Xəbər lenti

Çılpaq etirazların "dirijor"u kişi imiş?.. - FOTOLAR
Dünya 11:57 07.09.2013

Çılpaq etirazların "dirijor"u kişi imiş?.. - FOTOLAR

Azadlıq radiosu Ukraynanın Femen qrupu haqqında yazı dərc edib. 

Femen qrupunun kecirdikləri aksiyalar Azərbaycanda da maraqla qarşılandığı üçün yazının oxucular üçün maraqlı ola biləcəyini düşünüb yazını təqdim edirik.

Onlar cəmiyyətdə kişi dominantlığına qarşı çıxırlar. Kimin ağlına gələrdi ki, Femen-in özünün yaradılmasında da kişinin mühüm rolu olub. Özü də qadınlara “qancıq” deyə həqarət edən birisinin…

Venesiya Film Festivalında Ukraynanın feminist qrupu olan, çılpaq aksiyalar keçirməsi ilə ad çıxaran Femen qrupu haqda sənədli film nümayiş etdirilib. 

Filmi gənc avstraliyalı rejissor Kitty Green çəkib.

O, bunun üçün bir il Kiyevdə, femençilərlə bir mənzildə yaşayıb. “Ukrayna fahişəxana deyil” adlanan filmdə qrup üzvlərinin gündəlik həyatı əks olunub.

Filmdə o da iddia edilir ki, Femenin yaradılmasında Viktor Svyatski adlı şəxsin mühüm rolu olub.

Özlərinə “sekstremist” deyən və radikal feminist xətt tutmuş femençilərin təşkilatlanmasında kişinin bu rolu Qərbdə bir çoxları üçün sürpriz olub.

Baxmayaraq ki, Ukraynada bu məsələdən bir fakt kimi danışanlar az deyil.

Amma Femen-in hazırkı lideri İnna Şevçenko deyir ki, film çəkiləndən sonra Svyatski ilə yolları ayrılıb.

Şevçenko Femen-in yaradılması hadisəsini şişirtməyin də tərəfdarı olmadığını bildirir.

O, Azadlıq Radiosuna müsahibəsində deyir:

“İndi şayiələr yayılır ki, Femeni Viktor yaradıb. Mən qoymaram ki, kimsə bizim hərəkatın kişi tərəfindən yaradıldığını desin. Çünki belə bir şey olmayıb. Filmdə aydın şəkildə göstərilir ki, həmin kişi hərəkat artıq yaradılandan, özünün ideologiyasını, “topless” aksiyalar keçirmək strategiyasını gerçəkləşdirməyə başlayandan sonra bir müddət dominant fiqura çevrilib. Femeni 2008-ci ildə ukraynalı tələbə qızlar yaradıb”.

Svyatski haqqında məlumat azdır

O, yerli mediada Femen-in fəalı, onun məsləhətçisi kimi təqdim edilir.

Bu ilin iyulunda onu Femenin Kiyevdəki ofisi qarşısında amansızcasına döyüblər, çənəsini, dişlərini qırıblar.

Femen hücuma görə Ukraynanın təhlükəsizlik xidmətini ittiham edib və bunda məqsədin onların Kiyevdə keçirməyi planlaşdırdıqları aksiyanı önləmək olduğunu bəyan edib.

Bundan sonra Femen baş qərargahını Parisə köçürüb

“Ukrayna fahişəxana deyil” filmində Svyatski haqda ətraflı məlumat verilmir, onun Femenin medianın diqqətini cəlb etmək üçün çıxardığı “hoqqa”ların planlaşdırılmasına böyük rolu olduğu deyilsə də, əslində qadınlarla kobud davranan, onları alçaldan, “qancıq” adlandıran birisi olduğu iddia edilir. 

“Bu qızlar zəifdirlər” – Svyatski filmdə hərəkatdakı rolundan danışarkən deyir, - “Onlar - tabe olandırlar, dişsizdirlər, məsuliyyətsizdirlər. Həm bu, həm də başqa faktorlar onların siyasi fəala çevrilməsinə imkan vermir. Bu cür xüsusiyyətləri onlara aşılamaq ehtiyacı böyük idi”.

Filmdə deyilir ki, Svyatski “çılpaq aksiyalar”da iştirak etmək üçün qızları şəxsən özü seçib, bu işə qızların ən gözəllərini cəlb edib, “çünki qəzetlərin ön səhifələrinə məhz belə qızların şəkli qoyulur”

Filmin yaradıcı heyəti Svyatskinin hərəkatı yaratmaqda niyyətinin nə olmasını da araşdırıb.

Rejissor Kitty Green filmdə Svyatskidən onu da soruşur ki, hərəkatı yaratmaqda məqsədi həm də “qızlarla münasibət qurmaq” olubmu? Svyatski belə cavab verib: “Güman ki, təhtəlşüur səviyyəsində, belə bir niyyətim olub.”

Femen-in lideri Şevçenko deyir ki, onlar heç zaman Svyatskinin qızlara olan təsirini danmayıblar. 

Amma elə bir məqam olub ki, Svyatski özünü patriarx kimi aparmağa başlayıb:

“Nə qədər təzadlı olsa da, elə bir məqam olub ki, özümüz dünya boyu kişi dominantlığına qarşı çıxdığımız halda, özümüz hərəkat daxilində belə bir halla mübarizə aparmalı olmuşuq. Kişi bizim hərəkata rəhbərliyi ələ almışdı, yalnız ona görə ki kişi idi”.

Şevçenko deyir ki, əslində Svyatski özü də bilmədən belə hərəkətləri ilə qızları kişi şovinizminə qarşı daha radikal çıxışlar etməyə sövq edib.




Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->