Sentyabr ayında adətən tərəvəzlərin, xüsusilə pomidorun qiymətində ucuzlaşma müşahidə olunur. Lakin bu il bazarlarda pomidorun qiymətinin gözlənilən kimi ucuz olmadığı, əksinə, baha olduğu müşahidə edilir. Ümumilikdə isə bu il bazarlarda tərəvəzlərin qiymətinin də əvvəlki illərlə müqayisədə ucuz olmadığı diqqət çəkir.
Bəs sentyabr ayında pomidorun qiymətinin yüksək qalmasının səbəbi nədir? Buna yerli istehsalın azalması, ixracın artması, yoxsa istehsal xərclərinin artması təsir edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, sentyabr ayında pomidorun ucuzlaşmamasının bir sıra səbəbləri var:
“Sentyabrda pomidorun adətən ucuzlaşmasının əsas səbəbi açıq sahə məhsulunun bazara kütləvi çıxmasıdır. Bu il isə həmin təklifin əvvəlki qədər güclü olmaması qiymətin yüksək qalmasına səbəb ola bilər. Burada yalnız yerli istehsalın azalmasını deyil, məhsuldarlığa təsir edən hava şəraitini, istehsal xərclərinin artmasını, suvarma və logistika xərclərini də nəzərə almaq lazımdır”.

Ekspert bu il bazarlarda ümumi qiymətlərin aşağı düşməməsində ixrac amilinin də rol oynadığını vurğulayıb:
“Bu il bazarlarda ümumi qiymətlərin aşağı düşməməsinin başqa səbəbi də ixracdır. Yerli məhsula xarici bazarlarda tələb yüksəkdirsə, istehsalçı üçün məhsulu daxildə ucuz satmaqdansa, ixraca yönəltmək daha sərfəli olur. Bu isə daxili bazarda təklifi azaldaraq qiymətin yüksək qalmasına səbəb ola bilər”.
Akif Nəsirlinin sözlərinə görə, qiymət artımını yalnız istehsalın azalması və ya ixracın çoxluğu ilə əlaqələndirmək düzgün deyil:
“Lakin məsələni yalnız “ixrac çox olub” və ya “yerli istehsal azalıb” kimi izah etmək düzgün deyil. Əsas problem istehsal, ixrac və daxili bazarın tələbi arasında düzgün balansın formalaşmamasıdır. Yerli istehsal artsa belə, məhsulun böyük hissəsi ixraca gedirsə və ya istehsalçı ilə istehlakçı arasındakı zəncir çox bahalıdırsa, bu, bazarda ucuzlaşma yaratmaya bilər”.
Ekspert qiymətlərin sabitləşməsi üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini qeyd edib:
“Ona görə qiymətlərin sabitləşməsi üçün həm istehsalın məhsuldarlığı artırılmalı, həm saxlanma və logistika imkanları yaxşılaşdırılmalı, həm də daxili bazarda kifayət qədər məhsul qalmasını təmin edən mexanizmlər formalaşdırılmalıdır”.
Günay İlqarqızı
Şərhlər