bu işi, - Baqi bəy dedi.
Həcər buynuzundan tutduğu keçini çəkib qapının ağzına gətirdi.
Baqi bəy keçinin qulağındakı sırğanın nömrəsinə baxdı:
- TR411387145 yazılıb. Çoban da dəftərdə bunun qabağına "Filan tarixdə balalayıb” deyə yazıb. Ancaq təzə gətirdiyimiz bala anasını əmib.
Başqa bir keçinin sırğa nömrəsinə baxdı:
- TR433388547. Dəftərdə bunun qabağına çoban yazıb ki, filan tarixdə doğub, ancaq ölü doğub.
Bir qoyunun sırğasındakı nömrəni oxudu:
- TR433586658. Dəftərdə isə çoban qabağına bunu qeyd eləyib: "Bu tarixdə doğub, amma balasını canavar aparıb”.
Başqa bir qoyunun nömrəsinə baxdı:
- TR482690554 yazılıb. Çobanın dəftərdə yazdığına görə: "Filan vaxt doğub, amma balası uçuruma düşüb ölüb”.
Baqi bəy qəribəliyi hiss etmişdi. İşi dolaşığa salan - heyvanlar doğmuşdu, balaları başqa yerə aparılıb satılmış, amma dəftərə "öldü, bala atdı, uçurumdan düşüb öldü” kimi yalan-palan səbəblər yazılmış olmasıydı.
Yəni Baqi bəy əslində özünün olan körpə heyvanları pul verib geri almışdı. Ona bunu necə edə bilmişdilər? Üstəlik də yaxın qohumları... Baqi bəyə fırıldaq gəlmək olardımı, ta Avropanı gəzib-görmüş, başına gəlməyən qalmamış biri bu işi belə qoyardımı?
- Həcər, - arvadını səslədi. Həcər göz qırpımında yanına gəldi. Ağılın qabağında qarağacdan düzəldilmiş oturacaqda oturdular. - Həcər, sən qardaşını, qardaşın arvadını, bir də oğullarını, yəni çoban bacın oğlunu çağıracaqsan. Deyəcəksən ki, yeznəniz sizi çağırır, səkkiz baş heyvan kəsilib başqa yerə aparılacaq, siz də gəlin, yeznənizə kömək edin!
Həcər ərinin dediklərini etməyə başladı. Telefonu götürüb birinci qardaşının evinə zəng vurdu. Telefona baldızı cavab verdi. Ona ərinin dediklərini bir-bir çatdırandan sonra sabah axşam onları gözləyəcəklərini dedi.
Baqi bəy bu hadisədən sonra çox əsəbiləşmişdi, hardasa özünü ələ ala bilməyəcək vəziyyətdəydi. Bu, necə ola bilərdi? Çörək verdiyi adamlar ona necə nankorluq edə bilərdi? Yox, bunun hayıfını son qətrəsinəcən almalıydı.
Özüyçün bir yekə çomaq düzəltdi. Zoğal ağacındandı.
Qabaqda qaynı, arxasınca qaynı arvadı Fatma, onun da arxasınca çoban Əli gəldilər. Ağıla bitişmiş çoban daxmasının qabağında qoyulmuş masanın başında oturdular. Baqi bəy onlara "xoş gəldin” belə eləmədi. Masanın üstündə zoğal çomağı, qalın dəftər, bir də yekə qrafin vardı. Həcər sakitcənə oturub ağzına su almışdı.
Baqi bəy dəftəri aram-aram açdı.
- Sən, - üzünü çoban Əliyə tutdu, - bu nömrəli qulaq sırğaları olan heyvanlar balalayanda bunların balalarının öldüklərini, bala atdıqlarını yazıbsan bu dəftərə. Saydım, tutuşdurdum, düz 22 baş çəpiş, quzu yodu, yoxa çıxıblar. Hardadı onlar?
Əli əməlli-başlı özünü itirdi:
- Valla, yeznə, orada nə yazılıbsa, odur. Öləni oldu, qayadan düşəni, hətta canavar aparanı oldu.
Baqi bəy:
- Deyirsən elə olub, hə!?
Çomağı əlinə alan Baqi bəy var gücüylə Əlini döyməyə başladı. Nə yemisən, tuşulu aş! Heç kimdən səs çıxmırdı. Həcərdən də. İçindən keçirirdi ki, haqqına eləyir kişisi. Sonra bir neçəsini də qaynına çəkdi Baqi. Gücünə kəm eləmədən yenidən Əlini vurmağa başladı.
Əli:
- Yeznə, bir əl saxla, hamısını deyəcəyəm, - dedi.
- Danış, gədə, - deyə qışqırdı Baqi bəy. - Siz nə nankor, nə çörəkbilməz itmişsiniz.
- Yeznə, əslində doğulan balalar ölməyib. Aşağı-yuxarı 20-dən çox doğulan balanın qeydini dəftərdə yalandan yazdıq. "Öldü, bala atdı”, deyə yazdıq. əslində isə hamısı salamat doğmuşdu. Atam örüşə gəlib heyvanı ağıla gətirməmiş, təzə doğulan heyvanları götürüb apardı, evimizin axurunda gizlədi. Onlar da çoxalandan sonra harasa aparıb satdı. Pul qazandı, mənəsə heç nə vermədi.
Baqi bəy yenə qaynına sarı döndü:
- Ay alçaq, Əlinin dedikləri düzdü?
Tut yemiş bülbülə dönən qaynı ağzını açmadı. Baqi indi də var gücüylə onu çomaqlayırdı.
- Mən eşşəklik elədim, sən eləmə, yeznə. Bizə yazığın gəlsin, qıyma, rəhmin gəlsin, - qaynı yalvarmağa başladı.
Çoban Əli:
- Ata, bu işi sən gətirdin başıma. Sən belə elədin. İndi cəzasını sən çəkməkdən, mən çəkirəm. Yeznə ikimiz də öldürsə, haqqı var, - deyə səsi gəldikcə qışqırdı…
- Utanıb-ölün də… it uşağı, itlər. Mən sizə çörək verdim, süfrəmə siçdiniz... Allah bəlanızı versin. Ac qalın bundansa. İndi s..rin gedin burdan, - Baqi bunları deyib onları evindən qovdu.
Baqi bir müddət sonra bütün sürüsünü satıb Antalyaya köçdü. Qaynı və çoban Əli də işsiz-güçsüz sürünürdü. Artıq bir qarın çörəyə möhtac qalmışdılar.
Şərhlər