Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nda dəyişikliklər edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Sənədə əsasən, gündəlik kreditlər bir dəfə restrukturizasiya olunduqda restrukturizasiya anında olan təsnifat kateqoriyasından yuxarı təsnifat kateqoriyasına aid edilməyəcək.
Həmin kreditlər iki dəfə və daha artıq restrukturizasiya olunduqda azı qeyri-qənaətbəxş aktiv kimi, restrukturizasiya anında "qeyri-standart" kateqoriyada olan kreditlər isə mövcud kateqoriyadan bir pillə aşağı kateqoriyada təsnifləşdiriləcək.
Bəs bu dəyişiklik kredit bazarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov Azərbaycan Mərkəzi Bankının gündəlik kreditlərin restrukturizasiyası ilə bağlı prudensial tələbləri sərtləşdirməsini müsbət qiymətləndirib:
“Bu qərar, ilk növbədə, kredit portfelində real risklərin düzgün tanınmasına və problemli kreditlərin restrukturizasiya yolu ilə formal şəkildə “sağlam” aktiv kimi təqdim edilməsinin qarşısının alınmasına xidmət edir.
Maliyyə sektorunda əsas prinsiplərdən biri şəffaflıqdır. Kredit faktiki olaraq problemli vəziyyətdədirsə, onun dəfələrlə restrukturizasiya olunaraq daha yaxşı kateqoriyada göstərilməsi həm bank, həm də BOKT (bank olmayan kredit təşkilatı) üçün riskin yığılmasına səbəb olur.
Bu baxımdan yeni qaydalar maliyyə təşkilatlarını kredit portfelinə daha konservativ və real yanaşmağa məcbur edir. Xüsusilə gündəlik kreditlər üzrə iki və daha çox restrukturizasiyanın artıq ciddi risk siqnalı kimi qiymətləndirilməsi məntiqlidir.
Çünki borcun təkrar-təkrar restrukturizasiya olunması problemin müvəqqəti deyil, sistemli xarakter daşıdığını göstərə bilər. Burada Mərkəzi Bankın mövqeyini dəstəkləməyimin əsas səbəbi budur: maliyyə sektorunda riskləri vaxtında tanımaq, sonradan yaranacaq daha böyük problemin qarşısını almaqdan daha effektivdir.
Bəzən belə qərarlara yalnız vətəndaşın kreditə çıxışı prizmasından yanaşılır. Hesab edirəm ki, məsələyə daha geniş baxmaq lazımdır. Kreditin həddindən artıq asan verilməsi və borcun davamlı olaraq yeni kredit və ya restrukturizasiya hesabına çevrilməsi nə vətəndaş, nə də maliyyə sistemi üçün sağlam modeldir”.
Onun sözlərin görə, yeni qaydalar bankların və BOKT-lərin kredit vermə prosesində riskləri daha ciddi qiymətləndirməsinə gətirib çıxara bilər:
“Qısamüddətli perspektivdə bu, bəzi vətəndaşların kreditə çıxışını çətinləşdirə bilər. Lakin uzunmüddətli perspektivdə məsuliyyətli kreditləşmənin güclənməsi həm maliyyə institutlarının, həm də borcalanların maraqlarına xidmət edir.
Əsas məsələ kreditin verilməsi deyil, verilən kreditin geri qaytarıla bilən öhdəlik olmasıdır. Əgər vətəndaşın ödəmə qabiliyyəti nəzərə alınmadan kredit verilir və daha sonra həmin kredit dəfələrlə restrukturizasiya olunursa, biz problemi həll etmirik, sadəcə gələcəyə ötürürük.
Bu isə həm problemli kreditlərin artmasına, həmy maliyyə təşkilatlarının risklərinin yüksəlməsinə, həm də borcalanın daha ağır maliyyə vəziyyətinə düşməsinə səbəb ola bilər.
Ona görə də AMB-nin bu yanaşmasını yalnız kredit bazarının sərtləşdirilməsi kimi qiymətləndirmək düzgün deyil. Mən bunu maliyyə sektorunda risklərin idarə edilməsinin və məsuliyyətli kreditləşmənin gücləndirilməsi istiqamətində atılan addım hesab edirəm.
Bununla yanaşı, yeni qaydaların tətbiqi zamanı real maliyyə çətinliyi yaşayan, lakin borcunu ödəmək niyyəti və potensialı olan vətəndaşların vəziyyəti də nəzərə alınmalıdır. Restrukturizasiya mexanizmi tamamilə aradan qalxmamalı, əksinə, həqiqətən ödəmə qabiliyyətinin bərpasına xidmət edən alət kimi işləməlidir.
Fikrimcə, sağlam kredit bazarı “hamıya kredit verilməsi” ilə ölçülmür. Sağlam bazar o bazardır ki, kredit düzgün şəxsə, düzgün məbləğdə və onun real ödəmə qabiliyyətinə uyğun şərtlərlə verilir.
Bu baxımdan AMB-nin yeni tələbləri kredit bazarında intizamın artırılması və risklərin daha real qiymətləndirilməsi baxımından düzgün istiqamətdir”.
İqtisadçı qeyd edib ki, kredit riskini vaxtında tanımaq sərtləşdirmə deyil, maliyyə sistemini gələcək böhrandan qorumaqdır.
Şərhlər