Bakının müxtəlif ərazilərində kanalizasiya infrastrukturunun genişləndirilməsi və yenilənməsi istiqamətində işlər davam etdirilir.
Paytaxtın bir sıra ünvanlarında yeni kanalizasiya kollektorlarının tikintisi aparılır, mövcud xətlərin isə yenilənməsi və şəbəkənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Yeni kollektorların istifadəyə verilməsi ilə şəhərin kanalizasiya sisteminin yükünün azaldılması, xüsusilə mərkəzləşdirilmiş şəbəkəyə çıxışı olmayan ərazilərdə infrastruktur imkanlarının artırılması gözlənilir.
Maraqlıdır ki, tikinti başa çatdıqdan sonra sənədsiz evlərin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulması mümkün olacaq?
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, su və ya tullantı su təchizatına qoşulma mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir:
"Belə ki, qoşulma və xidmətlərdən istifadə etmək üçün vətəndaş müvafiq sənədlərlə (həmin sənədlər içərisində mütləq şəkildə çıxarış da yer alır) Xidmətə müraciət etməlidir. Yalnız bütün sənədləri olan və tələblərə cavab verən vətəndaş su və ya kanalizasiya təchizatına qoşula bilər".
Şərhlər