Hər gün içilən bir fincan çay yalnız sakitləşdirici bir ritualla məhdudlaşmır, həm də bədəni nəmləndirməklə yanaşı, sağlamlığa daha geniş təsir göstərə bilər.
Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar çayın gündəlik istifadəsinin sağlamlığa 5 əsas faydasını açıqlayıb.
Ürək sağlamlığına töhfə verir
Diyetoloq Everi Zenkerin sözlərinə görə, çayın müntəzəm istifadəsi arterial təzyiqin, "pis” xolesterinin və triqliseridlərin azalması ilə əlaqələndirilir. Bu göstəricilər ürək-damar xəstəlikləri ilə birbaşa bağlıdır.
Çayda xüsusilə polifenollar, o cümlədən epigallokatexin qallat (EGCG) maddəsi mövcuddur. Bu birləşmə ən çox yaşıl çayda, daha az isə qara çayda olur və ürək sağlamlığına qoruyucu təsir göstərə bilər.
Araşdırmalara əsasən, gündə üç fincan yaşıl çay içmək ürək-damar xəstəliklərindən ölüm riskini 26 faiz azalda bilər.
Zenkerin bildirdiyinə görə, qara çayda olan flavonoidlər də damarların genişlənməsinə kömək edərək qan təzyiqini azalda bilər.
Koqnitiv funksiyaları yaxşılaşdırır
Çayda mövcud olan kofein diqqət, ayıqlıq və zehni performansı artırır. Bu maddə xüsusilə uzunmüddətli və çətin zehni tapşırıqlar zamanı iş qabiliyyətini yüksəldir.
Bundan əlavə, çayda L-teanin adlı birləşmə də var. Bu maddə rahatlanmanı dəstəkləyir, gərginliyi azaldır və sakitlik hissi yaradır.
Zenkerin sözlərinə görə, kofein və L-teaninin birlikdə qəbulu diqqətin daha yaxşı yönləndirilməsinə və ayıqlığın artmasına kömək edir.
Bağırsaq mikrobiomuna müsbət təsir göstərir
Çaydakı polifenollar bağırsaqdakı faydalı bakteriyaların çoxalmasına şərait yaradır. Bu, Firmicutes və Bacteroidetes kimi mikroorqanizmlərin balansını dəstəkləyir.
Bu balansın düzgün olması piylənmə və metabolik pozuntular riskinin azalması ilə əlaqələndirilir.
Çay həmçinin bağırsaq bakteriyaları tərəfindən istehsal olunan iltihabi maddələrin azalmasına kömək edir və qısa zəncirli yağ turşularının yaranmasını stimullaşdırır. Bu birləşmələr həzm sistemi və ümumi mikrobiom tarazlığı üçün vacibdir.
Metabolizmi tənzimləyir
Xüsusilə yaşıl çay metabolizmin tənzimlənməsində rol oynayan bioaktiv maddələrlə zəngindir. EGCG yağ yandırılmasını sürətləndirə və insulin həssaslığını yaxşılaşdıra bilər.
Məlumatlara görə, gündə təxminən iki fincan çay içmək diabet riskinin azalması ilə əlaqələndirilir. Dörd fincan çay isə bu riski təxminən 15 faiz azalda bilər.
Qan şəkərinin səviyyəsini tənzimləyir
Qara çay tərkibində olan flavan-3-ollar sayəsində qan şəkərinin daha stabil qalmasına kömək edir.
Diyetoloq Meqan Laslonun sözlərinə görə, bu maddələr qan təzyiqini azaldır, xolesterin və şəkər səviyyəsinin daha yaxşı idarə olunmasına yardım edir. Daha yüksək miqdarda qəbul edildikdə ürək-damar xəstəlikləri riski də azalır.
Nəşr qeyd edir ki, çayın müntəzəm istifadəsi ürək-damar xəstəlikləri, insult və 2-ci tip diabet də daxil olmaqla bir sıra ciddi xəstəliklərdən ölüm riskinin aşağı düşməsi ilə əlaqələndirilir.
Aydın
Şərhlər