Çinarə Ömrayın “Hamiləlik testi…”

Çinarə Ömrayın “Hamiləlik testi…”

Çinarə Ömray
(Hekayə)

İki gündü başhərlənməsi, ürəkbulanması məni rahat buraxmır. Qəribə hallar keçirirəm. Hansısa bir yeməyin qoxusu dünyanı başıma dar edir, ya da durduğum yerdə otağım başıma dövrə vurur.
Bu halım heç xoşuma gəlmir. İçimə yadplanetli girib. Məni o idarə edir. Ayağım havadan asılı, fırlanıram. 
Bu gün də anamın səhər yeməyi üçün qızartdığı çörəklərin qoxusu məni hamama atdı. 
Anam mətbəxtdən mən eşidim deyə səsinin yüksək yerinə salıb: 
- Nolub ee sənə, hamilə arvadlar kimi?.. Bu axmaq virusdan tutubsan deyəsən. Yaman gəzir bu zibil…
Bircə qapıya çıxmağımı xatrlayıram. Anam qapının ağzında gödəkcəmi geyinən yerdə yaxaladı:
- Hara?
- Aptekə.
- Niyə? 
- Hamiləlik testi alacam.
Onu ələ saldığımı düşünüb arxamca:
- Özünü Məryəm hesab edirsən deyəsən. Boşuna həvəslənmə, səndən İsa doğan çıxmaz.

Ciddi ciddi hamiləlik testi alıb gəldim. Əvvəl əczaçı qızdan soruşdum, dedi, iki xətt çıxsa, demək, hamiləsən, əksi olanda yox.

Evə girər-girməz özümü hamam otağına atdım. Yoxladım. Əczaçı qız nəyisə səhv demişdi. Çünki dörd xətt çıxdı. İndi gəl bundan baş aç. Bu dörd qırmızı xətli hamiləlik testi elə gözəl görünürdü, adam istəyirdi, boyunbağı edib boynundan asa...

Anam:
- Noldu?
- Heç nə, İsa gəlir, özdə cüt-cüt.
(Bu anam da ömrü boyu məni ciddiyə almayıb.)
- Bıy, nənəsi qurban onların cütünə də. Yol elə gəlsinlər, - ardınca da, - tövbə-əstəğfirullah, -deyib, işinin dalınca getdi.

Yox, bu, belə olmayacaqdı. Hər yer mənə dar gəlir. Otaqlar sıxır məni. Evimizi elə bil kimsə bizə dörd il qabaq iki ölçü böyük satmışdı ki, gələn il də geyinərsiz. İndi əynimə dar gəlirdi. Sıxırdı məni. Qollarım evin pəncərəsindən çölə çıxırdı, başımı eyvandan içəri sala bilmirdim.

Nəysə ki, bir təhər özümü küçəyə atdım. Hara getdiyimi, niyə getdiyimi bilmədən gedirəm. Bildiyim bir həqiqət var, o da gödəkcəmin cibindəki dörd xətli hamiləlik testidi. 

