XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
Sağlamlıq20:55 13.09.2026

Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?

Yeni nəsil arıqlama iynələrindən istifadə edən bəzi insanlarda üzdə yaranan həcm itkisi, çökmə və sallanma son dövrlərdə “Ozempic Face” adlandırılır. Araşdırmalar üzdə yağ itkisinə bədənin digər nahiyələri ilə müqayisədə daha sürətli baş verə biləcəyinə dair diqqətçəkən nəticələr ortaya qoyur.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər isə bunun yalnız sürətli çəki itkisi ilə əlaqəli olmaya biləcəyini, dəri və kollagen strukturunda baş verən dəyişikliklərin də araşdırılmasının vacib olduğunu bildirirlər.

Piylənmə və diabetin müalicəsində istifadə olunan yeni nəsil GLP-1 dərmanlarının təsirləri elm dünyası tərəfindən yaxından izlənilir. Sürətli çəki itkisi ilə yanaşı, bəzi istifadəçilərin üzündə müşahidə olunan həcm itkisi, çökmə və sallanma son dövrlərdə “Ozempic Face” adı ilə gündəmə gəlib. Yeni araşdırmalar bu dəyişikliklərin yalnız itirilən çəki ilə deyil, üzdəki yağ toxuması və dəri strukturunda baş verən fərqli təsirlərlə də əlaqəli ola biləcəyini göstərir.

Həkim Furkan Burak "Hürriyet"dəki köşəsində arıqlama iynələri ilə bağlı maraq doğuran məsələlərə toxunub.

Tibb tarixinin ən böyük inqilablarından birinə, orqanizmin öz mexanizmlərindən istifadə etməklə xroniki xəstəliklərin öhdəsindən gəlməyə başladığı bir dövrə şahidlik edirik.

Lakin hər böyük dəyişiklik kimi, bu səyahət də gözlənilməz nəticələr gətirir. Bu gün ən çox eşitdiyimiz terminlərdən biri “Ozempic Face”dir.

Bu nədir?

Qısaca desək, “Ozempic Face” yeni nəsil piylənmə dərmanları olan GLP-1 preparatlarından istifadə edən insanlarda müəyyən müddətdən sonra üzdə meydana çıxan çökmə və sallanmanı ifadə edir. Bu termini ilk dəfə Nyu-Yorklu dermatoloq Pol Cərod Frenk klinikasında oxşar dəyişiklikləri müşahidə etdiyi pasiyentləri təsvir etmək üçün işlədib.

Sadə yan təsirdirmi?

Sürətlə çəki itirən insanın üzündə çökmə yaranması yeni müşahidə deyil. Bu hal klassik pəhrizlər zamanı da baş verə bilər. Lakin GLP-1 preparatlarının istifadəsi ilə müşahidə olunan mənzərənin bir qədər fərqli olduğu düşünülür. Elm dünyası uzun müddət bunu “çəki itkisinin yan təsiri” hesab edib. Son araşdırmalar isə prosesdə birbaşa fərqli mexanizmlərin də rol oynaya biləcəyinə dair ciddi suallar yaradıb.

Üzdəki yağ daha sürətlə əriyir

Üçölçülü görüntüləmə üsulundan istifadə edilən bir araşdırma diqqətçəkən nəticə ortaya qoyub. Həftəlik semaqlutid istifadə edən insanlarda ümumi bədən yağı təxminən 9,2 faiz azalarkən, gicgah nahiyəsindəki yağ yastıqcıqlarında 41,8 faiz, yanaq yağ yastıqcıqlarında isə 69,9 faiz azalma qeydə alınıb.

Beləliklə, üzdəki yağ itkisi bədənin digər hissələri ilə müqayisədə 4–7 dəfə daha sürətli olub. Bu qeyri-mütənasiblik “sadəcə arıqladığı üçün üzü çöküb” izahının tam yetərli olmadığını və dərmanların üzdəki yağ ehtiyatlarına fərqli təsir göstərə biləcəyini düşündürür.

Dərinin bərpa mexanizmi zəifləyir

Məsələ yalnız həcm itkisi olsaydı, problemi dolğu vasitələri ilə asanlıqla həll etmək mümkün olardı. Lakin başqa bir nəzəriyyəyə görə, dərinin dermal qatında yağ itkisinə əlavə olaraq digər dəyişikliklər də baş verə bilər.

Dərinin altında onun gənc görünüşünü qoruyan bir “bərpa komandası” var: yağ toxumasından yaranan kök hüceyrələr və kollagen istehsal edən fibroblastlar. Maraqlıdır ki, bu hüceyrələrin üzərində də GLP-1 reseptorları mövcuddur.

