İraqda son günlər baş verənləri məzhəbdaxili proses kimi qiymətləndirmək yanlış olardı. İŞID və digər radikal təşkilatlar yaradılan zaman çoxları bunu düzgün dəyərləndirə bilmədi və nəticədə Yaxın Şərqi bu günə qədər davam edən qanlı toqquşmalar öz ağuşuna aldı.
O zaman daha çox sünni məzhəblərinə daxil qruplaşmalar arasında çatışma gedirdi və Suriyadakı prosesləri nəzərə almasaq, İran bu ağır və qanlı toqquşmalardan nisbətən salamat çıxa bildi. Son günlər şiə qruplaşmaları arasında baş verənlər onu deməyə əsas verir ki, prosesi İranın daxilinə daşımaq üçün plan hazırdır. Hədəfdə Vilayəti–Fəqih institutudur və bu plana görə, İran ruhaniləri parçalanmalı, silahlı toqquşmalara əl atmalıdırlar. Artıq senari işə düşüb və bölgəni yeni qanlı savaş gözləyir. Qərb ideoloqları radikal sünni qruplaşması olan "Taliban”ı gücləndirməklə yanaşı, radikal şiə qruplaşmalarını da gücləndirirlər. "İdarəolunan xaos” və "parçala, hökm sür” siyasəti saat mexanizmi kimi dəqiq işləyir. Məqsəd nədir? Bu suala cavab vermək üçün qarşıdurmada yer və rol alan fiqurlara diqqət etməyimiz lazım gəlir.
Basdıralan minalar partlayır
2003-cü ildə İraq ABŞ tərəfindən işğal edildi. Diktator Səddam Hüseyn devrildi. Xalq küçələrə axışıb, bunu bayram elədi. Lakin neftlə zəngin olan və önəmli coğrafiyaya malik İraqda daha neqativ hadisələr cərəyan etməyə başladı. Öncə onu xatırladaq ki, İraqda Livandakı siyasi sistemə bənzər bir forma tətbiq edildi. Siyasi hakimiyyət etnik və məzhəb qruplaşmaları arasında bölüşdürüldü. Buna əsasən, İraq prezidenti kürd əsilli, yəni kürd siyasi qüvvələrin namizədi, parlament sədri sünni (ərəb), hökumət rəhbəri – baş nazir isə şiə (ərəb) olmalı idi. Belə bir sistem işləyə bilməzdi və ölkədəki qarşıdurmanı daha da dərinləşdirməyə hesablanmışdı. Bu sistem etnik və məzhəb savaşını dərinləşdirməklə yanaşı, siyasi böhranı da dərinləşdirirdi. Təsadüfi deyil ki, 2005-ci ildən bu günə qədər İraqda keçirilən bütün seçkilərdən sonra hökumətin formalaşdırılması aylarla, bəzən bir ildən çox vaxt aparıb. İraqda sonuncu parlament seçkiləri ötən ilin oktyabrında keçirilib. Seçkilərin nəticələrinə əsasən, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi "Sədr Hərəkatı” 329 yerlik parlamentdə 54 mandat qazanaraq siyahı birincisi olub. Ancaq Sədr və tərəfdarları hökumət qurmaq üçün lazım olan parlament çoxluğunu qazana bilmədi. Nəticədə İraqda hələ də müvəqqəti Kazımi hökuməti davam edir.
Ayətullah Hairidən Əs Sədrə zərbə
İraqda yaşayan Ayətullah Seyid Kazım Hairinin siyasətdən çəkildiyini elan etməsi ərəb millətçisi kimi tanınan əs Sədrə böyük zərbə oldu. Əs Sədrlə yaxın olan Ayətullah Hairi Vilayəti Fəqih olan Ayətullah Xameneyini dəstəkləyirdi və bu, əs Sədri narazı salırdı. Hairinin məlum açıqlamasından bir qədər sonra əs-Sədr anladı ki, baş verən prosesləri idarə edə bilməyəcək və hətta şiələrin bir hissəsi ona qarşı çıxacaq. Proseslər dərinləşəndən və qan töküləndən sonra Əs Sədr də siyasətdən getdiyini açıqladı, lakin vətəndaş qarşıdurmasında 20-dək insanın ölümü ilə nəticələn hadisləri dayandırmaq mümkün olmadı. Hairinin siyasətdən getdiyini elan etməsi ilə Müqtəda Sədr iki böyük rəqiblə üz-üzə qaldı – ABŞ və Hairini müdafiə edən İran.
Müqtəda əs-Sədr: Ərəb millətçisi, yoxsa dini lider?
