“Toyota Bakı Mərkəzi”nin sürücüsünün iş adamından 610 min manat alması ilə bağlı cinayət işinin yeni detalları məlum olub.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Şəki şəhərində anadan olan Vüsal Abdullayev Namiq oğlu zərərçəkmiş iş adamı Tamerlan Mustafayevdən 2024-cü ilin may ayından 2025-ci ilin yanvar ayınadək hissə-hissə olmaqla ümumilikdə 610 min manat pul alıb.
O, zərərçəkmiş şəxsdən pulu iş qurmaq adı ilə “ISR Holding” və “SARDA Group” holdinqlərinin baş icraçı direktoru, “Toyota Bakı Mərkəzi” MMC-nin təsisçisi Rauf Xəlilovun adından istifadə etməklə alıb. Vüsal Abdullayev həmçinin Rauf Xəlilovun Arif adlı qohumu ilə yaxın tanışlığının olduğunu deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, “Toyota Bakı Mərkəzi” MMC-nin rəhbəri ona əlavə pul qazanmaq üçün şərait yaradıb. O, Yaponiyadan gətirilən, əsasən “Toyota Camry” markalı avtomobilləri növbədənkənar və endirimli qiymətə əldə edə biləcəyini, daha sonra həmin avtomobilləri digər şəxslərə baha qiymətə sataraq qazanc götürə biləcəyini bildirib.
Bu vədlərə inanan Tamerlan Mustafayev Vüsal Abdullayevə ümumilikdə 610 min manat verib. Təqsirləndirilən şəxs isə qazanc adı ilə zərərçəkmişə ümumilikdə 129 min manat, o cümlədən 56 min manat ödəyib.
Sonradan aldadıldığını başa düşən Tamerlan Mustafayev hüquq-mühafizə orqanlarına müraciət edib.
İstintaq zamanı və məhkəmədə “Toyota Bakı Mərkəzi” MMC-nin vəzifəli şəxsləri də ifadə veriblər. Onlar Vüsal Abdullayevdən razı qaldıqlarını, onun 2014-cü ildən 2025-ci ilin may ayınadək şirkətdə sürücü işlədiyini bildiriblər.
Şahidlər Vüsal Abdullayevin Mərkəzin və ya holdinqin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunun şahidi olmadıqlarını deyiblər. Onların sözlərinə görə, belə münasibət olsaydı, onun daha yüksək vəzifədə çalışması mümkün idi.
Həmçinin şahidlər Vüsal Abdullayevə işlədiyi müddətdə hər hansı üstünlük verildiyini, əlavə qazanc əldə etməsi məqsədilə işdənkənar tapşırıqlar verildiyini və ona himayədarlıq edildiyini görmədiklərini bildiriblər.
İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə Vüsal Abdullayevi Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirli bilib.
O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Şərhlər