İngiltərənin "Vest Hem" klubunun əfsanəvi çex qapıçısı Ludek Mikloşko xərçəng xəstəliyi ilə üç il davam edən mübarizədən sonra 64 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, 2024-cü ilin dekabrında müalicəsini dayandıran Mikloşko bundan bir neçə gün əvvəl azarkeşlərlə vidalaşmışdı. O, “Vest Hem”in Premyer Liqada “Liverpul”a qarşı keçirdiyi oyunu izləmək üçün London stadionuna qayıdıb və azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Tribunalar uzun müddət onun adını səsləndirib.
“Vest Hem”dən açıqlama
Klub rəsmi açıqlamasında Mikloşkonun vəfatından dərin kədər hissi keçirdiyini bildirib.
"Vest Hem" klubu əfsanəvi keçmiş qapıçısı və məşqçisi Ludek Mikloşkonu dərin kədər və hüznlə yad edir. Rahat uyu, Ludek, sevilən və ilham verən qapıçımız, gözəl qəlbli böyük insan”, deyə açıqlamada bildirilir.
"Vest Hem”də 400-ə yaxın oyun
Mikloşko 1990-1998-ci illərdə “Vest Hem”in formasını geyinib və klubda təxminən 400 oyuna çıxıb. O, azarkeşlərin ən sevimli futbolçularından birinə çevrilib. Karyerasının sonrakı mərhələsində isə qapıçılar üzrə məşqçi kimi kluba qayıdıb.
Mikloşko ilk tam mövsümü olan 1990/91-də “Vest Hem”in Birinci Diviziona yüksəlməsinə kömək edib. Komanda həmin mövsüm İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib, Mikloşko isə klubun ilin futbolçusu seçilib.
Lakin onun adını İngiltərə futbolu tarixinə həkk edən əsas hadisələrdən biri 1994/95 mövsümünün son turunda baş verib. Mikloşko “Mançester Yunayted”ə qarşı keçirdiyi oyunda inamlı çıxış edib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticə “Mançester Yunayted”in çempionluğuna mane olub və “Blebern Rovers” titul qazanıb.
Mikloşkonun “Vest Hem”lə əlaqəsi karyerasını başa vurduqdan sonra da davam edib. Klub 2023-cü ildə Praqada UEFA Konfrans Liqasının qalibi olanda Mikloşko da komandanın yanında olub. Finaldan əvvəl keçirilən yürüş zamanı azarkeşlər onu alqışlarla qarşılayıblar.
Mikloşkonun xatirəsi anılacaq
“Vest Hem” çərşənbə axşamı Liqa Kubokunun üçüncü turunda “Fulhem”ə qarşı keçirəcəyi oyun öncəsi Mikloşkonun xatirəsinə matəm mərasimi təşkil edəcəyini açıqlayıb. Klub həmçinin oktyabrın 9-da İngiltərə Çempionatında “Queens Park Rangers”ə qarşı keçirəcəyi oyunu da onun xatirəsinə həsr edəcək.
Mikloşko 1998-2001-ci illərdə “Queens Park Rangers”in formasında 57 matçda çıxış edib və daha sonra futbolçu karyerasını başa vurub.
Mikloşkonun oğlu Martin atasının vəfatı ilə bağlı açıqlamasında onun “Vest Hem”ə bağlılığından danışıb: “Qəlbimizi parçalayan hüzn içində atam Ludek Mikloşkonun xərçəng xəstəliyinə qarşı cəsarətli mübarizədən sonra vəfat etdiyini bildiririk. Atam “Vest Hem”ə böyük ehtirasla bağlı idi, xüsusilə də hər oyunda adının qürur və fəxrlə səsləndirilməsini eşitməyi çox sevirdi. Klub və azarkeşləri ailəmizin bir hissəsi idi və həmişə belə olaraq qalacaq. Buna görə hər birinizə qəlbimizin dərinliklərindən təşəkkür edirik".
Mikloşko beynəlxalq karyerasında Çexoslovakiya və Çexiya milli komandalarının heyətində 42 oyun keçirib. O, İngiltərəyə köçməzdən əvvəl karyerasına başladığı “Banik Ostrava” klubunda idman bölməsinin rəhbəri kimi də fəaliyyət göstərib.
Aydın
Şərhlər