Bu reseptorların aktivləşməsi ilə iki problemin meydana çıxa biləcəyi düşünülür: hüceyrənin enerji təminatı zəifləyir və qoruyucu mexanizmlər zədələnir. Nəticədə söhbət yalnız həcmini itirmiş üzdən deyil, kollagen istehsalının da zəiflədiyi və möhkəmliyini itirdiyi dəridən gedə bilər.

“Anti-aging” qəhrəmanı

Bununla belə, bütün mənzərəni yalnız mənfi tərəfdən qiymətləndirərək dərmanı ümumilikdə “dərinin düşməni” elan etmək düzgün olmaz. Eyni GLP-1 preparatlarının iltihabəleyhinə təsirləri ilə yara sağalmasını sürətləndirə bildiyi, psoriaz kimi xroniki dəri xəstəliklərində də fayda göstərə bildiyi bildirilir.

Diabet xəstələri üzərində aparılan bir araşdırma GLP-1 istifadə edən insanlarda həm psoriazın, həm də hidradenit suppurativanın rastgəlmə tezliyinin azaldığını göstərib.

Digər təsir “qabaqcıl qlikasiya son məhsulları” vasitəsilə baş verə bilər. Sadə dillə desək, qandakı şəkərin zülallara yapışaraq onları sərtləşdirməsi bu prosesə bənzədilə bilər. GLP-1 preparatları bu yığılmanı azaltmaqla toxumaları belə “sərtləşmədən” qoruya bilər.

Yəni bu dərmanlar orqanizmin digər hissələrində qocalmanı ləngidən təsir göstərə bilər. Əsas sual isə bu təsirin niyə üz nahiyəsində eyni şəkildə müşahidə olunmamasıdır.

Həyat qurtaran faydaları var

GLP-1 reseptor agonistlərinin ürək-damar sağlamlığına müsbət təsir göstərdiyinə, ürək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilmələri və xroniki böyrək xəstəliyinin inkişafını azaltdığına dair güclü sübutlar mövcuddur.

Doğru pasiyentdə bu faydaların kosmetik narahatlığın kölgəsində qalmasına imkan vermək olmaz. Lakin kosmetik narahatlığı da görməzdən gəlmək düzgün deyil. Əsas məqsəd mexanizmi anlamaq, prosesi izləmək və həll yolları tapmaqdır.

Nə etmək lazımdır?

Bu sahədə anlayışımız hələ tam deyil. Lakin mövcud məlumatlar problemin tam qarşısını almaq mümkün olmasa belə, onun təsirlərini azaltmağın mümkün olduğunu göstərir.

Birincisi, sürətdən müəyyən qədər imtina etmək lazımdır. Dozanın tədricən artırılması dərinin dəyişikliklərə uyğunlaşması üçün vaxt verə bilər.

İkincisi, kifayət qədər zülal qəbul etmək vacibdir. Bədən çəkisinin hər kiloqramına 1,2–1,6 qram zülal qəbul edilməsi yalnız yağ deyil, əzələ və toxuma itkisinin də məhdudlaşdırılmasına kömək edə bilər.

Üçüncüsü, bu dərmanlar susuzluq hissini azalda bildiyindən kifayət qədər su qəbuluna və dəri baryerini dəstəkləyən nəmləndiricilərdən istifadəyə diqqət yetirmək lazımdır. Günəşdən qorunma, müqavimət məşqləri və kifayət qədər yuxu da vacibdir. Dərinin bərpası prosesinin əhəmiyyətli hissəsi dərin yuxu zamanı baş verir.

Dəyişikliklər artıq yaranıbsa, kollagen istehsalını dəstəkləyən dəriyə qulluq vasitələri və dermatoloq nəzarəti ilə proses idarə oluna bilər. Qalıcı müdaxilələr üçün isə çəkinin ən azı altı ay sabit qaldığı dövrə qədər gözləmək tövsiyə edilir.

Dərmanların üzdəki yağ itkisini niyə sürətləndirdiyi və ya bədənin digər hissələrində cavanlaşdırıcı təsir göstərərkən üz nahiyəsinin niyə geridə qaldığı sualının cavabını qarşıdakı illərdə əldə etmək mümkün olacaq.

Mütəxəssislərin fikrincə, yaşlanmanı bütöv şəkildə idarə edərkən hər bir orqanın, o cümlədən dərinin özünəməxsus xüsusiyyətlərini də nəzərə almaq vacibdir.

Aydın