XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Diyetoloq 30 gün kollagen qəbul etdi: Dərisində və oynaqlarında nə baş verdi?
Sağlamlıq12:00 13.09.2026

Diyetoloq 30 gün kollagen qəbul etdi: Dərisində və oynaqlarında nə baş verdi?

Sosial şəbəkələri izləyənlər kollagenin müxtəlif problemlərə — solğun dəridən oynaq ağrılarına qədər — kömək etdiyi barədə reklamlarla qarşılaşa bilərlər. Qeydiyyatdan keçmiş dietoloq Makkenzi Bercess bu maddənin effektivliyini öz üzərində yoxlamaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, o, eksperimentin gedişini və kollagenlə bağlı elmi araşdırmaların nəticələrini “EatingWell” nəşrində dərc olunan məqaləsində açıqlayıb.

Müəllifin sözlərinə görə, kollagen orqanizmdə ən çox yayılmış zülal və dərinin, sümüklərin, vətərlərin və qığırdaqların əsas struktur komponentidir. “StatPearls” platformasında dərc olunan araşdırmaya əsasən, kollagenin ən azı 28 növü mövcuddur. Onlardan biri insan orqanizmindəki kollagenin 90 faizindən çoxunu təşkil edir və əsasən dəridə cəmləşir.

“Yaş artdıqca kollagenin təbii istehsalı yavaşlayır. Bu da qismən dərinin elastikliyini itirməsini və zaman keçdikcə oynaqlarda sərtlik hissinin yaranmasını izah edir. Əlavələrdən istifadə etməkdə məqsəd isə orqanizmi daha asan mənimsənilən kiçik peptidlərə parçalanmış kollagenlə təmin etmək və bununla da orqanizmin artıq istehsal etdiyi kollageni dəstəkləməkdir”, deyə məqalədə qeyd olunur.

Bercess 30 gün ərzində müxtəlif yemək və içkilərə — smuziyə, çaya və jeleyə — kollagen tozu əlavə edib. 30 günün sonunda isə müəyyən dəyişikliklər müşahidə edib.

Dəri daha elastik olub

Müəllifin sözlərinə görə, ən nəzərəçarpan dəyişiklik dərisində olub. Dərisi daha hamarlaşıb və çimdikləndikdən sonra əvvəlki vəziyyətinə daha asan qayıdıb. Bercess hesab edir ki, bu nəticə elmi araşdırmaların məlumatları ilə uyğunluq təşkil edir.

Onun yazdığına görə, 2023-cü ildə “Nutrients” jurnalında dərc olunan icmal göstərib ki, hidrolizə edilmiş kollagen, yəni daha asan mənimsənilməsi üçün peptidlərə parçalanmış kollagen, plasebo ilə müqayisədə dərinin nəmlənməsini və elastikliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Dizdəki narahatlıq azalıb

Bercess uzun illərdir vaxtaşırı diz ağrısından əziyyət çəkdiyini bildirib. Lakin kollagen qəbul etməyə başladıqdan sonra, xüsusilə ayın ikinci yarısından etibarən dizindəki narahatlığın azaldığını müşahidə edib. Hətta uzun müddət ayaq üstə qaldığı və ya tennis oynadığı günlərdə belə diz ağrısı əvvəlki qədər narahat etməyib.

Müəllif bunun qeydiyyatdan keçmiş dietoloq Uitni Stüartın öz işində müşahidə etdikləri ilə də uyğun gəldiyini bildirib.

“Kollagen osteoartrit zamanı oynaqların sağlamlığı baxımından ümidverici nəticələr göstərir, onların funksiyasını yaxşılaşdırır, ağrını azaldır və həyat keyfiyyətini yüksəldir”, deyə o, həmkarının sözlərini sitat gətirib.

“BMC” jurnallarında dərc olunan bir araşdırma da bunu təsdiqləyir. Araşdırmanın nəticələrinə görə, kollagen peptidi əlavələrinin qəbulu diz osteoartriti olan insanlarda ağrının əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir.

Kollagenin müxtəlif növləri var

Ekspert kollagenin müxtəlif növlərinin olduğunu vurğulayıb. I tip kollagen orqanizmdə ən geniş yayılmış növdür və əsasən dəri, saç və dırnaqlarla əlaqələndirilir. II tip kollagen isə qığırdaqlarda cəmləşir və oynaqların dəstəklənməsi baxımından daha çox diqqət çəkir.

Bazarda satılan toz və içkilərin əksəriyyəti I tip kollagenə və ya I və III tiplərin qarışığına əsaslanır. Bəzi oynaq məhsullarında isə II tip kollagendən istifadə olunur.

“Əsas məqsədiniz oynaqları dəstəkləməkdirsə, məhsulun etiketində II tip kollagenin və ya müxtəlif kollagen tiplərinin qarışığının olub-olmadığını yoxlayın və bütün məhsulların eyni şəkildə təsir etdiyini düşünməyin”, deyə ekspert xəbərdarlıq edib.

Dərinin sağlamlığını dəstəkləmək üçün digər məsləhətlər

Məqalədə qeyd olunur ki, kollagen əlavələri dərinin sağlamlığını dəstəkləyən gündəlik vərdişlərlə birlikdə istifadə edildikdə daha faydalı ola bilər. Müəllif bir neçə tövsiyə verib.

Kollagenlə zəngin qidaları rasiona əlavə etmək məsləhətdir. Bunlara sümük bulyonu, daxili orqanlardan hazırlanan məhsullar və birləşdirici toxuma ilə zəngin digər ət hissələri daxildir.

Orqanizmin öz kollagenini istehsal etməsi üçün lazım olan C vitamini də kifayət qədər qəbul edilməlidir. Bu vitamin sitrus meyvələrində, bolqar bibərində və çiyələkdə mövcuddur.

Antioksidantlar, zülal, faydalı yağlar və liflə zəngin müxtəlif qidaların daxil olduğu balanslaşdırılmış qidalanmaya üstünlük vermək tövsiyə olunur.

Su balansını qorumaq da vacibdir. Kifayət qədər su qəbul etmək dərinin ümumi funksiyasını dəstəkləyir və onun daha elastik olmasına kömək edə bilər. Nəmləndirici kremdən istifadə də dərinin nəmini qorumağa yardım edir.

Günəşdən qoruyucu kremdən hər gün istifadə etmək tövsiyə olunur. Günəş şüalarının təsiri dərinin qocalmasına səbəb olan əsas amillərdən biridir.

Mümkün qədər stressi idarə etmək də vacibdir. Stress ekzema və psoriaz da daxil olmaqla bəzi dəri xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

Aydın