Azərbaycan prezidenti Vatikanın ən yüksək və nadir mükafatlarından olan “Medalla Sede Vacante” medalı ilə təltif olunub
Vatikanın mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazi isə Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb
Azərbaycan prezidenti İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qaynar.info-nun məlumatına görə, dövlət başçısı kardinal Canfranko Ravazinin səfərinin uğurlu olacağına və Azərbaycanla Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident həyata keçirilən birgə layihələrin önəmini qeyd edib. Azərbaycanla bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlət başçısı son illər əməkdaşlığın yeni formatda inkişafından məmnunluğunu bildirib. Prezident İ. Əliyev Azərbaycanla Vatikan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə C. Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni kardinala təqdim edib.
Kardinal Canfranko Ravazi Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyünə görə prezident İ. Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycanla Vatikan arasında uzun müddət ardıcıl olaraq inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərləndirib. C. Ravazi yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib. O, Azərbaycanla Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə prezident İ. Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq görüldüyünü deyib və Müqəddəs Taxt-Tacın adından medalı dövlət başçısına təqdim edib.
Kardinal C. Ravazi ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.
Qonaq ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Qaynar.info
Şərhlər