Mütəda əs-Sədr İraqın nüfuzlu din alimi, Ayətullah-üzma Məhəmməd Sadiq əs-Sədrin oğludur. Onun atası və babası Ayətullah üzma Məhəmməd Baqir əs Sədr Səddam Hüseyn rejiminə qarşı mübarizənin liderlərindən olub. Müqtəda əs Sədrin atası və babası Səddam Hüseyn rejimi tərəfindən qətlə yetirilib. Bundan sonra o, liderliyi ələ alıb. Müqtəda əs Sədr atası və babası kimi mərceyi-təqlid mənsəbinə yüksələ bilməyib. Bu, onun təhsilini yarımçıq qoyaraq Səddam Hüseyn rejiminə qarşı mübarizəyə qoşulması ilə izah edilir. Elmi potensialının İraqın Seyid Əli Sistani kimi nüfuzlu dini liderlərindən aşağı olmasına baxmayaraq, Müqtəda əs Sədr cəsarəti, eyni zamanda atası və babası kimi xeyriyyəçilik işləri ilə İraq şiələrinin rəğbətini qazana bilib. Müqtəda Sədr Səddam Hüseyn rejiminə qarşı mübarizədə İranın dəstəyindən faydalanıb. Bu baxımdan, o, İrana yaxın şəxs kimi xarakterizə edilib. Yeri gəlmişkən, onun babası Məhəmməd Baqir əs Sədr İran-İraq müharibəsində İran İslam inqilabının lideri Ruhulla Xomeyninin dəstəklədiyinə görə öldürülüb. Səddam Hüseyn devrildikdən sonra Müqtəda əs Sədrin İrana münasibəti dəyişib. 2006-cı ildə ona həbs təhlükəsi yarananda Tehran ona dəstək olmuşdu. Əs-Sədr İraqdan qaçaraq İrana sığınmış və bir müddət orada yaşamışdı. Lakin Səddam Hüseyn devrildikdən sonra İran rejimi ilə aralarında fikir ayrılığı yaranıb. Müqtəda əs-Sədr hesab edir ki, İraqın taleyini iraqlılar həll etməlidir. O, İranın şiə faktorundan istifadə edərək İraqın daxili işlərinə qarışmasının qəti əleyhinədir.
Müqtəda Sədr ərəb millətçisi kimi xarakterizə edilir. O, şiələrin lideri olsa da, Vilayəti-Fəqih nəzəriyyəsinə istinad edərək İranın orbitində olmağı qəbul etmir. Vilayəti-Fəqih nəzəriyəsi Ruhulla Xomeyninin şəriət hökuməti qurmağı əsaslandırmaq üçün irəli sürdüyü konsepsiyadır. Lakin bu nəzəriyyə bəzi nüfuzlu şiə din xadimləri tərəfindən qəbul edilmir. Hazırda İraqın ən nüfuzlu dini lideri hesab edilən Ayətullah-üzma Seyid Əli Sistani də bu nəzəriyyəyə qarşıdır. Vilayəti-Fəqih nəzəriyyəsi həm də dünya şiələrinin İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin ətrafında birləşməsini ehtiva edir. Çünki bu nəzəriyyəyə görə, hazırda məhz Xameneyi dünya şiələrinin lideri hesab olunur. Müqtəda əs-Sədrin Seyid Əli Sistani ilə də münasibətləri ürəkaçan deyil. Sistani əslən iranlı olmasına baxmayaraq, Tehranın siyasətini qəbul etməyən şəxslərdəndir. Bu baxımdan, İranın dini elitasında Sistaniyə münasibət heç də yaxşı deyil. Bu məsələdə Sistani ilə Sədrin mövqeləri üst-üstə düşsə də, birincinin liberal düşüncəli olması ikinci tərəfindən qəbul edilmir. Sistani Səddam Hüseyn rejimi dönəmində də susqunluğu ilə seçilib. Sədr ailəsi rejimə qarşı mübarizə aparanda Sistani susmağa üstünlük verib. Bu, həm də onun dini liderlərin siyasi proseslərə müdaxiləsinin əleyhinə olması kimi izah edilir. Sistani hesab edir ki, din siyasətdən ayrı olmalı, ruhanilər siyasətlə məşğul olmamalıdır.
