Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə “faydalı” hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Verywell Health” yazır.
Nəticələri “British Journal of Nutrition” jurnalında dərc olunan yeni araşdırmada 100 faiz meyvə şirəsinin sağlam qidalanmanın bir hissəsi olub-olmayacağı araşdırılıb. Tədqiqatın nəticələri onun faydalarının fiziki sağlamlıqla məhdudlaşmaya biləcəyini göstərib.
Nəşrin məlumatına görə, araşdırmada 18-65 yaş arasında olan 42 britaniyalı iştirak edib. Onların adi qida rasionunda meyvə və tərəvəzlərin miqdarı minimum səviyyədə olub.
İştirakçılar üç qrupa bölünüb. Birinci qrup nəzarət qrupu olub və iştirakçılar qidalanma rejimlərini ümumiyyətlə dəyişməyiblər. İkinci, “meyvə-tərəvəz” qrupuna gündəlik meyvə və tərəvəz istehlakını beş porsiyaya qədər artırmaq təklif olunub. Üçüncü, meyvə şirəsi qrupunda da gündəlik meyvə və tərəvəz istehlakı beş porsiyaya çatdırılmalı idi. Lakin bu miqdara təxminən 150 ml 100 faiz meyvə şirəsi və ya 100 faiz meyvə smuzisinin bir porsiyası da daxil edilə bilərdi.
Dörd həftə davam edən araşdırmanın sonunda alimlər meyvə və tərəvəz istehlakını artıran qruplarda depressiya göstəricilərində kiçik, lakin nəzərəçarpacaq yaxşılaşma müşahidə ediblər. Şirə və smuzi qrupunda isə psixi rifahın əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeydə alınıb:
“Məqalədə qeyd olunur ki, bu araşdırma portağal və digər meyvə şirələrinin depressiya əlamətlərini birbaşa azaltdığını sübut etmir. Bununla belə, 100 faiz meyvə şirəsinin sağlam qidalanma ilə birlikdə istehlak edildikdə orqanizmin gündəlik qida maddələrinə olan tələbatının ödənilməsinə əhəmiyyətli dərəcədə kömək edə və psixi sağlamlığa müsbət təsir göstərə biləcəyini göstərir".
Qeydiyyatdan keçmiş diyetoloq-nutritionist Ember Ayzenqartın sözlərinə görə, meyvə şirələrində, o cümlədən portağal şirəsində olan flavonoidlər beynin fəaliyyətini dəstəkləyə bilər:
“Flavonoidlər bağırsaqlarda metabolizə olunur. Bu isə neyrotransmissiyanı və beyində siqnalların ötürülməsini yaxşılaşdıra, potensial olaraq psixi sağlamlığa təsir göstərə bilər”.
Məlumata görə, portağal şirəsinin tərkibində “Nutrients” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən immun sistemini gücləndirə bilən C vitamini, həmçinin neyrotransmitterlərin istehsalına kömək edən folat da var.
“C vitamininin aşağı səviyyəsi yorğunluq, motivasiyanın olmaması, diqqəti cəmləməkdə çətinlik və əhval-ruhiyyənin aşağı düşməsi ilə yanaşı, əzələ və ya oynaq ağrıları və dəqiq müəyyən edilmiş simptomlar olmadan ümumi halsızlıqla da əlaqələndirilir”, deyə diyetoloq Mişel Baqqs bildirib.
Məqalədə qeyd olunur ki, portağal şirəsi kimi C vitamini ilə zəngin qida və içkilərin qəbulu orqanizmdə bu vitaminin lazımi səviyyədə saxlanmasına və onun çatışmazlığının, o cümlədən əhval-ruhiyyənin aşağı düşməsi kimi yan təsirlərinin qarşısının alınmasına kömək edə bilər.
Bundan əlavə, portağal şirəsində olan folat və ya B9 vitamini orqanizmdə əhval-ruhiyyə və düşüncə proseslərinə təsir edən serotonin və dopamin neyrotransmitterlərinin istehsalı üçün vacibdir. “Nutrients” jurnalında dərc olunan araşdırma folat çatışmazlığının depressiya riskinin artması və daha ciddi depressiv simptomlarla əlaqəli olduğunu göstərib.
Portağal şirəsi tərkibindəki şəkərə görə bəzən mənfi reputasiyaya malikdir. Məsələn, 150 ml 100 faiz portağal şirəsinin tərkibində təxminən 14 qram şəkər olur.
Lakin Ayzenqart gündə bir stəkan təzə portağal şirəsinin narahatlıq üçün səbəb olduğunu düşünmür. Çünki portağal və portağal şirəsinin tərkibində şəkər təbii şəkildə mövcuddur. Onun sözlərinə görə, sağlamlığa mənfi təsir göstərə bilən məhz qablaşdırmanın üzərində göstərilən əlavə şəkərdir. Təbii portağal şirəsində isə əlavə edilmiş şəkər olmur.
Baqqs da 100 faiz meyvə şirəsinin bir stəkanının balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcəyi ilə razılaşıb. Bunun üçün insanın bütöv meyvə və tərəvəzlərdən də istifadə etməyə davam etməsi vacibdir: “Gün ərzində bütöv meyvə və tərəvəzlər, eləcə də kifayət qədər zülal ehtiva edən qida rasionu psixi rifahı dəstəkləyə bilər".
Aydın
Şərhlər