İranda benzinin bahalaşmasına qarşı keçirilmiş aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin atəş açaraq qətlə yetirdiyi 18 yaşdan kiçik uşaqların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Qaynarinfo GünAz TV-yə istinadən xəbər verir ki, İran rəsmilərin etirazlarda öldürülənlərlə bağlı dəqiq rəqəm açıqlamasa da, insan haqları fəallarının qətlə yetirilənlərin ailələri və yaxınlarına istinadən yaydıqları məlumata görə, nümayişlər zamanı azı 20-dən çox uşaq təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
Fəallar öldürülən 18 uşağın kimliyini müəyyənləşdirə biliblər. Uşaqlardan 8-i Xuzistan, qalanları isə hərəsində 2 nəfər olmaqla, Kürdistan, Kirmanşah, İsfahan, Tehran və Əlburz əyalətləri sakinləridir.
Qeyd etmək lazımdır ki, dekabrın 2-də İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Pərvanə Sələhşuri etirazlar zamanı dəqiq rəqəmləri dilə gətirmədən, bir neçə 18 yaşdan kiçik uşağın öldürülməsi faktını təsdiqləmişdi.
Şərhlər