ABŞ-ın Roçester Universitetinin tədqiqatçıları Qrenlandiya balinalarının – məlum olan ən uzunömürlü məməlilərin – qeyri-adi uzun ömür sürməsini izah edə biləcək molekulyar mexanizmi aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu balinalar 200 ildən çox yaşaya bilir.
"Nature" jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, bu heyvanlarda olan zülallardan biri DNT-də yaranan zədələrin daha səmərəli şəkildə bərpasına kömək edir. Alimlər hesab edir ki, oxşar mexanizm gələcəkdə insanların həyat müddətini artırmağa imkan verə bilər.
Balinaların uzunömürlülüyünün sirri
Qrenlandiya balinaları iki əsrdən çox yaşaya bilmələri ilə tanınır və buna baxmayaraq, onlarda xərçəng və digər yaşla bağlı xəstəliklər çox nadir hallarda müşahidə olunur. Bu fakt alimləri təəccübləndirir, çünki iri heyvanların daha çox hüceyrəsi olur və nəzəri olaraq təhlükəli mutasiyaların yaranma ehtimalı da daha yüksəkdir.
Bu hadisə elmdə Peto paradoksu kimi tanınır. Bu, böyük heyvanlarda onkoloji xəstəliklərin niyə proporsional şəkildə daha yüksək səviyyədə müşahidə olunmadığını izah edən elmi tapmacadır.
DNT-ni bərpa edən zülal
Yeni tədqiqatda alimlər CIRBP adlı molekul üzərində cəmləşiblər. Bu, soyuq təsiri ilə aktivləşən RNT-bağlayıcı zülal hesab olunur. Qrenlandiya balinalarının toxumalarında bu zülalın səviyyəsinin digər məməlilərlə müqayisədə təxminən yüz dəfə yüksək olduğu müəyyən edilib.
Tədqiqatçılar bu zülalın versiyasını laboratoriyada insan hüceyrələrinə əlavə etdikdə, hüceyrələrin DNT zədələrini daha dəqiq bərpa etdiyi və daha az mutasiya topladığı müşahidə olunub.
Oxşar effekt meyvə milçəklərində də qeydə alınıb: dəyişdirilmiş həşəratlar daha uzun yaşayır və radiasiyaya daha davamlı olur.
İnsanlar 200 il yaşaya bilərmi?
Araşdırmanın baş müəlliflərindən biri Vera Qorbunova bildirir ki, nəticələr insan ömrünün artırılmasının bioloji baxımdan mümkün ola biləcəyini göstərir.
Bununla belə, alimlər vurğulayırlar ki, bu nəticələr yalnız hüceyrə kulturları və heyvan modelləri üzərində əldə edilib. Hələlik bu mexanizmlərin insan orqanizmində təhlükəsiz şəkildə işləyə biləcəyini sübut edən dəlillər yoxdur.
Soyuqla gözlənilməz əlaqə
Maraqlıdır ki, CIRBP zülalı soyuğun təsiri altında aktivləşir. Laboratoriyada bədən temperaturundan bir neçə dərəcə aşağı temperaturda saxlanılan insan hüceyrələri DNT-ni daha yaxşı bərpa etmək qabiliyyəti göstərib.
Tədqiqatçı Andrey Seluanovun sözlərinə görə, nəzəri olaraq qısa müddətli soyuq duşlar və ya qış üzgüçülüyü bu zülalın istehsalını stimullaşdıra bilər. Lakin bu hipoteza hələ əlavə araşdırmalar tələb edir.
Hazırda alimlər qrupu siçanlar üzərində eksperimentləri davam etdirir. Məqsəd CIRBP səviyyəsinin artırılmasının həqiqətən də ömür uzunluğunu uzadıb-uzatmadığını müəyyən etməkdir. Tədqiqatçılar qeyd edirlər ki, bu cür araşdırmaların əsas məqsədi ölümsüzlük deyil, insanların sağlam həyat dövrünü uzatmaqdır.
Aydın
Şərhlər