"Şiə hilalı” – geosiyasi üstünlük uğrunda savaş
Misirin keçmiş prezidenti Hüsnü Mübarək 2006-cı ildə yerli televiziyalardan birində ərəb ölkələrini təhdid edən İran təhlükəsindən danışıb və şiə ərəbləri öz ölkələrindən çox İrana bağlı olmaqda suçlayıb. Beləcə, "Şiə hilalı” termini Yaxın Şərqdə ən çox müzakirə olunan məsələyə çevrilib. Maraqlıdır ki, İran rəsmilərinin dilə gətirdiyi bəzi ifadələr də bu tezisin mif olmadığını sübut edir. Ölkənin Yaxın Şərqlə ilgilənən əsas füqurlarından biri – general Qasim Süleymaninin 16 fevral 2014-cü ildə "Sarallah diviziyası”nın önündə etdiyi məşhur çıxışı İran rəsmilərinin bu mənada ən önəmli etiraflarındandır. Şiəliyin tarix boyu heç bir zaman öz siyasi iradəsini ortaya qoymaq məsələsində indiki qədər avantajlı durumda olmadığını bildirən general "Şiə hilalı” barədə fikirləri belə qiymətləndirib: "Şiə hilalı” siyasi deyil, iqtisadi platformadır. Dünyanın ən mühüm iqtisadi məsələsi neftdir. Biz bilirik ki, 3 ölkə – İran, İraq və Səudiyyə Ərəbistanı dünyanın ən zəngin neft ehtiyatlarına malikdirlər. Ərəbistan birinci, İran ikinci, İraq üçüncüdür. Dünyanın neft ehtiyatlarının, təqribən, 70 və ya 80 faizi şiə sakinli məntəqələrdədir. İraq nefti Bəsrə-Bağdad dəhlizində, Ərəbistan neftinin 80%-i şiələrin yaşadığı Dəmam, Qətif məntəqələrində yerləşir. İran isə aydındır”.
Şiələr azlıqdırmı?
Əhalisinin 60%-indən çoxunun şiə olduğu İraqda Səddam Hüseynə qədər sünni hakimiyyəti hökm sürdüyü kimi, şiə olan Əsəd rejimi də 65% sünni olan ölkəyə rəhbərlik edirdi və bu hegemonluğu indi də sürdürməyə çalışır. İraqın yaxınlığında yerləşən Bəhreyndə isə 75% şiə əhali sünni liderlər tərəfindən idarə olunur. Səudiyyə Ərəbistanında sələfilərin sayı 90-95 faizlə dominantlıq təşkil etsə də, 5-10% faizlik şiələrin məskunlaşdığı məkanlar ölkənin iqtisadi qaymağı sayılan coğrafiyalardır. Səudiyyənin əsas gəlir qaynağı hesab olan neftin, təxminən, 80 faizi şiə əhalinin yaşadığı regionun payına düşür. Bu da öz növbəsində şiə əhalinin rəsmi ideologiyaya qarşı mövqe tutmasına gətirib çıxarır və İordaniya kralının dediyi kimi, onları İranın təsir dairəsinə salır. Hadisələrin son zamanlar gərginləşdiyi Yəməndə şiəliyin bir qolu hesab olunan zeydilər əhalinin 35%-ni təşkil etsələr də, onların tarixən davam edən və sadəcə 1962-ci ildə ingilislər tərəfindən ortadan qaldırılan bir siyasi idarəçilik sistemləri olub. İmamət anlayışına söykənən bu siyasi idarəçilik sistemi müqəddəslik ehtiva etdiyindən, zeydiləri əski adətlərlə yönəlməyə təşviq edir. Digər ərəb ölkələri əhalisinin dini xarakterinə baxanda, şiə əhalisinin həqiqətən də problem yaradacaq sayda olduğu nəzərə çarpır – Küveytdə 24%, Birləşmiş Ərəb Əmirliklərində və Qətərdə 16%, Livanda 35%. Xüsusilə Livanda az olmalarına baxmayaraq, ölkədə hegemon gücə çevrilmək problemi artıq şiələrin xeyrinə həll olunub. 1980-cı illərdə yaşanan və 150 min adamın ölümüylə nəticələnən vətəndaş müharibəsini bitirən "Taif sazişi”ndən sonra "Hizbullah”dan başqa bütün hərbi birləşmələrin silahsızlaşdırılması buna münbit şərait yaradıb. İsrail-Livan arasında bağlanan bu müqaviləyə uymayan "Hizbullah” Livanın faktiki əsas silahlı qüvvəsinə, qeyri-rəsmi ordusuna və ölkənin söz sahibinə çevrilib.
Məsələyə bu aspektdən baxanda, Yaxın Şərqin ümumi mənzərəsində "şiə hilalı”nın iki uzantısını görə bilərik. Onlardan biri İrandan başlayıb İraq və Suriyanı keçərək Livana uzanır. ABŞ ordusunun İraqdan çəkilməsiylə bu qövsün şimal hissəsinin artıq tamamlandığı müşahidə olunur.
