Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.
Aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına 3 077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1 540,3 min manatının bərpası təmin edilib və normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilməklə, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Aşkar edilən nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib.
Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 5 təşkilat üzrə (Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Nazirliyinin Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Baytarlıq İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu) 1 443,1 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Baş Prokurora göndərilib.
Aşkar edilən əsassız ödənişlərin 12 təşkilat (Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Sabirabad Rayon İcra Hakimiyyətinin Sabirabad Rayon Yaşıllaşdırma Sahəsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı, Şəmkir Rayon İcra Hakimiyyətinin Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xızı Rayon İcra Hakimiyyətinin Xızı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası, Göyçay Mərkəzi Rayon Xəstəxanası, Qobustan Mərkəzi Rayon Xəstəxanası və Masallı Mərkəzi Rayon Xəstəxanası) üzrə 276,9 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.
İlin ilk altı ayında həmçinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 3 təşkilatda yoxlamalar (Saatlı Rayon İcra Hakimiyyətinin Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar Rayon Kənd Təsərrüfatı İdarəsində və Neftçala Rayon Kənd Təsərrüfatı İdarəsində) yekunlaşdırılıb və onların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax Şəhər Şöbəsində, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində, Təhsil Nazirliyinin Laçın Rayon Təhsil Şöbəsinin 37 saylı və Qarakeçdi kənd 2 saylı tam orta məktəblərində, Balakən Rayon İcra Hakimiyyətinin Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı Körpələr evi-uşaq bağçasında, habelə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və onun Mərkəzi Hospitalında başlanılmış yoxlamalar isə hal-hazırda davam etdirilir.
Aparılan nəzarət tədbirləri ilə nəzarət obyektlərinin fəaliyyətlərində aşağıdakı xarakterik nöqsanlar aşkar edilib.
Yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, rayon (şəhər) ərazisindəki inzibati binaların (xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının və digər sosial obyektlərin), habelə yolların təmiri və tikintisi üçün ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında əsassız olaraq artıq qrupların yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.
Aparılan yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır. Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.
Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə mütəmadi olaraq mövcud olan vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin nəzarət obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edildiyi, avtomobillərə aylıq yürüş həddidən artıq qət edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb müəssislərinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın, trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı, müalicə olunan xəstələrin "xəstəlik tarixçələri”ndə həkimlərin müvafiq qeydləri olmadığı halda dərman preparatlarının uçotdan silindiyi, klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə haqqın ödənildiyi müəyyən olunub.
Kliniki xəstəxanaların çoxunda müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə mövcud olan vakant ştat vahidlərinin sayı nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant qalmış və bu hesaba əməkhaqqı fondunda istifadə edilmədən qalmış büdcə vəsaiti işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq ödənilib.
Səhiyyə Nazirliyinin Mərkəzi rayon (şəhər) xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə malsatan təşkilatlara köçürülmüş xeyli məbləğdə vəsaitlərin müqabilində malların alınmasının rəsmiləşdirildiyi, lakin araşdırma zamanı həmin malların faktiki olaraq alınmadığı və alınmış kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan silindiyi, bayram günləri münasibəti ilə tədbirlərin keçirilməsi adı ilə fiziki şəxslərin hesablarına əsassız olaraq vəsait köçürüldüyü, müalicə edilən xəstələrə mövcüd normalardan artıq, habelə stasionar şöbələrdə müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq ərzaq məhsullarının silindiyi, xəstəxanaların binaları təbii qazla isidildiyi halda əsassız olaraq həmin dövrdə isidilmə üçün xeyli məbləğdə dizel yanacağının da istifadə edilməsinin rəsmiləşdirildiyi, qüvvədə olan normalarda nəzərdə tutulduğundan artıq ştat vahidlərinin saxlanıldığı, təcili tibbi yardım maşınlarının yol vərəqələrində müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən çox göstərilməsi hesabına artıq yanacaq silindiyi, əməkhaqqının hesablanmasını tənzimləyən qaydaların tələblərinin pozulması hesabına xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodlarından istifadə edilmədiyi, bəzi hallarda isə fəaliyyətlərini rəsmi olaraq dayandırmış təşkilatların tenderlərdə iştiraklarının rəsmiləşdirildiyi, müvafiq ixtisas təhsili olmayan şəxslərin işə qəbul edildiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar edilib.
Təhsil Nazirliyinin tabeçiliyində olan ali və orta ixtisas təhsili müəssisələrində aparılan nəzarət tədbirləri ilə nəzarət obyektinin özünün maddi-texniki bazasının və kadr potensialının olmasına baxmayaraq elektron şəbəkə vasitəsi ilə keçirilən imtahanlar üçün istifadə olunan proqram təminatının tətbiqi sahələrinin genişləndirilməsinə, yazılı imtahanların təşkili, qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi və yazılı imtahan biletlərinin mərkəzi sistem vasitəsi ilə avtomatik hazırlanmasının həyata keçirilməsi üçün "TEST Virtual Təhsil Sistemi (imtahan) proqramı”na xidmət üçün kənar təşkilata hər il xeyli məbləğdə vəsait ödənildiyi, liftlərə xidmət üçün özünün kifayət qədər işçilərinin, o cümlədən texniki işçilərinin olmasına baxmayaraq liftlərin istismarına texniki xidmət adı ilə kənar təşkilata xeyli məbləğə vəsait ödəndiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən alındığı, yerinə yetirilməsi sənədləşdirilmiş işlərin dəyərinin əsassız olaraq şişirdildiyi və bu hesaba podratçı təşkilatlara artıq vəsait ödənildiyi, büdcədənkənar vəsaitlərin uçotunun aparılmadığı və mədaxil edilmədən müxtəlif məqsədlərə xərcləndiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar olunub.
