XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alimlər Yer kürəsində həyatın yaranmasının mümkün mexanizmini tapdı
Dünya19:54 13.09.2026

Alimlər Yer kürəsində həyatın yaranmasının mümkün mexanizmini tapdı

Buffalo Universitetinin alimləri müəyyən ediblər ki, ilk hüceyrələr yaranmazdan əvvəl RNT ayrı-ayrı “damcılar” şəklində konsentrasiya ola bilərdi. Bu proses həyatın yaranmasının ilkin mərhələlərindən biri olmuş ola bilər. Təcrübələr zamanı RNT-nin DNT-dən təxminən 10°C aşağı temperaturda belə strukturlar əmələ gətirdiyi müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, tədqiqat “Nature Communications” jurnalında dərc olunub.

İlk hüceyrələr yaranmazdan əvvəl molekulları bir yerdə saxlayan örtük mövcud deyildi. Alimlərin sözlərinə görə, bu, həyatın mənşəyi ilə bağlı əsas suallardan birini ortaya çıxarır: kövrək molekullar kimyəvi reaksiyalara daxil olmaq üçün kifayət qədər yüksək konsentrasiyada necə bir araya gələ bilərdi?

Təcrübələr göstərib ki, RNT bu problemi duzlu suda öz-özünə yüksək konsentrasiyalı damcılar əmələ gətirməklə həll edə bilər. Tədqiqatçılar ardıcıllığı eyni olan RNT və təkzəncirli DNT molekullarını müqayisə edərək gözlənilməz fərq aşkarlayıblar: RNT DNT ilə müqayisədə təxminən 10°C daha aşağı temperaturda damcılar əmələ gətirməyə başlayıb. Təcrübələrdən birində bu fərq 15°C-yə çatıb.

“Bunun səbəbi kiçik bir kimyəvi detaldadır. RNT və DNT şəkərin quruluşuna görə cəmi bir əlavə oksigen atomlu qrupla fərqlənir. Bu xüsusiyyət RNT-yə maqnezium ionları və su molekulları ilə fərqli şəkildə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Nəticədə RNT zəncirləri bir-birinə daha asan yaxınlaşır və damcılar şəklində birləşir”, – tədqiqatçılar izah ediblər.

Bu damcıların bəziləri müəyyən şəraitdə gelə çevrilib. Belə halda molekullar sıx şəbəkə əmələ gətirərək sərbəst hərəkət imkanlarını itirib. Adi maye damcılarından fərqli olaraq, bu vəziyyət soyuduqdan sonra da həmişə yox olmayıb. Alimlərin fikrincə, belə struktur RNT-ni əlverişsiz mühitdən əlavə qorumuş ola bilər.

Nəticələr RNT dünyası hipotezi ilə uyğunluq təşkil edir. Bu hipotezə əsasən, təkamülün ilkin mərhələlərində RNT həm genetik məlumatı saxlaya, həm də kimyəvi reaksiyalarda iştirak edə bilərdi.

Tədqiqat hələlik belə damcıların həqiqətən də gənc Yer kürəsində mövcud olduğunu sübut etmir. Bununla belə, alimlər onların yalnız RNT-ni qoruyub-qoruya bilmədiyini, həm də daxilində biokimyəvi reaksiyaları başladıb-başlada bilmədiyini araşdırmaq niyyətindədirlər.

Gələcəkdə bu araşdırma ilk membranlar yaranmazdan əvvəl ayrı-ayrı molekullardan ilk hüceyrəbənzər strukturların necə formalaşdığını anlamağa kömək edə bilər.

Aydın