"Şiə hilal”ın digər hissəsi isə İraqın cənub-qərbindən Fars Körfəzi boyunca Ərəbistan yarımadasının cənubuna qədər uzanır. Son nöqtə isə Afrika qitəsinin səhrədində yerləşən Yəməndir. Yəmənin iranmeyilli qüvvələrin hegemonluğu altına düşməsi ərəb dövlətlərinin iqtisadi baxımdan tamamilə rəsmi Tehrandan asılılığını yarada bilər. Bu isə iqtisadi gücündən başqa heç nəyi olmayan ərəb əmirliklərinin, krallıqlarının sonu deməkdir.
Ərəblərin şiə neft qoxulu qorxusu
Dünya neft rezervlərinin, təxminən, 56.6%-i Yaxın Şərqin payına düşür və bu sərvətin dünya bazarına daşınmasının iki kilid nöqtəsi var. Bunlardan biri Hörmüz, digəri isə Bab ül-Məndəb boğazıdır. Dünya neftinin 40%-nin daşındığı Hörmüz boğazı əvvəldən İranın təsir dairəsində olub. Dünya neftinin, təxminən, 10 faizinin keçdiyi Bab ül-Məndəb boğazı da İranın təsir dairəsində olarsa, ərəblər yenidən ağır duruma düşə bilərlər. Qeyd edək ki, İran müxtəlif zamanlarda beynəlxalq təzyiqlərə qarşı Hörmüz boğazını bağlayacağını bildirərək özünü qorumaq istəyəndə, Səudiyyə Ərəbistanı dünya bazarında yaranacaq boşluğu Bab ül-Məndəb boğazı vasitəsilə təmin edəcəklərini açıqlayırdı. Yəməndə baş verən son hadisələr Səudiyyə krallığının bu imkanını da əlindən alır.
Kərbəla-Məşhəd rəqabəti
Şiələr arasında qarşıdurma ərəblərin və ingilislərin işinə yarayır. 12 imam şiəliyinin iki əsas məktəbi var. Bunlardan biri Nəcəfdə, digəri isə Qumda yerləşir. Hər iki məktəb şiə müqəddəslərinin məzarı üzərində qurulduğundan bu məktəbləri Kərbəla-Məşhəd rəqabəti də adlandıra bilərik. Şiəliyin ən qədim məktəbi, sözsüz ki, Nəcəfdə yerləşir. Bunun səbəbi Nəcəf məktəbinin İmam Hüseyn faciəsi üzərində qurulmasıdır. Kərbəladan sadəcə 80 km uzaqda yerləşən Nəcəf şiələri tarix boyu sünnilərlə iç-içə yaşayıb, bir çox hallarda onların təsiri altında olublar. İstər Abbasilər, istərsə də Osmanlılar dövründə sünnilərin çoxluq təşkil etdikləri imperiyanın coğrafiyasında yaşadıqlarından bu durum Nəcəf alimlərinin dini dünyagörüşündə də dərin iz buraxıb. Məhz bu səbəbdən də Nəcəf məktəbində mümkün olduğu qədər siyasətə qarışmamaq prinsipi mövcuddur.
Şiəliyi parçalayan Şirazi ailəsi
Radikal şiə qruplaşması kimi tanınan, üç xəlifəyə və bəzi səhabələrə qarşı barışmaz mövqe sərgiləyən Şirazi ailəsi İran ruhanilərinin əsas baş ağrısıdır. Ayətullah Xomeyninin vəfatından sonra Şirazi ailəsi yeni dini lider Xamneyi ilə açıq rəqabətə başlayıb. Vilayəti Fəqihlə bağlı mübahisə davam edərkən, Şirazilər ailəsinə aid olduğu iddia edilən onlarla televiziya və radio kanalı xaricdə İran administrasiyası və Xamneyi əleyhinə yayımlar təşkil edir. İranlı mühafizəkarlar Şirazi mediasını Böyük Britaniyadan dəstək almaqda ittiham edirlər.
Əl-Həbibin televiziyada etdiyi çıxışlardan birində Britaniya kraliçasının əhli-beytə inandığını iddia etməsi, onun İngiltərə ilə yaxın olması iddiasının güclənməsinə səbəb oldu. Lakin Şirazi ailəsi İranda da nüfuza malikdir. Bir sözlə, istər əs Sədr, istərsə də Şirazi ailəsi Tehran rejiminin qorxulu yuxusuna çevrilib. Qərb ideoloqları İslam Respublikasını elə şiələrin öz əli ilə yıxmaq istəyirlər. Göründüyü kimi, Cənubi Azərbaycan və İranın demokratikləşməsi müzakirə predmeti deyil. Məqsəd İranı Suriya kimi vətəndaş savaşına cəlb etməkdir. Bunun fəsadları qonşu ölkələrə, o cümlədən Azərbaycana da təsir edə bilər...
Azər Rəşidoğlu
Şərhlər