Türkiyənin Alanya şəhərinə istirahət turu təşkil edəcəyini vəd edərək tanışından 8 628 manat alan şəxsin məhkəmə prosesi başa çatıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkmişi və onun tanışlarını əvvəlki iş təcrübəsinə və turizm sahəsində əlaqələrinin olmasına istinad edərək inandırıb.
Bundan sonra zərərçəkmiş müxtəlif tarixlərdə təqsirləndirilən şəxsin göstərdiyi bank kartlarına pul köçürüb. Köçürmələrin ümumi məbləği 8 628 manat olub. Vəsait həm zərərçəkmişin özü, həm də onun ailə dostları və onların uşaqları üçün tur paketinin alınması məqsədilə verilib.
Məhkəmədə təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uzun müddət turizm şirkətində çalışıb, həmin şirkət bağlandıqdan sonra işsiz qalıb. Zərərçəkmişlə isə əvvəlki müştəri münasibətlərindən tanış olub.
Təqsirləndirilən şəxs ifadəsində aldığı pulun 7 780 manatını Türkiyədə tanıdığı şəxsə “WebMoney” sistemi vasitəsilə göndərdiyini, 848 manatını isə özündə saxladığını deyib.
Daha sonra Türkiyədə baş verən zəlzələ səbəbindən nəzərdə tutulan oteldə problem yarandığını və turu təşkil edə bilmədiyini bildirib. Təqsirləndirilən şəxs pulun geri qaytarılmamasını Türkiyədəki həmin şəxsin vəsaiti ona qaytarmaması ilə əlaqələndirib.
O, zərərçəkmişə dəymiş ziyanın 5 000 manatını qaytarmağı təklif etsə də, qarşı tərəf vəsaitin tam ödənilməsini tələb edib.
Məhkəmədə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi 2017-ci ildən tanıyır və bundan əvvəl də ondan bir neçə dəfə tur paketi alıb. Ailəsi və dostları ilə birlikdə Türkiyəyə getmək qərarına gəldikdən sonra yenidən ona müraciət edib.
Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxs həmin vaxt Alanyada olduğunu və onlayn qaydada tur təşkil edə biləcəyini bildirib. Bundan sonra müxtəlif tarixlərdə ona ümumilikdə 8 628 manat pul göndərilib. Lakin vəd edilən tur təşkil olunmayıb və ödənilən vəsait geri qaytarılmayıb.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Məhkəmə həmçinin həbsdə saxlanıldığı ümumilikdə 6 ay 16 gün müddətini təyin edilmiş cəzadan çıxıb və onun üzərində qəti olaraq 1 il 4 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər