Çinarə Ömraydan köçkünlərin həyatından bəhs edən hekayə: Sarı kişi…

Çinarə Ömraydan köçkünlərin həyatından bəhs edən hekayə: Sarı kişi…

Qaynarinfo Çinarə Ömrayın məcburi köçkünlərin itməyən ümidlərindən bəhs edən "Sarı kişi” hekayəsini təqdim edir:

Sarı kişi

Bu, sarı PAZ avtobusuydu, bir kənd adamı öz çiynində büdrəyə-büdrəyə üzü şəhərə qaçırdırdı. O qədər ağır-ağır gedirdi ki! Avtobusda biz uşaqlardan başqa hamı ağlayırdı, gülən təkcə biz üç-beş uşaq idik. Dayım qızı məndən bir neçə yaş böyükdü. 

- Heç ağlıma gəlməzdi ki, şəhərə belə avtobusla gedəcəm, - dayıqızı dedi. 

Xalam qızı:

- Avtobusa bax e. Biz düşüb qaça-qaça getsək, bundan tez çatardıq şəhərə.

O biri dayım qızı:

- Görən şəhər çox qəşəngdi?

Mən:

- Avtobusa bax e, elə bil qocalıb öskürə-öskürə gedir.

Bu sözümə uşaqlarla gülüşdük. Kiminsə anası uşağının böyründən bir çimdik götürdü, uşaq da böyüklərə qoşulub ağlamağa başladı.

Həmin sarı avtobus öskürə-öskürə bizi daşıyıb Sumqayıt avtovağzalına gətirdi. Hələ üç gün bizə ev sahibliyi də elədi. Sürücüdən başqa hamı qadındı. Yazıq sürücü düşüb hardansa telefon aparatı tapmışdı, bir-bir gəlib avtobusdakıların qohum-əqrəbalarının nömrələrini alıb gedirdi. Hərənin ardınca şəhərdə yaşayan bir qohumu maşınla gəlir, yığıb aparırdı. Üç günün sonunda bir biz qalmışdıq, bir də qoca avtobusla sürücüsü. 

Sürücü dedi ki, sizin heç kiminiz yoxdu burda. Bütün doğmalarınızı, başıpapaqlılarınızı orda qoyub gəlmisiniz. "Siz mənim əmanətimsiniz” deyib, bizi elə o avtobusla da uçuq-sökük evin həyətinə gətirdi. Sürücü:

- Hələlik burda qalın, sizə bir yer düzəldəcəm, - deyib getdi. İki gün yenə o avtobusda qaldıq. Hər yeri sökülmüş evin pəncərələrini, qapılarını köhnə adyal, sellafon paketlərlə bağladı. Avtobusunu bizə, bizi isə o qapı-pəncərəsiz evə əmanət edib "Kişilər burda yox, öz torpağında olmalı, ölməlisə ölməli, qalmalısa qalmalıdır”, - deyib halallaşaraq getdi. 

Avtobus o evdən daha rahat olduğu üçün bir neçə gün o qoca avtobusda yaşayası olduq. Sonra kişilər gəldi. Bizə sürücü dayının təzədən kəndə qayıdanda yolda əsir düşməsi xəbərini də gətirdilər. Babamgil canlarını güclə qurtarıb gəlmişdilər. 

Sonra yavaş-yavaş uçuq evi düzəltdik, orda yaşamağa başladıq. Böyüdük... Həm ailə, həm də yaşca. Bircə böyüməyən o sarı avtobus idi. Bu illər ərzində babam nənəmin xətrinə dəyən kimi, nənəm küsür, gedib o avtobusda otururdu. Biz uşaqlar da evcik-evcik oynayanda o avtobusu özümüzə ev seçirdik. Hamı kənddəki evimizin iyini də, qoxusunu da o avtobusdan alırdı. Babam da həmişə "Bizi kəndə elə bu sarı kişi aparacaq deyirdi”. Avtobusa ad qoymuşdu:
 
Sarı kişi!

Təkərlərinə sığal çəkərdi, güzgülərini silərdi, faraları ilə dərdləşərdi. Avtobusla o qədər danışırdı ki, hərdən elə bilirdim, avtobus indi hövlündən bir siqaret yandırıb çəkəcək. Ya da bizi gətirəndəki kimi xırıltılı-xırıltılı öskürəcək. 

Hamımızın böyüdüyü vaxtlar idi. Bir gün əmim dedi ki, bu avtobus həyətdə yer tutur, rədd edək, getsin. 

Babamı heç bu qədər əsəbi və hövsələdən çıxan görməmişdim. Üzünü əmimə tutub rişxəndlə dedi:

- Məni də aparıb qojalar evinə verin, rahatlaşın, yeriniz genəlsin.

