Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğundakı tarixi evlərin bərpası üçün 627 min manatlıq sifariş verilib.
Qaynarinfo xəbər verir ki, Dövlət Turizm Agentliyi bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalibi “Qara Qaya” MMC seçilib.
Bərpa işlərinə görə şirkətə 627 892,77 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-dir. MMC-nin qanuni təmsilçisi Aydın Əliyar oğlu Əliyarovdur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında əlavə məlumatlara rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalında aparılan araşdırmaya görə, “Qara Qaya” MMC satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət 2024-2026-cı illərdə dövlət qurumlarından ümumilikdə 1 971 616,44 manatlıq sifariş alıb.
“Qara Qaya” MMC vaxtaşırı Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin də qalibi seçilib. İcra hakimiyyətinin təmir-tikinti işləri ilə bağlı sifarişləri əsasən bu şirkətə verməsi şirkətlə qurum arasında mümkün əlaqələrlə bağlı suallar yaradıb.
Bəzi iddialara görə, “Qara Qaya” MMC Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun nəzarətində olan şirkətlərdən biridir. Bu iddia ilə bağlı açıq mənbələrdə təsdiqlənmiş məlumat təqdim edilmir.
Seyid
Şərhlər