XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Həkim süd vəzi xərçənginin beş əlamətini açıqladı
Sağlamlıq10:50 11.09.2026

Həkim süd vəzi xərçənginin beş əlamətini açıqladı

Süd vəzi xərçəngi “qəfil” yaranan xəstəlik deyil. Orqanizm əvvəlcədən müəyyən siqnallar verir, lakin onları hər zaman düzgün tanımaq mümkün olmur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 2,3 milyon yeni süd vəzi xərçəngi halı qeydə alınır. Qadınlarda süd vəzi xərçəngi ən çox diaqnoz qoyulan onkoloji xəstəlik olaraq qalır.

Bəs, süd vəzi xərçəngi ilə bağlı hansı əlamətlərə diqqət yetirmək lazımdır?

Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, USM həkimi, onkoloq və radioloq Fatimə Tamayeva gazeta.ru-ya danışıb.

Mütəxəssis beş əsas əlaməti qeyd edib. Birincisi, süd vəzində və ya qoltuqaltı nahiyədə ağrısız bərkimədir. İkincisi, dəridə dəyişikliklər — içəriyə doğru çəkilmə, qırış, qızartı və ya “portağal qabığı” görünüşüdür. Üçüncüsü, məmə ucunda dəyişikliklər — içəriyə doğru çəkilmə, formasının dəyişməsi, qabıqlanma və ya yaraların yaranmasıdır. Dördüncüsü, məmə ucundan qeyri-adi, xüsusilə qanlı ifrazatın gəlməsidir. Beşincisi isə süd vəzisinin formasının, ölçüsünün və ya simmetriyasının dəyişməsidir.

Tamayeva xəbərdarlıq edib ki, problem bəzən “şiş”lə başlamır. Qadın qoltuqaltında və ya körpücük sümüyünün üstündə limfa düyününün böyüdüyünü, allergiyaya bənzər dəri dəyişikliklərini və ya süd vəzisinin müəyyən nahiyəsində qeyri-adi hissiyyatı müşahidə edə bilər. Yeni yaranan və davamlı olan istənilən dəyişiklik həkim tərəfindən qiymətləndirilməlidir.

Onkoloq “ağrıyırsa, deməli xərçəng deyil” mifini də təkzib edib. Doğrudan da, erkən mərhələlərdə xəstəliyin əksər halları ağrı ilə müşayiət olunmur, lakin bəzi şişlər ağrıya səbəb ola bilər. Buna görə də “ağrıyırsa, xərçəng deyil” prinsipi doğru deyil.

Dəyişiklik aşkarlandıqda əsas məsələ panikaya düşməmək və mammoloqa müraciəti təxirə salmamaqdır. Həkim müayinə apararaq hansı diaqnostik üsulun lazım olduğunu müəyyənləşdirir: mammoqrafiya, ultrasəs müayinəsi və ya MRT. Şübhəli nahiyə aşkarlandıqda növbəti mərhələ biopsiya ola bilər. Yalnız toxuma müayinəsi yekun diaqnozu müəyyənləşdirməyə və müalicə taktikasını seçməyə imkan verir. Müntəzəm diaqnostika xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edir.

Aydın