Çində sidiyində qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı şəxsin bədənində çoxsaylı metal yad cisimlər aşkarlanıb. Həkimlər müayinələr zamanı ən təhlükəli cismin ürəyə sancılmış 36 millimetrlik tikiş iynəsi olduğunu müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, Çində sidik ifrazı zamanı ağrı və sidikdə qan şikayəti ilə xəstəxanaya müraciət edən əqli məhdudiyyətli 35 yaşlı şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. Həkimlər iynənin ürəyi əhatə edən maye ilə dolu kisəni deşərək ucunun sol mədəciyin boşluğuna qədər irəlilədiyini müəyyən ediblər.
Ürəyindəki kölgə şübhə yaratdı
Xəstəxanaya müraciət edən şəxsin həyati göstəriciləri normal səviyyədə olub. Həkimlər döş qəfəsinin görüntülənməsi zamanı ürəyin üzərində şübhəli kölgə aşkarlayıblar.
Döş qəfəsi, qarın və çanaq nahiyələrinin kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsində xəstənin bədəninin müxtəlif hissələrində çoxsaylı metal yad cisimlərin olduğu üzə çıxıb.
Metal parçalar qarın divarında, çanaq nahiyəsində, sidik kisəsinin divarında və daxilində, bud-çanaq sümüyündə, bud əzələsində və penis nahiyəsində aşkarlanıb.
İynənin ucu sol mədəciyə qədər uzanırdı
Lakin həkimləri ən çox narahat edən yad cisim ürəyə sancılmış 36 millimetrlik tikiş iynəsi olub.
Müayinə zamanı iynənin ürəyi əhatə edən maye ilə dolu kisəni deşdiyi və iti ucunun sol mədəciyin boşluğuna qədər irəlilədiyi müəyyən edilib.
Həkimlər metal cismin yerindən tərpənməsi halında ürək toxumasında yırtılmaya və ya infeksiyaya səbəb ola biləcəyindən narahat olublar. Müayinələr zamanı həmçinin xəstənin sol mədəciyinin nəzərəçarpacaq dərəcədə genişləndiyi və bəzi anormallıqların erkən əlamətlərini göstərdiyi müəyyən edilib.
Bu səbəbdən cərrahi müdaxiləyə qərar verilib.
Sidik kisəsindəki iynələrdə daşlaşmış təbəqə aşkarlanıb
Əməliyyat zamanı həkimlər yalnız ürəkdəki iynə ilə deyil, sidik kisəsindəki yad cisimlərlə də qarşılaşıblar.
Sidik kisəsinin divarına sancılmış iynələrin səthində daşa bənzər bərkimə təbəqələri aşkarlanıb. Cərrahi heyət qanaxma və sidik sızması riskini nəzərə alaraq ilk növbədə ürəyə sancılmış iynəni çıxarıb.
Sidik kisəsindəki iynələr isə daha sonra keçirilən əməliyyat zamanı çıxarılıb.
İynələrin bədənə necə daxil olduğu məlum deyil
Xəstənin əməliyyatlardan sonra vəziyyətinin yaxşılaşdığı bildirilib. Lakin onun bədənində çoxsaylı iynələrin necə peyda olduğu ilə bağlı dəqiq açıqlama verilməyib.
Aydın
Şərhlər