XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Milyard avro hara getdi? - Müxalifət "Barselona" prezidentindən hesabat istəyir
İdman18:49 14.09.2026

Milyard avro hara getdi? - Müxalifət "Barselona" prezidentindən hesabat istəyir

Qaynarinfo xəbər verir ki, şənbə günü, oktyabrın 19-da keçirilməsi planlaşdırılan növbəti illik ümumi qurultaya 5 gün qalmış Xuan Kamprubinin rəhbərlik etdiyi qrup Kataloniya klubunun maliyyə vəziyyətinə dair təhlilini təqdim edib.

“Som un Clam” rəhbərlikdən suallara “konstruktiv ruhla və ittiham irəli sürmədən” cavab verməsini istəyib. Qrupun açıqlamasında klubun maliyyə vəziyyəti, borcları, “Espai Barça” layihəsi, özkapital və əməkhaqqı xərcləri ilə bağlı məsələlərə diqqət çəkilib.

Qrupun məlumatına görə, “Barselona”nın ümumi borcu 2,441 milyard avroya çatıb. Borcun bir il ərzində 357 milyon avro artdığı, bunun 676,7 milyon avroluq hissəsinin qısamüddətli öhdəliklərdən ibarət olduğu bildirilib.

Açıqlamada 354,4 milyon avro həcmində yeni maliyyələşdirmə cəlb edildiyi halda, klubun nağd likvidliyinin niyə 91,5 milyon avro azaldığı və əməliyyat fəaliyyətindən yaranan pul axınının niyə mənfi olaraq qaldığı soruşulub. Həmçinin gəlirlərin 1 milyard avronu keçməsinə baxmayaraq, 114,2 milyon avroluq maliyyə xərclərinin əməliyyat mənfəətinə təsiri barədə izahat tələb edilib.

Suallar “Espai Barça” layihəsini də əhatə edib. Qrup stadion üçün ödənilməli olan məbləğin dəqiq nə qədər olduğunu, tikintinin nə vaxt başa çatacağını və yeni “Palau Blaugrana” kompleksi ilə bağlı real planın nədən ibarət olduğunu soruşub.

Bundan əlavə, tikintidə yaranan gecikmələrə görə podratçı şirkətdən kompensasiya tələb edilib-edilməyəcəyi və klub üzvlərinin yeni yerləri ilə mövsümi biletlərin qiymətlərinin nə vaxt açıqlanacağı barədə məlumat istənilib.

“Som un Clam” “Barselona”nın özkapital göstəricisinin mənfi 168 milyon avroya düşməsinə də diqqət çəkib. Qrup bunun UEFA-nın maliyyə qaydalarının pozulması ehtimalını gündəmə gətirdiyini bildirib. Açıqlamaya görə, bu məsələ kluba artıq 15 milyon avro məbləğində cəriməyə başa gəlib və cəzanın əlavə 45 milyon avroya qədər yüksəlməsi mümkündür.

Qrupun açıqlamasında bildirilib ki, klubun nizamnaməsinin 67-ci maddəsi idarə heyətini iki maliyyə ili ərzində yaranan zərərləri kompensasiya etməyə və özkapital balansını bərpa etməyə məcbur edir. “Som un Clam” isə hazırkı idarə heyətinin 2021-ci ildən bu maddənin tətbiqini dayandırdığını və klubun xalis aktivlərinin hələ də mənfi olduğunu iddia edib.

Qrup həmçinin “Barselona”nın “Barcelona Studios”dakı payının 53,4 faizdən 63,14 faizə yüksəldilməsinin biznes əsaslarını sorğulayıb. Aktivlərin dəyərinin 69 faizini itirdiyi halda bu qərarın hansı biznes planına əsaslandığı barədə açıqlama tələb olunub.

2026/27 mövsümünün büdcəsində futbolçuların əməkhaqqı xərclərinin 633 milyon avroya çatması da suallar arasında yer alıb. Qrup bu göstəricinin 2019/20 mövsümündəki 636 milyon avroya yaxınlaşdığını qeyd edərək, maaş xərclərinə nəzarətin necə təmin edildiyini soruşub.

Bundan başqa, maliyyə olmayan strukturun beş il ərzində 60 faiz böyüməsinin səbəbi də sorğulanıb. Qrup futbolçuların müntəzəm satışının maliyyə balansını qorumaq üçün zərurətə çevrilib-çevrilmədiyini və “Barselona”nın struktur baxımından oyunçu satan kluba çevrilib-çevrilmədiyini sual edib.

Açıqlamada 2026/27 büdcəsinin etibarlılığı da şübhə altına alınıb. Buna səbəb kimi ardıcıl dörd il ərzində öhdəliklərə əməl edilməməsi və cari ildə əlavə 22 milyon avroluq mənfi sapmanın qeydə alınması göstərilib.

“Som un Clam” açıqlamasını rəhbərliyə ünvanlanan mesajla yekunlaşdırıb:

“Klubumuzun gələcəyini qurmaq və qorumaq üçün aydın cavablar vacibdir. Qarşıdakı uzun illər ərzində meydanda həyəcan yaşamağımıza imkan verəcək güclü və sağlam maliyyə vəziyyətinə malik klub istəyirik.”

Aydın