ABŞ rəsmisi Tomas Melianın görüşlə bağlı müraciətinə rəsmi Bakı cavab verməyib. REAL Hərəkatının lideri həbsini siyasi adlandırıbABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia hazırda həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovla görüşmək istəyirmiş. Amma görüş baş tutmayıb. Məlumatı “Media forum” saytına REAL hərəkatı Məclisinin sədri Erkin Qədirli verib.
Erkin Qədirli bildirib: “Aprelin 17-də Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda müxalifət təmsilçiləri ilə görüşdü. Görüşdə REAL hərəkatının təmsilçisi kimi mən də iştirak edirdim. Tomas Melia dedi ki, həbsxanada İlqar Məmmədovla görüşməyə icazə almaq üçün Azərbaycan hökumətinə sorğu veriblər.
Belə bir görüşün baş tutması üçün presedent də mövcuddur. Avropa Birliyinin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia bir neçə gün əvvəl həbsxanada İlqar Məmmədova baş çəkib. Amma hökumət Tomas Melianın İlqar Məmmədovla bağlı sorğusunu cavablandırmayıb. Nə mənfi, nə də müsbət reaksiya olub. Bu sorğu səfər başlamamışdan əvvəl verilmişdi”.
Erkin Qədirli sorğunun cavabsız qoyulmasını Azərbaycan hökumətinin Tomas Melianın İlqar Məmmədovla görüşməsinə icazə verməməsi kimi qiymətləndirir.
REAL hərəkatının rəhbəri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
Məhkəmə İ.Məmmədov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İlqar Məmmədov prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib. O həbsini siyasi sifariş adlandırıb.
Qaynar.info
Şərhlər