Xəbər lenti

Dünya 11:25 02.03.2026

"İran şəxsləri qurban verib, sistemi qoruyur" (MÜSAHİBƏ)

İranda son günlər baş verən hadisələr və Ali Rəhbərin öldürülməsi ilə bağlı müzakirələr təkcə bir siyasi liderin taleyi üzərində qurulmur. Sual daha dərindir: bu hadisə rejimin ideoloji dayaqlarını sarsıdacaqmı, yoxsa sistem özünü yenidən təşkil edərək daha sərt və daha mobilizə olunmuş formada davam edəcək? Bu suala cavab vermək üçün ilk növbədə İranın özünəməxsus idarəetmə modelini anlamaq lazımdır. 1979-cu il inqilabından sonra qurulan sistem nə tam klassik respublikadır, nə də sırf teokratik rejim. Bir tərəfdə parlament, prezident və yerli idarəetmə strukturları ilə respublika institutları, digər tərəfdə isə şəriət prinsipləri, Ali Dini Lider institutu və dini nəzarət mexanizmləri mövcuddur. Bu ikili model təsadüfi deyil – o, ideoloji əsaslara söykənən, amma institusional davamlılıq üçün çoxqatlı mexanizmlər yaradan bir konstruksiyadır. İndi hamını bir sual düşündürür – bundan sonra İranın taleyi necə olacaq?

Şərqşünas-alim, konfliktoloq Azər Hüseynov Qaynarinfo-nun suallarını cavablandırır.
 
"Ali Dini Liderin ölümü miqyas etibarilə İran üçün yeni haldır, amma mahiyyət etibarilə yeni deyil. Ona görə də bu hadisə ideoloji sistemin yenidən "yüklənməsi” üçün müəyyən mənada avantaj oldu. Necə? Çünki Ayətullah Xamenei ideoloji baxımdan təqdimata uyğun formada öldürüldü: Ramazan ayında, İranın düşmənləri tərəfindən, iş başında və ailəsi ilə birlikdə" 


- İranda son günlər baş verən hadisələr və Ali Rəhbərin öldürülməsi rejimin ideoloji dayaqlarını zəiflədəcək, yoxsa sistem özünü qorumağı bacaracaq?

- İranla bağlı yaranmış suallara cavab vermək üçün üç məsələni xüsusilə bilmək lazımdır. Birincisi, İranın idarə olunma alqoritmləri, daha sonra  siyasi islamçılıq və nəhayət, şiəlik məzhəbinə əsaslanan ideoloji məsələlər. Təəssüf ki, ölkəmizdə bu üç məsələdən o qədər də agah olmayan insanlar tərəfindən də İranla bağlı analizlərin verilməsinə şahid oluruq. 1979-cu il inqilabından sonra İranda spesifik bir siyasi sistem  yarandı. Bir tərəfdən Avropa siyasi sisteminin məhsulu olan respublika  idarəetməsi mövcuddur – bütün parametrləri ilə, yəni parlamenti, prezidenti, yerli idarəetmə orqanları ilə. Amma digər tərəfdən şəriət  qanunları, Ali Dini Lider, Şurayi-Xobreqan və digər dini təsisatlarla idarə olunan bir ölkə görürük. İran İslam Respublikası yarandığı zaman onun idarə forması ilə bağlı İran cəmiyyəti daxilində müxalifət təkcə sekulyar kəsim deyildi. Eyni zamanda bir sıra din xadimləri – Ayətullah Taleqani, Ayətullah Müntəziri müəyyən məqamlarda dövlətin qurucusu olan Ayətullah Xomeyni ilə razı deyildilər. Onlar din xadimlərinin birbaşa idarəçiliyini doğru hesab etmirdilər. Lakin Xomeyni xətti qalib gəldi. Təbii ki, İranda yeni hakimiyyətin qurulması ilk növbədə ABŞ və İsrailin maraqlarına uyğun deyildi. İranla bu dövlətlər arasında yeni münasibətlər dövrü başladı. İran öz proksi qüvvələri ilə Yaxın Şərqdə ABŞ və İsrail üçün problem yaratmağa başladı. Bu dövr ərzində İranın dövlət başçılarına qarşı sui-qəsdlər və onların aradan götürülməsi halları çox olub. Yəni siyasi elitanın ölüm halları İran üçün yeni məsələ deyil. Təbii ki, Ali Dini Liderin ölümü miqyas etibarilə İran üçün yeni haldır, amma mahiyyət etibarilə yeni deyil. Ona görə də bu hadisə ideoloji sistemin yenidən "yüklənməsi” üçün müəyyən mənada avantaj oldu. Necə? Çünki Ayətullah Xamenei ideoloji baxımdan təqdimata uyğun formada öldürüldü: Ramazan ayında, İranın düşmənləri tərəfindən, iş başında və ailəsi ilə birlikdə. Onun ölümü bütün kriteriyaları ilə İmam Hüseynin və ailəsinin ölümü ilə müqayisə edilə biləcək simvolik çərçivəyə salına bilər. Unutmaq lazım deyil ki, İran hakimiyyəti dini hakimiyyətdir. Bütün bu məqamlar ideoloji təbliğatda geniş istifadə ediləcək. Sistem bundan özünü qorumaq və yenidən qurmaq üçün istifadə edəcək. Bilirsiniz, əşyanın bir təbiəti var: xarici müdaxilə hər zaman mühafizəkarlığı artırır. Dünyanın ən sərt və milyonlarla insanın ölümünə səbəb olmuş diktatorlarından biri Stalin idi. Amma nə qəribədir ki, 1941–45-ci illər müharibəsi cəmi bir neçə il əvvəl baş vermiş repressiyaları sovet xalqına sanki unutdurdu. Yaxınları düşərgələrdə olan sovet vətəndaşları belə alman müdaxiləsinə qarşı Stalinin yanında yer aldılar. Bu baxımdan istənilən xarici müdaxilə əksinə olaraq liberal düşüncəni zəiflədir. Digər məsələ isə budur ki, İran siyasi hakimiyyəti laylı prinsiplə işləyir. Üzdə olan şəxslər artıq öldürülə biləcəklərini ehtimal edirlər. Nə üçün? Çünki bilirlər ki, ABŞ və İsrail onları sevmir və açıq şəkildə məhv ediləcəklərini bildirirlər. Bununla da İran siyasi sistemi alt sistemlərin işləkliyini təmin etmək üçün bütün diqqəti üzdə olan rəhbərlərə yönəldir və zaman-zaman onları qurban verir. Maraqlı deyilmi ki, üzdə olan üst eşelon siyasi liderləri və hərbçiləri öldürülmüş bir ölkə özü üçün legitim saydığı hədəfləri vurmağa davam edir?

