XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Birinci sinfə gedən uşaqların sayı azalır - Ekspertdən həyacan siqnalı
Ölkə15:58 14.09.2026

Birinci sinfə gedən uşaqların sayı azalır - Ekspertdən həyacan siqnalı

2026–2027-ci tədris ilində birinci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin son rəsmi məlumatına əsasən, bu il 124 mindən çox uşaq birinci sinfə qəbul olunub. 2025–2026-cı tədris ilində isə Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 131 396 nəfər olub.

Şagirdlərin sayında müşahidə olunan azalmanın səbəbi nədir?

Təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, son 5–6 ilin statistikası Azərbaycanda hər il birinci sinfə gedən şagirdlərin sayının 3–5 min nəfər azaldığını göstərir:

"Təəssüflər olsun ki, bu il azalma bir qədər də artaraq 5 minə çatıb. Bu, ölkə üzrə müəyyən tədbirlərin görülməsinə dair siqnaldır. Böyük ehtimalla, bu məsələ ilə bağlı dövlət tərəfindən tədbirlər planı hazırlanmalıdır. Həvəsləndirici addımlar atılmalıdır".

Məzahir Məmmədli bu gün ailə quranların sayının da azaldığını xatırladıb:

"Bu, ailələrin dolanışığı ilə bağlı məsələlərdir. Ailələrdə ya bir uşaq var, ya da ümumiyyətlə uşaq yoxdur. Həvəsləndirici addımların – uşaqpullarının verilməsi, uşaqlar məktəb yaşına çatanda onların sosial təminatına dəstək məqsədilə tədbirlər planının hazırlanmasının vacibliyi ortadadır. Artıq Milli Məclisdə üç və daha çox uşağı olan ailələrlə bağlı müəyyən güzəşt təklifləri səsləndirilir. Üçdən çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, eyni zamanda həmin anaların daha erkən pensiyaya çıxması ilə bağlı təkliflər irəli sürülüb".

Məzahir Məmmədli hesab edir ki, uşaq sayının artırılması üçün bu tədbirlər kifayət deyil:

“Görünür, daha böyük və əhatəli plan hazırlanmalıdır. Əhalinin sayının artırılması üçün bu istiqamətdə müəyyən maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var”.

Bahar Rüstəmli