"Nə qədər ki, insanlar qoyduqları sərmayədən gələn gəlirin sahibi olduqlarına inanmayacaqlar, o vaxta qədər sahibkarlıq inkişaf etməyəcək".
Bu sözləri Qaynarinfo.Az-a açılamasında iqtisadçı ekspert Azər Mehdiyev xarici investorların ölkəyə cəlb edilməsinin yolları və buna mane olan mövcud qaydalardan danışarkən deyib.

Azər Mehdiyev bildirib ki, uzun müddətdir həm yerli, həm də xarici investorların cəlb etməyin yolları müzakirə olunur:
"Sahibkarlıq mühitinin şəffaflaşdırılması yolunda bir neçə addım atıldı. Ancaq investisiya mühitinin, xüsusilə xarici investorların ölkəyə cəlb edilməsinin birinci dərəcəli problemi inhisarçılıq və qanunların işləməməsi ilə bağlıdır".
Ekspertin sözlərinə görə, bu məslələr öz həllini tapmayınca, istənilən təşviqedici addımlar bəhrəsiz və səmərəsiz olacaq:
"Birincisi, ölkədə məmur-sahibkarlıq aradan qalxmalıdır. Məmu-sahibkarlıq ölkədə inhisarçılığın əsasını təşkil edir. Bütün fəaliyyət sahələri ayrı-ayrı məmur-sahibkarların nəzarətindədir. Son 1-2 ildə bunun haqqında danışılsa da, heç bir addım atılmayıb.
İkincisi, ən vacib məqam ölkədə qanunların işləməsini təmin edilməli və mülkiyyət toxunulmazlığına zəmanət verilməlidir. Nə qədər ki, insanlar qoyduqları sərmayədən gələn gəlirin sahibi olduqlarına inanmayacaqlar, o vaxta qədər sahibkarlıq inkişaf etməyəcək. Nə yerli, nə də xarici sahibkarlar investisiya qoymaqda maraqlı olacaq".
Azər Mehdiyevin fikrincə, qanunların işləməsini təmin edən əsas şərt məhkəmə sistemidir:
"Ədalətli məhkəmə sistemi olmadan sahibkarlığın inkişafı mümkün deyil. Bu baxımdan ölkəyə xaricdən gətrilən malların bahalaşdırılması, yerli istehsal üçün müəyyən müdafiə siyasəti həyata keçrilsə də, ən vacib məqam məhkəmələrin müstəqilliyinin təmin edilməsidir. Bu şərtlər olmadan ölkəyə xarici investorun gəlməsi qeyri-mümkündür".
Ekspert sonda bir məsləni də vurğulayıb ki, bu şərtlər təmin olunacağı və xarici investorların ölkəyə cəlb ediləcəyi təqdirdə, bazarın genişləndirilməsi, ixraca olan qadağaların aradan götrülməsi və bank sisteminin normal işləməsi vacib şərtlərdəndir.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az
Şərhlər