Xəbər lenti

İrandakı müharibə yolları
Dünya 18:46 28.04.2026

İrandakı müharibə yolları "öldürə" bilər: Dünya mühüm problemlə üzləşir

Hindistanın baş naziri Narendra Modinin yol tikintisi proqramı ciddi fasilələr və gecikmələrlə üzləşir. Buna səbəb ABŞ–İsrail–İran münaqişəsi fonunda Fars körfəzi ölkələrindən bitum tədarükünün pozulmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Fars körfəzi ölkələrindən bitum ixracının dayanması İtaliyadan Avstraliyaya qədər bir çox ölkədə narahatlıq yaradıb. Material çatışmazlığı xərcləri artırır və yollardakı çuxurlarla mübarizəni çətinləşdirir.

Cənubi Koreyada yerli hakimiyyət orqanları yol tikintisinin sürətini azaldır. Yerli mediaya görə, asfalt-beton təchizatında fasilələr və qiymət artımı səbəbindən bir sıra layihələr, o cümlədən İnçxon şəhərində 3 km-lik "Sindо Pıs” körpüsünün tikintisi təxirə salınıb.

İtaliyada isə podratçı şirkətlər xərclərin artması ilə bağlı yerli hökumətlərə müraciət edərək müqavilə şərtlərinin yenidən baxılmasını tələb edirlər. Turin meri Stefano Lo Russo bildirib ki, tikinti materiallarının, xüsusilə polad və bitumun bahalaşması biznesə ciddi təzyiq göstərir.

Ən kəskin vəziyyət Hindistanda müşahidə olunur. Ölkə hökuməti gündə 100 km magistral yol tikməyi hədəfləyir. Hazırda Hindistan bitumun təxminən 40%-ni idxal edir və onun demək olar hamısını Fars körfəzi ölkələrindən alır. "India Ratings and Research” analitikləri dövlət və regional yol layihələrində gecikmə və xərclərin artacağı barədə xəbərdarlıq edib.

"Kpler” şirkətinin məlumatına görə, Fars körfəzi limanlarından Hindistana bitum ixracı mart ayında ötən ilin eyni dövründəki 32 min tondan 7 min tona düşüb. Hindistan Milli Avtomobil Yolları Tikintisi Federasiyası isə bəzi kiçik şirkətlərin planlaşdırılmış 10 yük maşınından yalnız 2-ni ala bildiyini bildirib.

Fars körfəzi ölkələrindən tədarükün kəskin azalması Hindistan iqtisadiyyatının Hörmüz boğazı vasitəsilə tədarük zəncirindən asılılığını bir daha ortaya çıxarıb.

"India Ratings and Research” hesablamalarına görə, dövlət-özəl tərəfdaşlıq layihələrində bitum işlərinin payı ümumi xərclərin 8–12%-ni təşkil edir.

Fevral ayından bəri bu proqramlarda istifadə olunan bitumun qiyməti bəzi hallarda 50%-dən çox artıb. Nəticədə Qoa, Kerala və Racastan kimi ştatlarda yol tikintisi dayandırılıb və ya gecikdirilib.

Aydın

--> -->