XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İsveçrəli alimlər buzlaqları qoyun yunu ilə qoruyur - İlk nəticələr açıqlandı
Dünya23:46 05.09.2026

İsveçrəli alimlər buzlaqları qoyun yunu ilə qoruyur - İlk nəticələr açıqlandı

İsveçrədə buzlaqların əriməsinin qarşısını almaq üçün qeyri-adi üsul sınaqdan keçirilir. Alimlər Alp dağlarında buzlaq səthlərini qoyun yunu ilə örtərək onun əriməni azaltmaq baxımından nə dərəcədə effektiv olduğunu araşdırırlar.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, İsveçrənin qərbində yerləşən Tsanfleuron buzlağında həyata keçirilən “Keep It Wool” layihəsi Lozanna Universiteti və Summit Fondunun iştirakı ilə aparılır.

Buzlaqların əriməsini yavaşlatmaq üçün illərdir yay aylarında qar və buz səthlərinin üzərinə sintetik örtüklər sərilir. Bu örtüklər günəş şüalarını əks etdirərək buzun daha az istilik qəbul etməsinə və ərimənin zəifləməsinə kömək edir. Lakin sintetik örtüklərin plastikdən hazırlanması və ətraf mühitə mikroliflər buraxa bilməsi alternativ materialların axtarışını gündəmə gətirib.

Layihənin rəhbəri Timoti Ştayner bildirib ki, məqsədlərdən biri bioloji parçalana bilən materialın sınaqdan keçirilməsi, digər tərəfdən isə İsveçrədə hər il böyük hissəsi istifadə olunmadan atılan qoyun yununa yeni tətbiq sahəsi tapmaqdır.

İdeya Lozanna Universitetində təhsil alan dörd magistr tələbəsi tərəfindən irəli sürülüb. İyunda İsveçrənin "Fisolan" şirkətinin hazırladığı iki yun örtük Tsanfleuron buzlağının 200 kvadratmetrlik hissəsinə yerləşdirilib. Tədqiqatçılar yay ərzində onların effektivliyini ənənəvi sintetik geotekstil örtüklərlə müqayisə ediblər.

İlkin nəticələr alimlərin gözləntilərini üstələyib. Timoti Ştaynerin sözlərinə görə, iki həftədən bir aparılan ölçmələr yun örtüklərinin də sintetik örtüklər kimi buzlağın əriməsini müəyyən qədər məhdudlaşdırdığını göstərib.

Fisolan şirkətinin əməkdaşı Niklaus Saegesser isə materialın davamlılığının onu təəccübləndirdiyini bildirib. Layihədə iştirak edən tələbələrdən Elliot Qaffiot da nəticənin gözləniləndən daha yaxşı olduğunu deyib.

Bununla belə, layihənin iştirakçıları yun örtüklərin qlobal istiləşmənin həlli olmadığını vurğulayırlar. İsveçrədə buzlaqların yalnız təxminən 0,02 faizi qoruyucu örtüklərlə bağlanır.

Alimlərin fikrincə, buzlaqların sürətlə əriməsinin qarşısını uzunmüddətli perspektivdə almağın əsas yolu, xüsusilə qazıntı yanacaqlarının istifadəsindən yaranan istixana qazı emissiyalarını azaltmaqdır.

Günay