İki gündən bir ağlaşma quran sənətçilər

İki gündən bir ağlaşma quran sənətçilər

Sənətə və sənətkara dəyər, hörmət mövzusu illərdir medianın, xüsusilə də mədəniyyət sahəsindən yazan jurnalistlərin hər zaman qabartdığı mövzulardandır.

Etiraf edək ki, müvafiq qurumlar bir çox çətin həyat tərzi sürən, maddi imkansızlıqdan müalicə ala bilməyən, ölümün pəncəsində çırpınan sənət adamlarının vəziyyətindən media vasitəsilə xəbərdar olub. Amma bəzi sənətçilər var ki, onlara dünyanı da bağışlasan ovuclarından göz yaşı, dillərindən ahu-zar əskik olmur.

Bəzən də sənətçilər unudur ki, ədalət hissini itirən sənətkara cəmiyyətdə münasibət amansız olur.

Bernard Şou deyirdi ki, Sənət davranışımızı, xarakterimizi, ədalət və empati hisslərimizi nizamlamalıdır. Deməli, daima zirvədə qalmaq üçün yaxşı sənətkar olmaq kifayət deyil, həm də xarakterli olmaq lazımdır.

Məsələn, ildə iki-üç dəfə Rəmişin, Könül Xasıyevanın nisgilli müraciətlərini görürük. Halbuki, bu sənətçilərə illərdir ən yüksək səviyyədə dövlət dəstəyi və diqqəti var. Bu günlərdə yenə mediada Rəmişin xəstələnməsi, hətta ölüm ayağında olması ilə bağlı xəbərlər tirajlandı. İki gün sonra həyat yoldaşı yayılan xəbərlərə "sərt reaksiya”sını bildirdi.

Üstündən bir həftə keçdi, yenə Rəmişlə bağlı "bəd xəbər” başlıqlı informasiya yayıldı.

Dünən də oxuyuram ki, mediaya yenidən açıqlama verən xanımı minnətlə: "Rəmişin müalicəsini dövlətin verdiyi təqaüdlə etdirirəm. Başqa heç bir yerdən kömək yoxdur” - deyir.

Heç kimə sirr deyil ki, Rəmişə dövlət dəstəyindən əlavə müxtəlif imkanlı adamların yaxından dəstəyi olub. Amma nə vaxt baxırsan ər-arvad ya efirdə, ya saytlarda ağlaşma qururlar.

Dövlət o təqaüdü xəstələnəndə müalicəni edəsən, heç kimə möhtac olmayasan deyə vermirmi?

Niyə protez gözləyən 20-25 yaşlı gənc qaziləri olan bir ölkədə hamının diqqət və qayğısı Rəmişə yönəlməlidir?

Hər il həyat yoldaşı Rəmiş haqda ən azı bir "duyğu sümürüsü yapır”.

Rəmişi sevən kifayət qədər insan var.

Özüm şəxsən şahidəm ki, nə qədər insan Rəmişin xəstələnməsində görə dərin hüznə qərq olub.

Hətta yaxından tanıdığım bir adam var idi, Rəmiş öləcək deyə üzülüb üç ay sonra özü dünyasını dəyişmişdi.

Sənətinə görə lazımi dəyəri alan sənətkarlar da çox təəssüflər olsun ki, insanların hisslər ilə amansızcasına oynamaqdan çəkinmirlər. Dinləyicilərin onları qaldırdığı zirvədən öz dilləri və əməlləri ilə yerə çırpılırlar.

Xatırlayırsınızsa Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən istifadə edərək, evinin kreditini xalqa ödətməyə çalışmışdı. Məsələnin üstü açılanda onun sağalması üçün edilən dualar qarğışa çevrilmişdi.

Sənət adamlarının özlərini bu səviyyəyə endirməsi dəhşətlidir.

Könül Xasıyevanın toy məclislərinin birindən çəkilib yayılan görüntüləri də xeyli gündəm olmuşdu. Mən o kadrları izləyəndə müqəddəs bildiyim bütün dəyərlər ovxalanıb ayaqlarımın altına düşmüşdü.

Fəxri adı, təqaüdü, ən yüksək səviyyədə dövlət diqqəti, qayğısı görən bir sənətkarın ovcuna sənət baxımından əlinə su tökə bilməyən toyxana müğənniləri pul basırdı.

Bir dəfə çalışdığım bir kanalda Xalq artisti Arif Quliyevi verilişə dəvət etmişdim. Çəkilişin səhəri günü eşitdim ki, Xalq artisti gedib verilişin sponsorundan pul istəyib.

Sənətkar gərək xalqın onu qaldırdığı zirvədə qalmağa bacara.

Necə ki, o zirvəni Səfurə İbrahimova, Şəfiqə Axundova, Fuad Poladov, Məmmədbağır Bağırzadə qorudu.
 
Günel Musa
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR