Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan “konveyer” deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng “istilik klapanı” kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşməni gücləndirə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat “Nature Geoscience” jurnalında dərc olunub.
Söhbət tərkib hissələrindən biri Qolfstrim olan Atlantik meridional çevriyyə sistemindən (AMOC) gedir. Kristo Beyzertin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu, o cümlədən Vaşinqton Universitetindən Devid Bonan, üç iqlim modelindən istifadə edərək bu sistemin davranışını təhlil edib və hesablamaları Qrenlandiya və Antarktidanın buz nüvələrindən əldə edilmiş, buzlaşma dövrlərinə aid məlumatlarla müqayisə edib.
Alimlər Pleytosendə iqlimdə baş verən kəskin dəyişikliklərlə əlaqəli Dansqor-Oeşger dövrləri adlanan hadisələrə diqqət yetiriblər. Məlum olub ki, okean dövranı gücləndikdə Şimali Atlantikada suların aktiv qarışması okeandakı istiliyi atmosferə, oradan isə kosmosa ötürür. Dövran zəiflədikdə isə qarışma prosesi azalır və istilik okeanın daxilində toplanır.
Bu mexanizm keçmişdə Qrenlandiyada baş verən kəskin istiləşmələrin Antarktidada daha yavaş dəyişikliklərlə niyə müşayiət olunduğunu izah edir. Hər iki yarımkürə vahid qlobal dövrün fərqli tərəflərinə reaksiya verib.
Müəlliflər vurğulayırlar ki, əldə edilən nəticələri gələcəyə birbaşa tətbiq edərkən ehtiyatlı olmaq lazımdır. Çünki geniş dəniz buzlaqlarının mövcud olduğu buzlaşma dövrlərinin şəraiti hazırda istiləşən okeanın vəziyyətindən ciddi şəkildə fərqlənir.
Bununla belə, tədqiqat Atlantik okeanının iqlim sistemindəki roluna dair təsəvvürü dəyişir. Atlantik dövranının zəifləməsi yalnız Avropada soyuma təhlükəsi yaratmır, həm də bütövlükdə planetdə əlavə istiləşməyə səbəb ola bilər.
Atlantik okeanındakı dövran buzlaqların əriməsi və şirin su axınının artması fonunda onsuz da zəifləyir. Buna görə də alimlər onun vəziyyətini diqqətlə izləyirlər. Bu sistem Avropanın və bütün Şimal yarımkürəsinin iqliminə, o cümlədən yağıntı və temperatur rejiminə təsir göstərir.
Aydın
Şərhlər