Təhsil Nazirliyinin rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar müəssisələrdə fakultativ və dərnək məşğələlərinin keçirilməsi jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi, faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi nöqsanlara yol verildiyi müəyyən edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi-tədqiqat institutlarında aparılan nəzarət tədbirləri ilə "Dövlət satınalmaları” haqqında qanunun tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin) satın alındığı, bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan vəsaitlərin hissələrə bölünərək tender əvəzinə katirovka sorğularının keçirildiyi, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən hesabatlara Azərbaycan tərəfdən iştirak edən şəxslərin də adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.
Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində isə aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib, eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib, kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələri yüksək müəyyənləşdirilib və müxtəlif vəzifələr üzrə artıq ştat vahidləri saxlanılıb, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin alınmasına vəsait xərclənib, işçiyə verilməsi sənədləşdirilmiş xeyli məbləğdə ezamiyyə haqqı faktiki olaraq işçiyə verilməyib, yeni alınmış və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlıqlar əsassız olaraq uçotdan silinib, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsi həvalə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Protez-Ortopedik Bərpa Mərkəzində və məşğulluq idarələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Bərpa Mərkəzində əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün protez-ortopediya məmulatlarının, kreslo-velo arabalarının və eşitmə aparatlarının satın alınması və istehsalı üzrə sifarişçi olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə Bərpa Mərkəzi arasında bağlanmış müqavilələrdə yalnız məbləğ göstərilib, yəni alınması nəzərdə tutulan məmulatların vahidinin qiyməti, onların çeşidləri, texniki xüsusiyyətləri və miqdarları göstərilməyib, Bərpa Mərkəzi tərəfindən satıcı təşkilatlarla müqavilələr bağlanarkən alınacaq məmulatların vahidinin mövcud bazar qiymətləri öyrənilməyib və nəticədə həmin məmulatlar yüksək qiymətə alınıb, bəzi hallarda tibbi sosial ekspertiza kommisiyalarının qərarlarında əlillərin eşitmə aparatlarına ehtiyaclarının olmadığının göstərilməsinə baxmayaraq onlara eşitmə aparatları verilib, əlil arabasına, eşitmə aparatına və digər protez və ortopedik ayaqqabılara ehtiyacı olan əlillərin uçotu aparılmayıb və bu məmulatların paylanması üzrə növbəlilik təmin edilməyib.
Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində olan rayon (şəhər) məşğulluq mərkəzlərində maddi-məsul şəxslərin hesabından müvafiq təsdiqedici sənədlər olmadan material qiymətlilərinin əsassız olaraq silindiyi, ezamiyyət günlərinin əsassız olaraq artırılması hesabına büdcə vəsaitinin artıq xərcləndiyi, satın alınması barədə tərtib edilmiş müvafiq sənədlərdə göstərilən material qiymətlilərinin faktiki olaraq alınmadığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə çatışmazlığa yol verildyi, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsinin həvalə edildiyi, işçilərin aylıq əməkhaqları üzrə ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq vəsait xərcləndiyi aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan meşə mühafizəsi və bərpası, hidrometeorologiya və balıqartırma müəssisələrində aparılan nəzarət tədbirləri ilə yerinə yetirilən işlərin həcminin artıq göstərilməsi hesabına, həmçinin faktiki olaraq yerinə yetirilməyən işlərə görə maşın və mexanizmlərə artıq yanacağın, sürtkü materiallarının silindiyi və fəhlələrə əmək haqqının ödənildiyi, mövcud qaydalarda nəzərdə tutulmadığı halda işçilərə mükafatın və əmək məzuniyyətində olan işçilərə əsassız olaraq əməkhaqqının ödənilməsinin sənədləşdirildiyi, işçilərə hesablanan əməkhaqlarından gəlir vergisinin tutulmadığı, müvafiq çağırış (dəvət) və zərurət olmadığı halda işçilərin ezamiyyətə göndərilməsinin rəsmiləşdirildiyi, işçilərin əməkhaqları üzrə aylıq ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq büdcə vəsaitinin xərcləndiyi, işçilərin plastik kartlarına onlara hesablanmış əməkhaqqı məbləğindən çox vəsait köçürüldüyü, faktiki olaraq işə davamiyyəti olmayan işçilərə əməkhaqqının ödənildiyi, malsatan təşkilata köçürülmüş vəsaitin müqabilində malların tam alınmadığı, müvafiq sənədlər olmadan maddi-məsul şəxslərin öhdəsindən material qiymətlilərinin əsassız olaraq silindiyi, balıqların yetişdirilməsi ilə əlaqədar müvafiq qaydada təsdiq edilən normadan artıq qida məhsullarının silindiyi kimi nöqsanlar aşkar olunub.
Şərhlər