Prezident İlham Əliyev "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram:
1. "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyət "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;
3.2. bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulan müddət ərzində "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
3.3. Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;
3.4. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
3.5. Cəmiyyətin İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.
4. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
4.1.2. Cəmiyyətin icra orqanının yaradılması;
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
4.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə:
4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının inventarizasiyasını və qiymətləndirilməsini apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsini iki ay müddətində təsdiq etsin;
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.
7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Şərhlər