Azərbaycanda 2015-ci il üçün hədəf kimi müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycanda həyata keçirilmiş məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb, büdcə kəsirinin ÜDM nisbəti 1 faizi keçməyib: "Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti 1995-ci ildən bu günədək ölkə iqtisadiyyyatına 144,4 milyard dollar həcmində investisiya qoyulmasını təmin edib".
Onun sözlərinə görə, ümumilikdə son 10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə, daxili investisiyalar isə 22,1 dəfə artıb: "Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, əgər 2002-ci ildə ölkədə yoxsulluq səviyyəsi 46,7% təşkil edirdisə, 2012-ci ildə bu göstərici 6% təşkil etmişdi. Bununla da 2015-ci il üçün hədəf kimi müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub".
Ş.Mustafayev bildirib ki, "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində sahibkarlığın inkişafına geniş imkanlar yaratmaq, biznes mühütinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi əsas istiqamətlərdəndir:
"Ölkədə yaradılan iş yerlərinin sayı son 10 ildə 1 100 mini keçib, o cümlədən regionlarda 869 min yeni iş yeri yaradılıb ki, bununla da ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2 faizə qədər enib".
Qaynar.info
Şərhlər