- Yeni Ali Rəhbərin seçimini həyata keçirəcək Ekspertlər Şurası müstəqil qərar verəcək, yoxsa proses əvvəlcədən müəyyənləşdirilib?

- Bu sualın cavabı əvvəlki cavabla bağlıdır. Məndən soruşulduğu zaman belə deyərdim ki, İran siyasi sisteminin böhran zamanı işləyən ehtiyat, laylı idarəetmə mexanizmi vardır. Hər halda, bu gün gələnlər belə öldürülsə, onları əvəz edəcək şəxslərin siyahısı artıq, bəlkə də, hazırdır. Təbii ki, İranda mövcud siyasi sistem tamamilə ortadan qalxarsa, məsələ dəyişər. Texniki baxımdan belə bir sistemi intensiv bombardman dövrünə buraxmaq iranlılar üçün, əlbəttə, ağıllı hərəkət olmaz. Məsələ məhz bundadır. Bunu bilməyimiz lazımdır. Mən baxıram, bizdə demək olar ki, heç bir ekspert məsələnin bu tərəfinə diqqət yetirmir. Digər məsələ isə budur ki, yeni siyasi elita nə qədər işlək olacaq və hansı yolu seçəcək? Bunu zamanla görə biləcəyik. ABŞ və İsrailə, eləcə də ərəb monarxiyalarına qarşı dişə-diş cavab verəcək, yoxsa dialoq yolunu seçəcək?

- İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hakimiyyət tranzitində həlledici rol oynayacaqmı? İran faktiki olaraq hərbi-siyasi rejiməmi çevrilir?

- Onların proseslərə təsiri davam edəcək. Hətta zaman-zaman daha da güclənəcək. Bunu necə əsaslandıracaqlar? Deyəcəklər ki, xarici təhlükə var. Belə hallarda hətta çox demokratik hesab edilən ölkələr belə müəyyən məhdudiyyətlər tətbiq edirlər. Məsələn, İsrail Yaxın Şərqin yeganə demokratiyası hesab edilir. Nə üçün? Çünki burada seçkilər keçirilir, hakimiyyətin formalaşması seçkilərə bağlıdır. Müxalif mətbuat var. Hətta pasifistlər və müharibə əleyhdarları fəaliyyət göstərir. Bundan əlavə, cinsi azlıqların hüquqlarının təmin edildiyi Yaxın Şərqdə nadir ölkələrdən biridir. Bir sözlə, Qərb demokratiyasının əsas elementləri İsrail dövləti daxilində mövcuddur. Amma müharibə zamanı İsrail dövləti bir sıra məsələlərdə ciddi məhdudiyyətlər qoya bilir və qoyur da. Bunu isə zərurətlə əsaslandırır. SEPAH da deyəcək ki, "mənsiz olmaz, mən buradayam”. Bir məsələni də qeyd edim: İran onsuz da siyasi təbiəti etibarilə hərbi-siyasi rejimdir. Bu model daha da sərtləşə bilər. Ancaq müharibə dayanarsa, ölkə daxilində müəyyən yumşalmalar da ola bilər. Lakin bu yumşalmalar daha çox iqtisadi xarakter daşıya bilər.

