Xəbər lenti

İlham Əliyev: "Müharibə hələ bitməyib" - YENİLƏNİB
Siyasət 11:01 26.06.2013

İlham Əliyev: "Müharibə hələ bitməyib" - YENİLƏNİB

"Bu gün keçiriləcək paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcək”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, ordu quruculuğu dövlət üçün ən başlıca və ən prioritet məsələdir: "Hər bir ölkə üçün bu belə olmalıdır. Hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu daha vacibdir.

Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb və bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla  bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir və bu təşkilatlar bununla bağlı öz qərarlarını veriblər. Lakin Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar da nəticə vermir. Belə olan halda ordu quruculuğuna böyük ehtiyac var”.

Prezident deyib: “Birləşmiş Millətlər Təşkilatının məlum 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyri şərtsiz çıxmasını tələb edir. Bizim mövqeyimiz də güclü ordu ilə tamamlanır. Ona görə də ordu quruculuğuna çox böyük diqqət göstərilib”.
 
Prezident qeyd edib ki, Azərbaycan ordusundakı inkişaf daimi prosesdir: “Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram. Görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır, peşəkarlığı artır. Nizami ordumuz var. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir və mən çox şadam ki Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alır. Orduda xidmət edənlər öz vətəninə, xalqına bağlı olan, sevən insanlardır. Bütün bu amillər ordumuzu gücləndirir”.
 

Ali Baş Komandan bildirib ki, son illər ərzində ordunun texniki təchizatı sahəsində də çox böyük inkişafa nail olunub: “Son illər ərzində ən müasir texnika, silah-sursat alınıb. Son vaxtlar alınan və Azərbaycan daxilində istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcək. Burada texnikanın sadəcə cüzi bir hissəsi göstəriləcək”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsaitlər xərcləyib: “Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi. Keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb. Yəni bu öz-özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir, büdcəmizdən ordu quruculuğuna böyük vəsaitlər ayrılır. Bu da təbiidir”.

Azərbaycan prezidenti vurğulayıb ki, ölkənin son illər ərzində əldə etdiyi silahlar müasir, yüksək dəqiqliyə və çox böyük məhvetmə qabiliyyətinə malik olan silahlardır: “Son illərdə 100-ə yaxın döyüş və nəqliyyat helikopteri alınıb. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınıb. Zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları alınıb ki, onlar da düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir”.


“Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər”

Prezident daha sonra deyib:

“Növbəti illərdə də Azərbaycanın hərbi xərcləri ümumi büdcədə üstünlük təşkil edəcək. Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır”. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təkcə hərbi məqsədlər üçün istifadə olunan vəsait Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur: “Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir, Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq üçün və məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki siyasi yollara üstünlük veririk. Lakin sirr deyil ki, Azərbaycan günü-gündən güclənir, Ermənistan günü-gündən zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artıb. İstənilən istiqamət üzrə düşməni bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcək. Çünki bizim açıq-aydın gələcəyimiz var, perspektivlərimiz var, inkişaf yolumuz var”.

Prezident Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olduğunu xatırladıb: “Dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi son 10 il ərzində inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər bir daha demək istəyirəm tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq”.

Dövlət başçısı ordu quruculuğu prosesində yerli istehsala böyük diqqət göstərildiyini deyib: “Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf edib. Onlarla hərbi zavodlarımız var və bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı böyük planlarımız var. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir, eyni zamanda bizim ixrac imkanlarımız da artmaqdadır. Bu onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər, yetər ki, iradə olsun, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndirir və gücləndirməliyik”.


Ali Baş Komandan hərbiçilərin sosial müdafiəsi məsələləri də uğurla öz həllini tapdığını deyib: “Dünən Hərbi Hospitalın yeni korpusunun açılışında iştirak etmişəm. İki gün bundan öncə hərbiçilərin maaşları qaldırılıb. Artıq 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin məişət problemləri də öz həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbiçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Artıq 200-ə yaxın mənzil verilib. Bu proses gələcək illərdə daha da geniş vüsət alacaq. Hərbiçilərin məişət, sosial problemləri öz həllini tapmaqdadır. Azərbaycan dövləti ordu quruculuğuna çox böyük əhəmiyyət verir. Bu bizim başlıca vəzifəmizdir və gələcək illərdə bu proses daha da sürətlə gedəcəkdir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlərə imza ata bilib: “Ölkəmiz dünya miqyasında çox böyük nüfuza malikdir. Dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq və bu təşkilatda öz mövqeyimizi müdafiə edirik. Azərbaycan nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilib və bizim xarici siyasətimizlə bağlı olan bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətlənib”.


APA

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->