Beynimin içində ağ balaca soxulcanların gəzişdiyini hiss edirəm. Hətta gözümü yumanda görürəm də. Bacardıqca gözümü yummadan üzü "Gənclik” metrosuna tərəf düşürəm. 
Eskalatora minirəm. Mən düşdükcə əks tərəfdəki adamların sürətlə yuxarı qalxdıqlarını, qalxdıqca da mənə yuxarıdan aşağı baxdıqlarını hiss edirəm. Bu məni daha da dəli edir.
Birdən nə oldusa, bilmədim, hamı qışqırmağa başladı. Eksalatora nəsə olmuşdu, sürətlə aşağı gedirdi. Hamı çığırışır, hamı kömək istəyirdi. Eskalatorun sonundakı şüşə otağında əyləşib heç vaxt çalmayan telefonuna baxan balacaboy dolu qadın da çığırırdı. İlk dəfəydi ki, o telefon da dayanmadan çalırdı, amma o qadın qorxudanmı, həyəcandanmı telefonun dəstəyini götürə bilmirdi. 
Əlimlə cibimdəki dörd xətli hamiləlik testini bərk-bərk sıxmışdım. 
Eskalator dayanmadan harasa gedirdi.
Sağ yanımda balaca bir uşaq peyda olmuşdu. Qəfildən əlimdən yapışdı. İkimizdən birimiz bərk qorxurduq. Uşaq:
- Gözünü yum, içindən istə, dayanacaq. Qurtar bizi.
Uşağın əlindən bərk-bərk yapışıb, bütün içimlə bu cəhənnəmin bitməsini istədim. İnanmazsınız, dayandı. 
Amma deyəsən mən gözümü yumub içimdən istəyəndə o sürət hərəni bir yana atmışdı, biz də qaranlıq bir tuneldəydik: o uşaq və mən. 
Uşaq üzümə baxıb hey gülümsəyirdi. İşıq fənəriydi gözləri, tuneli işıqlandırırdı. İçimdəki bütün ağrı da, boğulmaq da, qorxu da uçub getmişdi. 
- Hara düşmüşük görəsən?
Uşaq:
- İşığa.
- Bura qaranlıqdı, balaca!
- Qaranlıqların sonu işıqdı axı.
- Sən nə yaman çox bilirsən?
- Tanıdın məni?
- Yox.
- Gözlərimə bax, kimə oxşayıram? 
- A-a, ona. Bu yuxudu, sən də onun uşaqlığısan, yuxuma girmisən yəqin.
Əlimi dişlədi. Necə ağrıtdısa, az qaldım vuram uşağı.
- Başın xarabdı? Neynirsən sən?
- Yaxşı, hirslənmə. Dişlədim ki, görəsən yuxu deyil də.
- Kismən sən, hardan yanımda peyda oldun? Elə bil telefon oyununun içinə düşmüşəm.
- Gedək, görsədəcəm sənə. Bax, burdan o yana yolu tanıyram. Bir az gedək, qabaq işıqlıqdı.
- Sən uşaq deyilsən, liliputsan deyəsən. Belə uşaq olar, a kişi, atamdan çox bilirsən.
- Vaxtından tez doğulub, böyüyüb, ölənlər belə olur.
- Of, səndən heç nə başa düşə bilmirəm. Qulaq as, bəs o adamlar noldu? Qışqırışan adamlar?
- Hərəsi öz həqiqətlərinin ortasına düşdülər.
- Ey kiçik Eynşteyn, hanı, bəs işığa çıxacaqdıq?
- Belə hövsələsiz oldun deyə mənə qıydın?
- Çox rabitəsiz danışırsan, heç nə tuta bilmirəm. Başım dolaşdı.
- O işığa bax!
Doğurdan da işıq gəlirdi. Nə qədər istəsəm də, bu çoxbilmiş uşağın əlin buraxa bilmirdim. Məcburən onu da özümlə dartışdıra-dartışdıra işığa çıxdım. Elə bir addım atırdım ki, uşaq qışqırdı.
- Ağılsız, dayan.
- Nə? Ağılsız?
- Ayağının altına bax. Göyün bir qatındayıq. Hara qaçırsan?
Bu nə idi axı? Qışqırmaq istəyirəm, səsim də çıxmır, lənətə gələsən.
Bu balaca adam əlimdən tutub dartır. Buludların üstündə gəzirik. Bu nə düşük xəyal gücüdü, sən allah? Yəni, məni öldürəsən, yuxuda belə bu cür mənasız şey görmərəm. Buludun üstündə gəzmək nə idi?
Bildiyim odur ki, əsil zibilə düşmüşəm.
Uşaq məni gətirib bir təpənin üstündə oturtdu. 
- Bax burdan görə bilirsən?
- Hə, bu yuxudu deməyəcəyəm, çünki yenə dişlərsən.
- Sən məni daha çox incitmisən.
- Ey balaca, mən səni indi görürəm, necə incitdim ki?
- Bax ora, mənəm o. Məktəbə gedirəm. Mən dünyanın ən çox bilən uşağı olacaqdım. İki yaşımdan danışmağa, gəzməyə başlayacaqdım. Mənə görə eviniz olacaqdı, bütün həyatınız dəyişəcəkdi. Bütün sıxıntılarınızın xilaskarı idim mən. Minlərlə adama həyat verəcəkdim, kömək olacaqdım. Siz tək məni yox, başqa adamları da öldürdünüz.
Uşaq uzaq bir buludun asta-asta bizdən uzaqlaşmasına baxıb, o yarpaq yaşılı gözlərini qırpmadan danışırdı. Heç nədən xəbərsiz halda dinləyirdim. Bu nə axmaq zaman kəsiyidi axı mən yaşayıram belə?
Uşaq nəfəsini dərmədən danışırdı:
- Alim olacaqdım, alim. Neçə-neçə əlacsız dərdin dərmanı da məndəydi… 
Uşaq danışdıqca böyüyürdü. 
- Sən kimsən axı?
- Sənin, sizin öldürdüyünüz…
- Mən heç kimi öldürməmişəm.
- Əllərin niyə qandı bəs?
Gödəkcəmin cibində həyəcandan bərk-bərk sıxdığım hamiləlik testi əlimi yaralamışdı, qan axırdı.
- Bu, bu testin qanıdı. Lənətə gəlmiş əlimi kəsib.
- O mənim qanımdı. Al mən də səni öldürəcəyəm, - deyib, qəfildən məni durduğumuz bulud təpəsindən üzü dünyaya itələdi. 
XƏBƏRLƏR
BLOGLAR