"Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışını qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostluğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
"Bildiyiniz kimi, Azərbaycan qazını Avropaya çıxarmaq üçün uzun illər müzakirələr gedirdi, Nabukko layihəsi üzərində dayanmışdılar. Ancaq onun texniki və maliyyə tərəfi həll edilməmişdi. Əslində, biz bir neçə il itirdik. Nəhayət, 2012-ci ildə birgə qərarla tarixi İstanbul anlaşması imzalandı və TANAP-a yol açdı. Onu da bildirməliyəm ki, TANAP-ın inşasında iştirak edən şirkətlərin böyük əksəriyyəti Türkiyə şirkətləridir. İşlərin təqribən 80 faizini Türkiyə şirkətləri görüb. Biz artıq bu nəhəng, böyük layihəni istismara verdik. Bu, doğrudan tarixi nailiyyətdir”, - deyə, dövlət başçısı əlavə edib.
Şərhlər