Almaniya Rusiyaya qarşı uzaqmənzilli zərbə imkanlarını artırmaq məqsədilə ABŞ istehsalı “Tomahawk” qanadlı raketləri və bu raketləri buraxa bilən “Typhon” buraxılış sistemlərini almağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, Berlinin planında təxminən 3,4 milyard avroluq müdafiə xərci nəzərdə tutulur. Eyni zamanda, Almaniya müdafiə sənayesinin “Tomahawk” raketlərinin tədarük zəncirinə daxil edilməsi gündəmdədir.
Almaniyadan milyardlarla avroluq silah planı
“Politico”nun əldə etdiyi hökumət planlaşdırma sənədinə görə, Almaniya Müdafiə Nazirliyi “Tomahawk” raketləri və bu raketləri buraxa bilən “Typhon” sistemlərinin alınması üçün təxminən 3,4 milyard avro ayırmağı hədəfləyib.
Bildirilir ki, sözügedən büdcənin Almaniyanın 2027-ci il büdcəsinə dair hazırlıqlara töhfə verməsi gözlənilir. Lakin yekun məbləğin büdcə müzakirələri və satınalma prosesi başa çatana qədər dəyişə biləcəyi qeyd olunur.
Almaniya Müdafiə Nazirliyi davam edən büdcə prosesini və parlamentin xərclərə dair təsdiq səlahiyyətini əsas gətirərək, sözügedən rəqəmlə bağlı şərh verməyib.
Müdafiə Nazirliyinin sözçüsü “Tomahawk” qanadlı raketləri ilə təchiz edilmiş ABŞ istehsalı “Typhon” sisteminin tədarükünün planlaşdırıldığı kimi davam etdiyini təsdiqləyib.

Almaniyanın uzaqmənzilli silah çatışmazlığı aradan qaldırılacaq
Məlumata görə, təxminən 2 500 kilometr mənzilə malik “Tomahawk” qanadlı raketlərinin alınması Almaniyanın uzaqmənzilli zərbə qabiliyyətindəki mühüm boşluğu aradan qaldıracaq.
Raketlər Almaniya Silahlı Qüvvələrinə ölkə ərazisindəki quru bazalarından düşmən xəttinin arxasındakı hədəfləri vurmaq imkanı verəcək.
“Tomahawk” raketlərini buraxa bilən mobil, quru əsaslı sistem kimi istifadə edilən “Typhon” buraxılış qurğusunun isə 2030-cu ilin əvvəlinə qədər silahlanmaya daxil olması gözlənilir.
Almaniyanın hazırda özünə məxsus quru əsaslı uzaqmənzilli zərbə qabiliyyəti yoxdur.

Tramp dövründə plan dəyişdi
Berlinin uzaqmənzilli Amerika silahlarına yönəlməsi daha əvvəl qəbul edilmiş qərarların davamı xarakteri daşıyır.
2024-cü ildə ABŞ-ın o vaxtkı prezidenti Co Bayden və Almaniyanın o vaxtkı kansleri Olaf Şolts 2026-cı ildən etibarən ABŞ hərbi qüvvələrinin Almaniyada uzaqmənzilli silahlar yerləşdirməsi barədə razılığa gəlmişdilər. Bu plan çərçivəsində “Tomahawk” raketlərinin də ABŞ komandanlığı altında Almaniyada yerləşdirilməsi nəzərdə tutulurdu.
Lakin Donald Trampın yenidən prezident seçilməsindən sonra sözügedən plan ləğv edildi.
Bundan sonra Berlin öz uzaqmənzilli zərbə qabiliyyətini yaratmaq üçün hərəkətə keçdi. Almaniya 2025-ci ildə Vaşinqtona “Tomahawk” raketləri ilə təchiz edilmiş “Typhon” sistemlərini almaq üçün rəsmi müraciət etdi.
Prosesdə mühüm dönüş nöqtəsi iyul ayında Ankarada keçirilən NATO sammitində yaşandı. Tramp və Almaniya kansleri Fridrix Merz Berlinin sözügedən silah sistemlərini əldə etməsi ilə bağlı prinsipial razılığa gəldilər.
Almaniya hökuməti daha sonra açıqlamasında Vaşinqtonun “Tomahawk” raketləri və onları buraxa bilən quru əsaslı “Typhon” sistemlərinin satışına icazə verdiyini bildirdi. Bununla belə, razılaşmanın təfərrüatlarının hələ yekunlaşmadığı qeyd edildi.

Almaniya nəzarəti əlində saxlamaq istəyir
Berlinin planını əhəmiyyətli edən əsas məqamlardan biri uzaqmənzilli zərbə qabiliyyətinin birbaşa Almaniya Silahlı Qüvvələrinin nəzarətində olmasıdır.
Berlin Rusiyanı çəkindirmək üçün Almaniyada yerləşdiriləcək Amerika qüvvələrinin əvəzinə öz ordusunun istifadə edəcəyi sistem yaratmağı hədəfləyir.
Aydın
Şərhlər