Dünyada emal edilən litiumun böyük hissəsi bir ölkədən – Çindən keçir. Ölkə daxilində alternativ mənbələr axtaran ABŞ geoloqları Appalaç dağlarının qədim süxurlarını araşdıraraq 2,3 milyon metrik ton çıxarıla bilən litium ehtiyatı aşkarlayıblar. Bu həcm ABŞ-nin 328 il ərzində idxal etdiyi litiumu əvəz etməyə kifayət edə bilər.
Qaynarinfo “Futura-Sciences”a istinadən xəbər verir ki, hazırda ABŞ istehlak etdiyi litiumun yarıdan çoxunu idxal edir və ölkədə fəaliyyət göstərən yalnız bir daxili mədənə güvənir. Dünya üzrə litium hasilatında Avstraliya, Çili və Çin üstün mövqedədir. Çin isə emal güclərinin böyük hissəsinə nəzarət edir. Nəticədə dünyada hasil edilən litiumun demək olar ki, hamısı akkumulyator istehsalçılarına çatmazdan əvvəl Çindəki emal müəssisələrindən keçir.
Emal güclərinin belə yüksək konsentrasiyası litiumun ABŞ-nin kritik əhəmiyyətli minerallar siyahısına daxil edilməsinə səbəb olub.
2,3 milyon metrik ton həcmində qiymətləndirmə iki ayrı regional araşdırmanın məlumatlarına əsaslanır.
Cənubi Appalaçlar
Əsasən Karolina ştatlarının ərazisində yerləşən bu regionda təxminən 1,43 milyon metrik ton litium oksidinin olduğu hesab edilir. Təkcə bu yataq ABŞ-nin son dövrdəki litium idxalını 201 il ərzində qarşılamağa kifayət edə bilər.
Şimali Appalaçlar
Əsasən Men və Nyu-Hempşir ştatlarında yerləşən bu şimal hissəsində təxminən 900 min metrik ton litium olduğu ehtimal edilir.
Litium iri dənəli maqmatik süxurlarda – peqmatitlərdə – spodumen adlı açıq yaşıl rəngli mineral şəklində yerləşir. Bu geoloji formasiyalar 250 milyon ildən çox əvvəl kristallaşıb.
Lakin peqmatit yataqları, bir qayda olaraq, çoxsaylı kiçik və bir-birindən ayrı yerləşən formasiyalar şəklində yaranır. Regiondakı ümumi ehtiyatların həcmi əhəmiyyətli olsa da, yataqların səpələnmiş şəkildə yerləşməsi hasilat xərclərini artırır, mədən işlərinin logistikasını çətinləşdirir və ciddi ekoloji problemlər yaradır.
Aydın
Şərhlər