XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xəstəliyə meydan oxudu, 6 il sonra səhnəyə qayıtdı: "Ağlamayacağıma söz vermişdim"
Sənət13:43 13.09.2026

Xəstəliyə meydan oxudu, 6 il sonra səhnəyə qayıtdı: "Ağlamayacağıma söz vermişdim"

Gənc yaşlarında başladığı musiqi karyerası boyunca bənzərsiz səsi və nəsillər boyu dillərdən düşməyən mahnıları ilə musiqi dünyasında özünə möhkəm yer qazanan, saysız-hesabsız mükafat və çətin qırılan rekordlara imza atan məşhur müğənni Selin Dion son bir neçə ildə nadir xəstəlik səbəbindən ağır günlər keçirib.

Qaynarinfo xəbər verir ki, musiqi dünyasının ulduzu Selin Dion illərdir davam edən sağlamlıq mübarizəsindən sonra səhnəyə duyğusal şəkildə qayıdıb və göz yaşlarına hakim ola bilməyib. Məşhur müğənni 6 il uzaq qaldığı səhnələrə Parisdə geri dönüb.

Selin Dion “stiff-person syndrome” (sərt insan sindromu) ilə mübarizəsini davam etdirərkən, uzun müddətdir gözlənilən səhnə dönüşünü Parisdəki konsertlər seriyasının ilk gecəsində gerçəkləşdirib. Müğənni çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Saçlarını arxaya darayaraq topuz edən və qara geyimdə səhnəyə çıxan Dion tamaşaçıların alqışları altında mahnısını göz yaşları içində ifa edib. Bu, onun 6 ildən sonra verdiyi ilk konsert olub.

Əfsanəvi müğənni “Paris La Défense Arena”da 26 konsert verəcək. Seriyanın ilk gecəsi illər sonra səhnəyə qayıdan Dion üçün olduqca duyğusal anlarla yadda qalıb.

58 yaşlı Dion ən sevilən mahnılarını səsləndirdiyi xüsusi gecədə onu yenidən səhnədə görmək üçün toplaşan tamaşaçılara müraciət etmək məqsədilə qısa fasilə verib və deyib: “Ağlamayacağıma söz vermişdim. Bu gecə sizin üçün, özüm üçün və həyat üçün mahnı oxumaq istəyirəm".

Müğənni daha sonra sözlərinə belə davam edib: “Nəhayət... Hamımızın birlikdə olması möhtəşəm hissdir. Mən söz vermişdim. Geri qayıdacağıma və yenidən səhnədə olacağıma söz vermişdim".

Bu sözləri deyərkən Dion özünü saxlaya bilməyib və ağlamağa başlayıb.

Daha sonra məşhur müğənni pərəstişkarlarına “dəstəkləri” və “səbirləri” üçün təşəkkür edib. O, 1996-cı ildə yayımlanan məşhur “Because You Loved Me” mahnısına istinad edərək tamaşaçılara belə deyib: “İcazə versəniz, deyim; hazırda olduğum hər şey sizin məni sevdiyiniz üçün belədir".

Müğənni bu konsertlər seriyasını ilk dəfə mart ayında, martın 30-da ad gününü qeyd edərkən “YouTube” vasitəsilə elan edib və səhnəyə qayıdışını “həyatının ən gözəl hədiyyəsi” adlandırıb:

“Bunu etməyə çox hazıram. Özümü yaxşı hiss edirəm. Güclüyəm. Həyəcanlıyam; əlbəttə, bir qədər də gərginəm, amma hər şeydən önəmlisi, hamınıza minnətdaram. Sizi yenidən görmək üçün səbirsizlənirəm".

Dion 2022-ci ilin dekabrında “sərt insan sindromu” diaqnozu alıb. O, yaxın zamanda “Harper’s Bazaar”a verdiyi müsahibədə Parisdəki səhnə performansına hazırlıq prosesinin həftədə üç seans olmaqla 90 dəqiqəlik pilates məşqlərindən və iki balet dərsindən ibarət olduğunu açıqlayıb.

Hazırda dəqiq müalicəsi məlum olmayan, lakin xəstənin yaşadığı simptomların yaratdığı narahatlıqların dərmanlarla nəzarətdə saxlanıla bildiyi bu olduqca nadir xəstəliklə mübarizəsində Selin Dion fizioterapiya, səs terapiyası və immunoterapiya almağa davam edir.

Müalicəsi üçün eksperimental dərmanlardan da istifadə edilən Selin Dion bir müddət gizlətdiyi xəstəliyi ağırlaşdıqdan sonra bütün konsertlərini qəfil ləğv edib və ictimaiyyətin gözündən uzaqlaşaraq çətin müalicə prosesinə başlayıb.

Selin Dion bu nadir nevroloji xəstəliklə mübarizəsini “həyatının ən çətin təcrübələrindən biri” kimi qiymətləndirib. O, səhnəyə qayıtmaq və “mümkün qədər normal həyat sürmək” məsələsində “qətiyyətli” olduğunu dəfələrlə bildirib.

Sərt insan sindromu (Stiff Person Syndrome — SPS) əzələlərdə həddindən artıq sərtlik, gərginlik və ağrılı əzələ spazmları ilə özünü göstərən, milyonda bir insanda rast gəlinən olduqca nadir və proqressiv nevroloji xəstəlikdir. Bu xəstəlik, adətən, immun sisteminin orqanizmin öz hüceyrələrinə hücum etdiyi autoimmun pozuntu hesab olunur.

Aydın