- 40 günlük matəm – dini ənənənin davamıdır, yoxsa ictimai narazılığı nəzarətdə saxlamaq üçün siyasi taktika?

- Hər ikisidir. İctimai narazılıq isə artıq minimuma enəcək. Buna əvvəl də cavab vermişdim. Bir daha vurğulayıram: xarici müdaxilə bütün hakimiyyətləri, mahiyyətindən asılı olmayaraq, gücləndirir — əgər xarici əsgərin ayağı həmin əraziyə dəymirsə. Səddam nümunəsində olduğu kimi-xalq birləşir. Havadan nə qədər vurursan vur, sən yerə enmədikcə və rəqibin sistemi işləməyə davam etdiyi müddətdə onu daha da gücləndirirsən. Lakin yerə ensən və sistemi tamamilə sıradan çıxarsan, bu artıq başqa məsələdir.

-  Bu hadisə İran daxilində islahatçı qüvvələrin güclənməsi üçün fürsət yaradacaq, yoxsa mühafizəkar xətt daha da sərtləşəcək?

-  İslahatçı qüvvələr artıq ciddi şəkildə sosial dayaqlarını itiriblər. Müharibə dayanarsa, islahatçılar müəyyən qədər güclənə bilərlər. 
 


- Region üçün nə dəyişəcək? İranın Cənubi Qafqaz siyasətində yeni kurs mümkündürmü?

- Burada xüsusilə bir məsələni vurğulamaq istəyirəm. Azərbaycanın siyasi mövqeyi olduqca aydın oldu. Bizim ərazimiz heç bir üçüncü ölkə üçün poliqon ola bilməz. Daha sonra dövlət başçısı İlham Əliyev Ayətullah Xameneinin ölümü ilə bağlı başsağlığı verdi. Bunlar ciddi diplomatik addımlardır. Düşünürəm ki, İran tərəfi də sağduyulu olsa, gələcəkdə bütün bunları qiymətləndirməlidir. Cənubi Qafqazda düzgün siyasət Azərbaycanla düzgün münasibətlərdən asılıdır. Pezeşkianın açıqlamaları müəyyən qədər ümid yaranmasına əsas verir. Amma proses hələ qabaqdadır. Zənnimcə, İran Türkiyə və Azərbaycanla yaxınlaşmağa çalışmalıdır. Çünki ərəb monarxiyaları ilə münasibətləri İsraillə münasibətlərindən o qədər də fərqlənmir.

- ABŞ və Qərblə münasibətlərdə yumşalma ehtimalı varmı, yoxsa "müqavimət oxu” siyasəti davam edəcək?

- Tramp olduğu müddətdə düşünmürəm. Çünki Tramp İranın simvolunun ölümünə fərman verdi. Tramp sonrası əlbəttə yumşalma ehtimalı vardır. Çünki ABŞ daxilində də İrana müdaxilə birmənalı qarşılanmadı. Bəziləri bunu daxili problemlərdən qaçış kimi qiymətləndirdi. 

- İranın parçalanması realdırmı?

- Düşünmürəm. Çünki İran İraq və ya Suriya deyil. Onun mədəni və tarixi kodları daha dərindir. İranda uzaqbaşı Qərb və İsrail bütün resurslarını işə salsa, rejimi dəyişə bilər. Amma nə qədər qəribə olsa da, aktiv hərbi metodlar rejimi daha da gücləndirir. Yenə deyirəm, yalnız bir halda bu mümkündür: yerüstü əməliyyat olarsa. Bir də sual yaranır- necə oldu ki, İranın bütün siyasi elitası bu qədər tez öldürüldü? Burada cavabım budur ki, İran siyasi sistemi onları məhz ölmək üçün seçir, diqqəti şəxslərə yönəldir və mexanizmləri qoruyur. Çünki ABŞ və İsrailin texnoloji və maliyyə üstünlüyü fonunda şəxsləri tam şəkildə qorumaq mümkün deyil. Amma şəxsləri qurban verərək sistemi qorumaq mümkündür.

Qaynarinfo-nun siyasət şöbəsi
--> -->