XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Səhər yeməyi və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Sağlamlıq08:45 07.09.2026

Səhər yeməyi və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib.

Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 31 min insan cəlb edilib. İştirakçılar gün ərzində ilk və sonuncu dəfə nə vaxt qida qəbul etdiklərini özləri bildiriblər. Daha sonra alimlər 9 il ərzində iştirakçıları izləyərək ölüm hallarını və onların yemək vaxtlarını qeydə alıblar.

Məlum olub ki, ilk yeməyini saat 07:00-dan əvvəl və ya 08:00-dan sonra yeyən insanlar ilk qida qəbulunu 07:00-08:00 aralığında edənlərlə müqayisədə daha qısa ömür sürüblər. Saat 08:00-dan sonra ilk yeməyin hər bir saat gecikməsi müşahidə dövründə istənilən səbəbdən ölüm riskinin 3%, ürək-damar xəstəliklərindən ölüm riskinin isə 5% artması ilə əlaqələndirilib.

Axşam yeməyi ilə bağlı da oxşar əlaqə aşkarlanıb. Sonuncu dəfə saat 19:00-dan əvvəl və ya gecə yarısından sonra yemək yeyən insanlarda da müşahidə dövründə ölüm riski daha yüksək olub.

Ən böyük ömür qısalması 50 yaşdan yuxarı, ilk dəfə günorta saat 12:00-dan sonra, sonuncu dəfə isə 19:00-dan əvvəl və ya gecə yarısından sonra qida qəbul edən insanlar arasında müşahidə edilib. Onların gözlənilən ömür uzunluğu ilk yeməyini 07:00-08:00 arasında, sonuncu yeməyini isə 19:00-20:00 arasında yeyən insanlardan 2,5 il az olub.

Yemək vaxtı uzunömürlülüyə necə təsir edə bilər?

Qida qəbulunun vaxtı yuxu və oyaqlıq dövrünü tənzimləyən daxili bioloji saat – sirkadiyalı ritmlə əlaqəlidir. Kardioloq Meri Qrinin sözlərinə görə, sirkadiyalı ritmin pozulması maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Bu vacibdir, çünki metabolik pozuntular çəki artımına və diabet də daxil olmaqla xroniki xəstəliklərə səbəb ola bilər. Onlar isə öz növbəsində erkən ölüm və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Nələri nəzərə almaq lazımdır?

Bununla belə, araşdırmanın müəyyən məhdudiyyətləri var. Tədqiqat retrospektiv xarakter daşıyıb: alimlər əvvəldən mövcud olan məlumatları təhlil edərək onları sonrakı sağlamlıq nəticələri ilə müqayisə ediblər. Buna görə əldə edilən nəticələr yemək vaxtı ilə ömür uzunluğu arasında əlaqənin olduğunu göstərir, lakin erkən və ya gec qida qəbulunun birbaşa bu nəticələrə səbəb olduğunu sübut etmir. Kardioloq Xuan Lopes də buna diqqət çəkib.

Mütəxəssislər həmçinin saat 19:00-dan əvvəl axşam yeməyi yeməyin mümkün risklərinə şübhə ilə yanaşıblar. Bir çox insan üçün saat 17:00 və ya 18:00-da yemək tamamilə normaldır. Üstəlik, əvvəlki araşdırmalarda daha erkən axşam yeməyi çox vaxt daha yaxşı sağlamlıq göstəriciləri ilə əlaqələndirilib.

Eyni zamanda, əvvəlki elmi işlər gecə və ya hava qaraldıqdan sonra qida qəbulunu diabet, qanda şəkərin kəskin yüksəlməsi və erkən ölüm ehtimalının artması kimi sağlamlıq riskləri ilə əlaqələndirib.

"İnsanlar axşam yeməyini gecikdirməyə başlamazdan əvvəl bu nəticələrin yenidən yoxlanılmasını istərdim", deyə kardioloq Kaustubh Dabhadkar bildirib.

Bundan əlavə, araşdırmanın müəllifləri qeyd ediblər ki, daha optimal vaxtlarda qida qəbul edən insanların daha sağlam həyat tərzinə təsir edən digər xüsusiyyətləri də ola bilər. Məsələn, onların iş qrafiki daha sabit və ya gəlirləri daha yüksək ola bilər. Bu amillər də uzunömürlülük göstəricilərinə təsir etmiş ola bilər.

Mütəxəssislər nə deyir?

"Daha yaxşı metabolik sağlamlıq üçün orqanizmin sirkadiyalı ritmlərini anlamaq və ürək-damar xəstəlikləri riskini azaltmaq vacibdir. Gec saatlarda axşam yeməyi ilə metabolik sağlamlığın pisləşməsi arasındakı əlaqə yaxşı məlumdur. Buna görə qida qəbulunun vaxtı nə yediyimiz qədər əhəmiyyətli ola bilər", deyə Dabhadkar bildirib.

Bununla belə, yemək vaxtı uzunömürlülüyə təsir edə biləcək amillərdən yalnız biridir. Lopesin sözlərinə görə, qidalanma və fiziki aktivlik də ən azı eyni dərəcədə vacib olaraq qalır. Mütəxəssislər əldə olunan nəticələrin axşam yeməyini daha gec saata keçirmək üçün kifayət qədər əsas yaratmadığını da bildirirlər.

Bu araşdırma və əvvəlki məlumatlar ümumilikdə səhər yeməyinin erkən qəbul edilməsini, hər halda günorta saat 12:00-dək qida qəbulunu dəstəkləyir. Axşam yeməyi üçün ən uyğun saatla bağlı isə hələlik birmənalı tövsiyə yoxdur və əlavə araşdırmalara ehtiyac var. Eyni zamanda, mədə yanmasına meyilli insanlara yatmazdan əvvəl yeməkdən çəkinmək tövsiyə olunur.

Aydın