
İndoneziyanın Yava dənizində “Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Kompas” ölkənin Milli Axtarış-Xilasetmə Agentliyinə (Basarnas) istinadən məlumat yayıb.
Yenilənmiş məlumatlara görə, gəmidə olan 243 nəfərdən 103-ü təxliyə edilib. Daha 140 nəfərin axtarışları davam etdirilir.
Surabayadan Banjarmaqasinə gedən gəmi yerli vaxtla saat 02:00 radələrində fırtına ilə toqquşduqdan sonra onunla əlaqə kəsilib. Axtarış-xilasetmə əməliyyatına hərbi-dəniz qüvvələri, su polisi və ixtisaslaşmış “KN SAR Laksmana 241” gəmisi cəlb olunub.
12.17
İndoneziyada xilasedicilər bazar günü Yava dənizində batan sərnişin gəmisində olan 140 nəfərin axtarışını davam etdiriblər. Axtarış-xilasetmə agentliyinin rəsmisinin sözlərinə görə, gəmidəki digər 103 nəfər təxliyə edilib, onlardan biri ölüb.
Qaynarinfo xəbər verir ki, İndoneziyanın 243 nəfər daşıyan sərnişin gəmisinin bazar günü səhər pis hava şəraiti zamanı əlaqəni itirdikdən sonra itkin düşdüyü bildirilmişdi.
Agentliyin məlumatına görə, “Virgo Transport 8” gəmisi şənbə günü Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə yola düşüb.
Agentlik bazar günü daha sonra gəminin batdığını açıqlayıb, lakin hadisənin təfərrüatlarını açıqlamayıb.
Agentliyin Banjarmasin ofisinin rəhbəri İ Putu Sudayana videomüraciətində bildirib ki, 103 nəfər müxtəlif gəmilərin köməyi ilə təxliyə edilib və onların bir hissəsinin Şərqi Yavadakı limanlardan birinə aparılması planlaşdırılır.
Onun sözlərinə görə, xilasedicilər axtarış əməliyyatına başlayıb, sərnişin gəmisinin son məlum mövqeyinə xilasedicilər qrupu, gəmilər və helikopter göndərilib.
17 minə yaxın adadan ibarət İndoneziyada bərələr əsas nəqliyyat vasitələrindən biri hesab olunur. Dəniz nəqliyyatı hava nəqliyyatından daha ucuz və əlçatan olduğundan ölkə əhalisi ondan geniş istifadə edir.
Lakin təhlükəsizlik standartlarına hər zaman ciddi əməl olunmur və bu da ölkədə qəza hallarının nisbətən yüksək olmasına səbəb olur.
Aydın