Yeni tədris ilində Bakıda XI siniflərdə təhsil alacaq şagirdlərin sayında ötən illə müqayisədə 12,4 faiz artım gözlənilir. XII siniflərdə isə əksinə, şagird sayının 20,2 faiz azalacağı proqnozlaşdırılır.
Qaynarinfo-nun məlumatına görə, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində XI sinifdə 39 479 şagirdin təhsil alacağı gözlənilir. Ötən tədris ilində XI siniflər üzrə bu göstərici 35 134 nəfər olub.
XII siniflərdə isə əks mənzərə müşahidə olunur. Yeni tədris ilində bu sinifdə 99 şagirdin təhsil alacağı gözlənilir. Ötən il XII siniflər üzrə şagird sayı 124 nəfər olub. Bu isə XII siniflərdə şagirdlərin sayının 25 nəfər və ya 20,2 faiz azalacağı deməkdir.
Qeyd edək ki, ümumilikdə, yeni tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 504 413 şagirdin təhsil alacağı gözlənilir. Ötən il bu göstərici 505 766 nəfər olub. Bu, paytaxt məktəblərində ümumi şagird sayının 1 353 nəfər azalması deməkdir.
Siniflər üzrə digər göstəricilərə görə, yeni tədris ilində I sinifdə 39 999, IX sinifdə isə 49 167 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ötən il bu rəqəmlər müvafiq olaraq 39 622 və 47 438 nəfər olub.
Məktəbəhazırlıq qruplarında da azalma gözlənilir. Yeni tədris ilində bu qruplara 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur. Ötən il isə bu göstərici 21 491 nəfər olub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin sayının isə artacağı bildirilir. Yeni tədris ilində məktəblərdə 29 715 müəllimin çalışacağı gözlənilir. Ötən il bu rəqəm 28 127 nəfər olub.
Qeyd edək ki, ötən illə müqayisədə bu il BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin sayı da 673-dən 729-a yüksəlib. Məktəbdənkənar fəaliyyət göstərən müəssisələrin isə sayı olduğu kimi qalıb.
Günay İlqarqızı
Şərhlər