- Ay, ata, o nə sözdü? Niyə özünü o dəmir parçasıyla bir yerə qoyursan axı?

- Nə??! Dəmir parçası??? Bax sənin kimilər heç vaxt torpaq qədri bilməyəcəklər, dəyər nədi anlamayacaqlar. Sürük burdan, gözüm səni görməsin, - deyib, üzü avtobusa sarı getdi. Həmən gün babam nahar yeməyini də avtobusda yedi. Heç kim cürət edib ona nəsə deyə bilmirdi. Mən getdim yanına. 

- Niyə burda oturursan? Gəl evə də, baba. 

- Bura da evimdi də, bala. Evimizi bu Sarı kişiylə daşımışıq bura, elə bununla da geri aparacağıq. Anlamırlar, qızım, anlamırlar. Bunlar dəyəri anlamadıqca, o torpaqları Allah bizə qaytarmayacaq, bala. Heç kim bilmir ki, bu bizim ailənin geri dönmək ümididir. Məni ayaqda saxlayan bu ümid də bu həyətdə artıq yer tutursa, mən nəyə gərəyəm axı? 

O gündən sonra o avtobusa "gözün üstə qaşın var” deyən olmadı. Babam doğmalarını, dostlarını itirdikcə avtobusa daha çox sığınırdı. O avtobus babamı dünyada tək qalmaqdan qoruyan yeganə varlıq idi. 

27 sentyabr idi. Hamını müharibə təlaşı bürümüşdü. Babam atama, əmilərimə zəng edirdi ki, nə durmusuz, gedin, könüllü yazılın, nəsə edin, irəliləmək vaxtıdır. 

*
…Bir gecə hamımız həyətdən gələn səsə oyandıq. Nəydisə, səsin ardınca çölə çıxan heç kim geri qayıtmırdı. Mən də çıxdım. Bütün ailə üzvlərimiz heykəl kimi həyətin ortasındaydı. 

Beş gün qabaq həkimlərin "yaşlı kişidir", "ölüm haqdır" deyib susduğu, xəstə yatağında yatan babam əlindəki dəmirlə avtobusun təkərlərini açırdı. Sonra kənarda dayanan bir maşını əl işarəsi ilə yanına çağırdı. Hamımız nə baş verdiyini anlamağa çalışırdıq. Gələn maşının işığı babamın üzünə vurduqca üzündəki sevinci, xoşbəxtliyi, fərəhi yəqin ki, təkcə mən görmürdüm. Sarı kişinin təkərlərini tanımadığımız adamlarla tanımadığımız maşına yüklədilər. Tanımadığımız adamlar babamın əlini sıxıb qucaqladılar. Yenə gələcəklərini, onu həmin böyük görüşə aparacaqlarını deyib getdilər. 

Babam həvəslə:

- Nə baxırsız, bir çay dəmləyin içək, - deyib ardınca mazutlu əlini həyətdəki soyuq su axan krantda yudu. Sonra: - Səngərə gedir ey. İnşallah, igidlərim torpaqlarımızı alacaqlar bu dəfə. Mütləq alacaqlar. 

Səhəri gün babam əmimi çağırıb ona bir büklüm pul verib dedi:

- Dar günlüyüm idi, kəfən pulum. Amma hələ ki sağ olsun, allahdan möhlət almışam. Bununla Sarı kişiyə dörd dənə təzə təkər al. Bir də bunu işə salmaq üçün lazım olan hissələri. Gətir yavaş-yavaş başlayım. Bizi o müqəddəs torpaqlara bu Sarı kişi aparacaq. O da, elə mən də son borcumuzu orda tamamlayacağıq. 

*
Ondan sonra düz 45 gün hər səhərimizi babamın taqqıltı səsinə, ardınca şəhid xəbərlərinə, torpaqlarımızın müjdə xəbərlərinə açırdıq. 

Xəbərlərin səngidiyi, səhərlərin qələbəyə açıldığı bir sübh çağı hamımız babamın hönkürtü səsinə oyandıq. 

Gözlərindən tanımışdım mən onu. Qışın şaxtasında, meşənin dərinliyində tapdığı dənə sevinərək işıldayan sərçə gözlərindəki yorğunluq qarışıq sevinc çökmüş gözləri ilə gülümsəyirdi. Bizə bu daxmanı tapanda görmüşdüm o sevinci, ordan tanıdım onu.

Sarı kişinin sürücüsüydü. Əsirlikdən qayıtmış, vədinə xilaf çıxmayıb gəlmişdi.

Əmimin alıb gətirdiyi o ehtiyat hissələrini qurdalayaraq uca və şaqraq səslə deyirdi:

- Yır-yığış eləyin, avtobusu dirildim, sizi gəldiyiniz kimi geri qaytaracağam...

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR