Xəbər lenti

İranda iki azərbaycanlı həbs edildi
Dünya 11:06 27.05.2013

İranda iki azərbaycanlı həbs edildi

İranda tanınmış azərbaycanlı fəal yenidən həbs edilib. 

APA-nın HRAZ-a istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mehdi Kuxiyanı mayın 25-də Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) şəhərində öz evində tutublar.

Mənzildə axtarış aparıldığı, azərbaycanlı fəala məxsus noutbuk, mobil telefon, kitablar və bir sıra şəxsi əşyaların müsadirə edildiyi bildirilir. Xəbərdə həmçinin M.Kuxiyanın həbs zamanı ETTELAAT əməkdaşları tərəfindən döyüldüyü vurğulanır.

“Araznews”un məlumatına görə, azərbaycanlı fəalın son zamanlar “facebook”da açıq şəkildə fəaliyyət göstərdiyinə, şəhərin mərkəzi xiyabanındakı körpüdən “Urmiya gölü quruyur” plakatı asdığına və həmin şəkli öz səhifəsində yaydığına görə tutulduğu bildirilir.

Qeyd edək ki, M.Kuxiyan Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikkəndi şəhərində ETTELAAT əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı fəal aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Marağa İnqilab Məhkəməsi M.Kuxiyana 1 il həbs cəzası verib. Azərbaycanlı fəal hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb.

Bundan əlavə, İranda daha bir tanınmış fəal həbs edilib. “Oyannews”un məlumatına görə, Mehdi (Elman) Nuri bir həftə bundan əvvəl tutulmasına baxmayaraq, xəbər yeni yayılıb. Belə ki, azərbaycanlı fəal mayın 25-də evlərinə zəng açaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasında təkadamlıq kamerada saxlanıldığını bildirərək bəzi dərmanları istəyib. Xəbərdə qeyd olunur ki, ETTELAAT əməkdaşları M.Nurini həbs etmək üçün bir neçə dəfə onun ata evinə gediblər, mənzildə axtarış aparılıb və azərbaycanlı fəala məxsus bir sıra şəxsi əşyalar müsadirə edilib. Məlumatda həmçinin vurğulanır ki, ETTELAAT əməkdaşlarının azərbaycanlı fəalın ata evinə qəfil basqın etməsi və kobud davranışlarından dolayı qardaşının hamilə olan yoldaşı qorxudan və keçirdiyi psixoloji travmadan uşağını düşürüb. Hazırda M.Nurinin nədə günahlandırıldığı məlum deyil. Müstəntiq də ailənin bununla bağlı müraciətini cavabsız qoyub.

Qeyd edək ki, M.Nuri 2006-cı ilin mayında tutulub və 2 il həbs cəzası çəkib. Eyni zamanda M.Nuri 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən ETTELAAT əməkdaşları tərəfindən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. Bundan sonra azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 24 ay azadlıqdan məhrum edilib. Ancaq Apellyasiya Məhkəməsi daha sonra M.Nuri barəsində bəraət hökmü çıxarıb. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->