XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir
Ölkə11:50 06.09.2026

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Mən də işğaldan azad edilmiş ərazilərə tez-tez səfər edirəm. Hər dəfə həmin ərazilərə gedərkən qayalıqların üzərində müxtəlif adların yazıldığının şahidi oluram. Təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, bu yazıların arasında şəhidlərimizin adlarına da rast gəlinir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rəhbəri Rey Kərimoğlu söyləyib.

Onun sözlərinə görə, qayaların üzərinə bu şəkildə ad yazılması yolverilməzdir.

“Həmin ərazilər bizim üçün xüsusi əhəmiyyət daşıyır və mənəvi cəhətdən həssas yerlərimizdir. Buna görə də həmin məkanlara münasibət son dərəcə məsuliyyətli olmalıdır. Bundan başqa, hazırda Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə dövlət tərəfindən müxtəlif küçələr, binalar şəhidlərimizin adları əbədiləşdirilir. Beləliklə bu əlavə, xoşagəlməz fəaliyyətlərə qəti etiraz lazımdır. Bu halda isə haqlı olaraq sual yaranır: həmin adları qayaların üzərinə kim yazır? Bu məsələ ciddi nəzarətə götürülməlidir”, - deyə R.Kərimoğlu əlavə edib.

Assosiasiya rəhbəri xatırladıb ki, vaxtilə Nizami kinoteatrının yaxınlığındakı ərazilərdə də bu cür yazılara rast gəlinirdi və bununla bağlı müvafiq tədbirlər görüldü. Çünki daşların, qayaların, tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin üzərinə hər hansı uyğunsuz yazının həkk edilməsi yolverilməzdir. Bu, tarixi və mədəni irsimizə hörmətsizliyin göstəricisidir.

“Xüsusilə turist səfərləri təşkil edən turizm şirkətlərinə və agentliklərə müraciət edirəm ki, səfərlər zamanı turistləri bu məsələlər barədə əvvəlcədən məlumatlandırsınlar. İnsanlara izah edilməlidir ki, daşların, qayaların üzərinə ad və digər yazılar yazmaq, onları cızmaq, boyamaq, həmçinin tarixi abidələrə hər hansı formada müdaxilə etmək olmaz. Belə halların qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməlidir”, - deyə Rey Kərimoğlu vurğulayıb.