Siyasət 13:26 23.06.2021

İran Azərbaycan ərazisinə qanunsuz müdaxilə edir? (ŞƏRH)

"Azərbaycan Xarici İşlər naziri bu məsləyə münasibət bildirməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan sosial şəbəkələrdə İrandan Ermənistana keçmiş ağırtonnajlı yük avtomobillərinin Xankəndiyə doğru hərəkətini əks etdirən görüntülərə aydınlıq gətirərkən deyib. Politoloq ortada bir faktın olduğunu vurğulayıb:

"Atəşkəsdən sonrakı dövrdə İranın Qarabağda, Azərbaycanın işğaldan təmizlənən ərazilərində, yaxud Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində İranın Azərbaycandan icazəsiz fəaliyyəti mümkün deyil. İran əgər Xankəndiyə bir çöp belə aparsa, onun üçün Azərbaycandan icazə istəməlidir. Bütün bunların hər biri Rusiya sülhməramlılarının  və Azərbaycanın, Ermənistan hakimiyyətinin, üç tərəfin koordinasıyası və icazəsi ilə gerçəkləşməlidir. Əks halda bu, İranın Azərbaycan ərazisinə müdaxiləsi və orada qanunsuz fəaliyyət göstərməsidir. Ona görə hesab edirəm ki, İranın yük maşınlarının, yanacaq sistemlərinin Xankəndiyə, Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan başqa bölgələrinə daxil olması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin münasibəti öyrənilməlidir”.
 
 

Sədrəddin Soltan qeyd edib ki, əgər bu münasibət yoxdursa, deməli, İran Azərbaycan ərazisinə qanunsuz müdaxilə edir:

"Əvvəllər də qeyd eləmişik ki, İran Qarabağda Ermənistanla Rusiyanın dəstəyi, icazəsi ilə fəaliyyət göstərir. Bu isə Azərbaycana münasibətdə normaların pozulmasıdır. Əvvəllər də İran işğal və müharibə gedən dövrlərdə işğalçıya və separatçılara xeyli yardımlar edib. Yəni bu ləkəni İran hakimiyyəti uzun illər silə bilməyəcək. Bu ləkəni silə bilmədiyi halda yenidən Azərbaycan ərazisinə qanunsuz olaraq müdaxiləsi İran tərəfindən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara və görüntülərə əsasən iyunun 19-u, günorta İrandan Ermənistana keçmiş ağırtonnajlı yük avtomobilləri yenə Xankəndiyə doğru hərəkət edib.

Bahar Rüstəmli