Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb.
Qaynarinfo xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib Daha sonra monastırların ərazisinə baxış keçirilib və abidələrlə tanışlıq olub.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər “İstisu” mineral sudoldurma zavodunun fəaliyyəti ilə tanış olublar.
Ardınca diplomatik korpusun nümayəndələri Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak ediblər.
Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi.
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.
Şərhlər